İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbədənkənar iclasda büdcəyə dəyişikliklər müzakirə edildi

Maliyyə naziri deputatların tənqidi ilə razılaşmadı; ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürüləcək

6 iyunda Milli Məclisin növbədənkənar sessiyası spiker Sahibə Qafarovanın rəhbərliyi ilə keçirildi. Hökumət üzvlərinin də qatıldığı iclasda dövlət himninin səslənməsindən sonra gündəlikdəki məsələlərin müzakirəsi keçirildi.

İlk olaraq “2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə çıxışında bildirdi ki, ilkin proqnozlarda qlobal iqtisadi artımın təxminən 2,5%-3,0% ətrafında olacağı gözlənilsə də, 2023-cü ildə dərc edilmiş hesabatlara əsasən, bu göstəricinin təxminən 2,0-2,5% ətrafında olacağı nəzərdə tutulur.

Komitə rəhbəri qeyd etdi ki, neft qiymətlərində azalma tendensiyasının müşahidə edilməsi beynəlxalq təşkilatların bu xammal üzrə proqnozlarına düzəliş etmələrini şərtləndirib: “Belə ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, 2023-cü ildə orta illik neft qiymətinin ilkin versiyada 85,5 ABŞ dolları olacağı güman edilsə də, cari ilin aprel hesabatına əsasən bu göstəricinin 73,1 ABŞ dolları olacağı proqnoz edilir. BVF-lə yanaşı, Dünya Bankı da neftin qiymətinə dair proqnozunu 4 ABŞ dolları azaldaraq, 88 ABŞ dollarına endirib”.

Milli Məclisin iclasının vaxtı və gündəliyi məlum olub - 02.03.2022,  Sputnik Azərbaycan

Maliyyə naziri Samir Şərifov büdcə müzakirələri zamanı bildirdi ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon manat proqnozlaşdırılır. Nazirin sözlərinə görə, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat (9.8 faiz) çoxdur. “Dövlət büdcəsinin gəlirlərinin 52.5 faizi neft sektorunun, 47.5 faizi qeyri-neft sektorunun payına düşür". Maliyyə naziri deyib ki, qanun layihəsində 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon manat proqnozlaşdırılır: "Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat (9.8 faiz) çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 52.5 faizi neft sektorunun, 47.5 faizi qeyri-neft sektorunun payına düşür. Yeni büdcənin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır. Bu da təsdiqlənmiş göstəriciyə nisbətən 3 milyard 215 milyon manat (9.6 faiz) artıqdır. 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün bir milyard manat ayrılması nəzərdə tutulur. 1 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərin 1 000 milyon manat artırılması nəzərdə tutulur".

“Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 070 milyon manat təşkil edəcək. Artan xərclərin böyük bir hissəsi (2 milyard 260 milyon manat) işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlıdır. Artımın qalan hissəsi də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi dəstək mahiyyəti daşımalıdır. İlin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dollar götürüləcək. Mövcud sənəddə bu, 50 dollardır. Bu ilin dörd aylında Azərbaycan neftin bir barelinin orta ixrac qiyməti 85.8 ABŞ dolları təşkil edib. Artımdan sonra müdafiə və təhlükəsizlik üzrə xərclər 6 milyard 54 milyon 844 min 623 manat təşkil edəcək” - S.Şərifov əlavə edib.

Nazir bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması bizim yeni missiyamızdır: “Prezident İlham Əliyev bu missiyanın həyata keçməsi üçün Azərbaycan xalqını səfərbər edib. Bu missiya "Böyük Qayıdış" proqramının icra olunmasından ibarətdir. Bunun nəticəsində bu ərazilər də Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunacaq. Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulur, bu layihələrin bir qismi artıq başa çatdırılaraq istifadəyə verilib. 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsait bu ərazilərin bərpası üçün təsdiq olunmuşdu. Bu vəsaitin artıq 60 %-i istifadə olunub”.

Deputat Fazil Mustafa deputatların və hökumət üzvlərinin diqqətini dərman bazarındakı qiymətlərə çəkməyə çalışdı. Konkret misallar çəkən deputat bildirdi ki, ölkədə dərman qiymətləri həddindən artıq yüksəkdir, amma bunun qarşısının alınması üçün heç bir addım atılmır: “Bir seçicim 100 manatlıq dərmanı 300 manata aldığını bildirir. Çünki buna məcburdur. Ölkədə dərman vasitələrinin qiymətləri daim artmaqdadır. Banqladeş, Hindistan dərmanları ölkəyə gətirilir. Avropa dərmanları demək olar ki, yoxdur. Bundan başqa, Türkiyə istehsalı olan dərmanların ölkəyə gətirilməsinə nail ola bilmədik. Qanunda var ki, dərmanın tərkibi Azərbaycan dilində qeyd olunmalıdır. Amma əhali türk dilində başa düşür, anlayır. Heç olmasa Türkiyə istehsalı olan dərmanların ölkəyə gətirilməsini təmin etməliyik”.

F.Mustafa həmçinin büdcə layihəsindəki bəzi rəqəmlərə istinad etdi: “Büdcədən olimpiya komplekslərinə 9,4, gənclər evlərinə 4,3 milyon manat ayrılır. Bu kimi sahələr büdcədən maliyyələşmək əvəzinə, özəlləşdirilməlidir ki, əhalinin sosial müdafiəsinə vəsaitlər ayrılsın”.

Vahid Əhmədov qeyd etdi ki, istər 2022-ci ilin, istərsə də 2023-cü ilin büdcə layihələri müzakirə olunarkən əsas diqqət çəkən məqamlardan biri inflyasiya və qiymət artımı olub. Rəsmi məlumatlara görə, ərzaq məhsullarında 20 faiz, dərman məhsullarında 40 faiz inflyasiya olub. Bu mənada deputat inflyasiyanın qarşısını almaq üçün ciddi addımlar atmağı zəruri sayıb. “Azərbaycan hökumətindən xahiş edirəm ki, Rəqabət Məcəlləsi Milli Məclisə daxil olsun və biz bunu parlamentdə müzakirə edək” - V.Əhmədov hökumət üzvlərinə xitab edib.

Eyni zamanda deputat bəzi aztəminatlı insanlarla bağlı da təkliflərini səsləndirib. “Orta aylıq maaş müəyyən qədər artırılıb, amma elə sahələr var ki, insanlar inflyasiyanın qarşısını almaq imkanında deyil” deyən V.Əhmədov qiymət artımı və inflyasiyanı nəzərə alaraq, əməkhaqqı və pensiyaların artımı ilə bağlı addımlar atmağı zəruri sayıb.

Milli Meclis: Milli Məclisin iclasında

Deputat Sabir Rüstəmxanlı Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə əlaqədar büdcədən ayırmaları müdafiə etdi. Ardınca bildirdi ki, müdafiə məsələsi təkcə ordunun güclənməsi deyil: “Müdafiə cəbhəsi təkcə ordu məsələsi deyil. Ön cəbhə ilə yanaşı, ölkənin içi də, arxa cəbhə də güclənməlidir. Ona görə də biz əhaliyə elə şərait yaratmalıyıq ki, ordu ilə yanaşı, hər bir vətəndaş öz dövlətinin əsgəri olmağa hazır olsun. Təəssüf ki, problemlər, narazılıqlar var və bu narazılıqları yaratmaq istəyən qüvvələr də var. Bunu gizlətməyə ehtiyac yoxdur. Neçə ildir deyirik ki, dağ kəndləri qazsız qalıb və meşələr qırılır. İllərdir ki, qazlaşmanı uzadırlar. Camaatı niyə narazı salırsınız?” S.Rüstəmxanlı məmurlardan şikayətləndi: “Xalq cənab Prezidentin çıxışlarını diqqətlə izləyir. Amma Prezidentin qərarlarını yüksək səviyyədə yerinə yetirməli olan məmurun qapısında elə üz görür ki, qalır çarəsiz... Bundan başqa, süni surətdə elə şərait yaradırlar ki, uşaqları rus məktəblərinə yönəltsinlər. Bunu da bir problemə çeviriblər. Bütün sahələrdə balans pozulub”.

Deputat Tahir Kərimli məmurlardan şikayətləndi. Bildirdi ki, illərdir seçicilərini narahat edən problemləri qaldırsa da, müsbət irəliləyiş əldə olunmayıb: “Deputatlar Milli Məclisdə  xalqı narahat edən məsələləri, üzləşdikləri problemlə bağlı məsələ qaldırılsa da, bununla bağlı heç bir tədbir görülmür. Elə biz özümüz deyib, özümüz eşidirik” - T.Kərimli bildirdi. Daha sonra dedi ki, bəzi problemləri qaldırmaqdan özü də bezib: “Nə qədər Ağsu yolu, Şamaxı, Ağsuda  zəlzələdən zərər çəkən evlərin təmiri, məktəblərin, xəstəxanaların  tikintisi ilə bağlı məsələ qaldırsaq da nəticəsi olmur.  Artıq bu məsələləri qaldırmaqdan özüm də bezmişəm. Nə qədər olar, eyni məsələni qaldırmaq... Özümüz deyib, özümüz eşidirik”. T.Kərimli qeyd etdi ki, əgər hökumət qaldırdıqları məsələləri həll etmək iqtidarında deyilsə, qoy bunu açıq desinlər: “Desinlər ki, gücümüz çatmır. Əvvəllər seçicilərlə görüşəndə bizi qınayırdılar ki, niyə problemlərimizi qaldırmırsınız? Amma indi isə deyirlər ki,  nə olsun, problemləri qaldırırsınız, amma nəticəsi yoxdur. Onda  bunun nə xeyri var? Hökumətdən xahiş edirəm ki, heç olmasa qaldırdığımız məsələlərlə bağlı bizə mənfi ya müsbət cavab verin”.

Maliyyə naziri Samir Şərifov isə T.Kərimlinin dedikləri ilə razılaşmadı. Bildirdi ki, deputatların çıxışları, təklifləri heç vaxt diqqətdən kənarda qalmır. Amma eyni zamanda heç zaman qaldırılan məsələlərin yüz faiz həll ediləcəyi barədə də vəd verilməyib.

S.Şərifov Azərbaycan Hava Yollarına (AZAL) verilən subsidiyanın həmin qurumun hesabında saxlanılması məsələsinə də aydınlıq gətirdi: “Zərərlə gəlirlərin qarşılanması üçün dövlət büdcəsindən subsidiyalar ayrılır. Bu məqamla eyni subsidiya AZAL-a da ayrılıb. Amma burada məsələ qaldırılır ki, ayrılan vəsaitin istifadə olunmaması fonunda bank hesabının sıfırlanması qeyd olunur. Ayrılan vəsaitin istifadə olunmaması o demək deyil ki, qurumun bank hesabı sıfırlanmalıdır. Biz bank hesabında vəsaitin qalmasında problem görmürük. Bizdə olan məlumata görə, AZAL-ın ötən il bank hesabında qalan vəsait 8,3 milyon manat təşkil edib”, - deyə nazir bildirdi.

Müzakirələrdən sonra qanun layihələri ilk oxunuşda qəbul edildi.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarıldı. Dəyişikliklə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 600 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq. Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 800 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Qeyd edilən xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 900 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Deputat Kamal Cəfərovun təqdimatyından sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR