İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbədənkənar seçkiyə dair tövbədənkənar proqnozlar

 

Bildiyiniz kimi, özümə və oxucularıma söz vermişəm, Zirəddin nə qədər proqnoz verəcəksə, mən də o qədər bu cür yazılar yazıb, sübut etməyə çalışacam ki, həmvətənimiz, el dilində desək, əfsanə söhbətlər edir.

Budur ekstrasensimiz növbədənkənar seçkilər üçün öz dahiyanə proqnozlarını verib. Pah! Aləmdir.

Özü də bu dəfə ondan açıqlama alan sayt adamı təkcə ekstrasens kimi yox, həm də “klinik-psixoloq” kimi təqdim edib. Klinik-psixoloq o deməkdir ki, adam həm bakalavr, həm də magistr pillərində sırf psixologiya üzrə ali təhsil alıb və artıq həkim olaraq işləyə bilər. Zirəddin bu təhsili nə vaxt, harada alıb, bunu daha özü və pasiyentləri bilər.

Ancaq onun klinik-psixoloqluğunun parlament seçkilərinə dair verdiyi proqnoza o qədər də dəxli yoxdur. O, bu proqnozları əsl azərbaycanlı politoloq kimi verib.

Əslində öz ölkəmizdə nə ekstrasens, nə də klinik-psixoloq olmayan, hətta ölkədəki “kitayski” universitetlərdən birindən diplom almış politoloqlarımız seçkiyə dair daha dəqiq proqnoz verirlər. Bunlar seçiləcək deputatların adını çəkirlər, Zirəddin isə ümumi şəkildə 3 müxalifətçidən birinin mandat qazanacağını “görür”.

Söhbətə baxın, klinik-psixoloqumuz deyir: “Proqnozlarıma görə, bu dəfə Milli Məclis üçün 3 nəfər müxalifət düşərgəsindən mandat alan olacaq. 3 nəfərin şansı çox böyükdür, amma sonda onların arasından bir nəfərin əsl qalibiyyət əldə edəcəyini görürəm”.

Ad çək, eloğlu, ad çək. Konkret de, görək, kimi görürsən, o şansı böyük olan müxalifətçi kimdir. Necə olur ki, başqaları 6 müxalifətçini mandat alan yerdə görür, sən Moskvadan baxır, cəmi bir adam görürsən?

Yaxud başqa bir söhbət: “Əvvəlki illərdə olduğu kimi, bu il də deputat mandatı alanlar arasında YAP-ın namizədləri üstünlük təşkil edəcək, onların şansı çoxdur. Mən xalqın YAP-dan namizədliyini verəcək şəxsləri dəstəkləyəcəyini görürəm”.

Qardaş, bunu “görməyə” nə var? 31 ildir görə-görə gəlirik dəə. YAP-ın namizədlərinin əksərinin mandat alacağını bu ölkədə hamı “görür”. Görünən mandata bələdçi lazım deyil. “Xalqın YAP-dan namizədliyini verəcək şəxsləri dəstəkləməsi”nə gəlincə, əlbəttə, xalq dəstəyi vacibdir, amma əsas məsələ YAP-ın xalqdan olan namizədləri dəstəkləməsidir, bax, bunu “görmək” lazımdır. Hamı əndişəlidir, çünki bəzi dairələrdə bitərəf namizədlərin seçilməsi YAP-ın dəstəyindən asılıdır.

Ona görə də əminliklə demək olar ki, Zirəddin soydaş heç nə görüb eləmir, eləcə, Azərbaycan saytlarını oxuyur, növbədənkənar seçkinin gedişi ilə maraqlanır, hamının gördüyü şeyləri görür. Gözlənilən şeyləri görmək ekstra qabiliyyət deyil. Floridada qasırğa, Ərəbistanda qum fırtınası, Yaponiyada zəlzələ olacağını. İslandiyada vulkan püskürəcəyini “görmək” çətin deyil, oğul ona deyərəm ki, çıxa deyə ki, filan ayın filan günü Yaponiyada zəlzələ olmayacaq və olmaya. Yoxsa ilin 365 günü silkələnən Yaponiyada 366-cı gündə, yəni fevralın 29-da da zəlzələ olacağını söyləmək “sabah gün çıxacaq” demək kimi bir şeydir.

Seçkilər də onun kimi. Seçkidə kimlərin qalib olacağını demək fitri öncəgörənlik istedadı ilə bağlı deyil, analiz qabiliyyəti ilə bağlı məsələdir. Trampın sui-qəsdə məruz qalacağını öz ölkəsində, dünyada, o cümlədən bizim ölkəmizdə bir milyon doqquz yüz yetmiş səkkiz min adam öncədən demişdi. Bunu hətta Trampı qorumaq üçün dama çıxmış snayper Con da öncədən görmüşdü. O, tüfəngini Trampa tuşlayan oğlanı bir neçə dəqiqə əvvəldən görüb, rəisinə xəbər verib, rəis də deyib, tələsmə, görək, bu dəyyusun fikri nədir. Sonrasını da bilirsiniz.

İndi belə çıxır ki, Amerikada nə düz-əməlli ekstrasens var, nə də “lənət olası federallar” ayıq-sayıqdırlar.

Ona görə də gərək Zirəddən kimi mütəxəssislər gedib ABŞ-də işləsinlər. Allah tərəfi, o, ABŞ-nin daxili siyasətini də bilir, ən azı, Baydenin yaşının “bizim deputatların yaşından da 2 dəfə çox” olduğundan xəbərdardır.

Yeri gəlmişkən, klinik-psixoloq deyir: “Milli Məclisdə yaşlı adamların 25-30%-i qalacaq, qalanları gedəcək, mən bunu görürəm”.

Ay qardaş, o yaşlı adamlar artıq gediblər də, YAP-ın siyahısına salınmayıblar, namizədliklərini də verməyiblər. Yəni adamlar lotereya bileti almayıblarsa, necə maşın udacaqlar?

Biri onu qərib seyidin cəddinə and versin ki, o, siyasətə dair proqnozlar verməyə tövbə etsin, getsin, psixoloqa ehtiyacı olan pasiyentlərlə işləsin, pulunu qazansın.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR