İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç Xəzərdəki payını 1 milyard dollara satır - səbəblər

Ekspert deyir ki,  SOCAR “Equinor”un payını ala bilər

Norveçin “Equinor” dövlət neft şirkəti Azərbaycandakı aktivlərinin satılması məsələsini nəzərdən keçirir.

“Bloomberg” agentliyinin yazdığına görə, söhbət həm də şirkətin Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı payından gedir. Aktivlər üçün təkliflərin yaxın həftələrdə təqdim olunması gözlənilir və bu sövdələşmə təxminən 1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Bəzi təxminlərə görə, Xəzər dənizində yerləşən bu yataqda çıxarılması mümkün olan 5,4 milyard barrel neft var. 20 milyard dollar investisiya qoyulmuş bu yataq hasilata 1997-ci ildə başlayıb və hasilat 2009-cu ildə pik nöqtəsinə çatıb.

Yatağın əməliyyatçısı BP-nin bu yataqda “Equinor”dan başqa bir neçə xarici partnyoru var. Bunlar Yaponiyanın Inpex, Exxon, Itochu, Hindistanın ONGC Videsh və Azərbaycanın SOCAR şirkətləridir. Səhmdarlar arasında bağlanmış müqavilənin şərtlərinə görə “Equinor” öz payını satış üçün əvvəlcə SOCAR şirkətinə təklif etməlidir. SOCAR payı almaqdan imtina edərsə, Norveç şirkəti onu başqa bir müştəriyə təklif edə bilər.

"Bloomberg" adı çəkilməyən mənbələrə istinadla yazır ki, artıq Norveç şirkətinin payı ilə maraqlanan tərəf var və danışıqlara başlanıb.

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq

Eyyub Kərimli

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli zənn edir ki, şirkət fəaliyyətini başqa istiqamətlərə yönəldə bilər. Ekspert “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda neft hasilatı aşağı düşüb, şirkətin Azərbaycandakı aktivlərinin satılması həm də bununla bağlı ola bilər: “Bu iqtisadi nöqteyi-nəzərdən qeyri-adi proses deyil. Bəzən şirkətlər başqa ölkədə fəaliyyət göstərmək üçün, yaxud istiqamətini dəyişmək üçün səhmlərini satır, ya da başqa şirkətə həvalə edir. Ola bilər ki, şirkət üçün əldə olunan gəlir qaneedici deyil. Mənə elə gəlir ki, SOCAR-ın indiki vəziyyəti satışa çıxarılacaq payı almaq üçün  yetərlidir. ”Azəri-Çıraq-Günəşli" (AÇG) yatağındakı payın əldə olunması cəlbedici ola bilər. Hissələrdən gələn dividentlər də milli şirkətimizə və büdcəmizə yönələcək. Düşünürəm ki, rentabellik baxımından SOCAR “Equinor”un satışa çıxardığı payı ala bilər".

“Equinor” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 2023-cü ilin birinci rübündə orta gündəlik hasilatı 2022-ci ilin birinci rübündəki gündəlik 31 500 barel neft ekvivalenti ilə müqayisədə gündəlik 28 000 barel neft ekvivalenti olub. Beləliklə, şirkətin hasilatı illik hesablamada 11,11 faiz azalıb.

Vüqar Bayramov: “Nazirlər Kabinetinin Qərarı sahibkarlar üçün prosedurları  asanlaşdırır”

Vüqar Bayramov

Deputat Vüqar Bayramov “Yeni Müsavat”a bildirdi ki, enerji sektorunda şirkətlərin öz payını satması və ya yeni pay alması təbii prosesdir. Millət vəkili mütəmadi olaraq bir sıra enerji layihələrində payçıların dəyişdiyini vurğuladı: “Şirkətlər mütəmadi olaraq müxtəlif coğrafiyalara investisiyalar qoyurlar. Zamanı gələndə şirkət səbəbləri açıqlayacaq. Əgər payın satışa çıxarılması ilə əlaqədar qərar veriləcəksə, rəsmi açıqlama olacaq. Neftin hazırkı qiymətini nəzərə alsaq, şirkətlərin fəaliyyəti rentabellidir. ”Yeni əsrin müqaviləsi"nə əsasən müddət uzadılıb. Bu da gəlirliliyinin artmasına imkan yaradır. Odur ki, rentabelliklə bağlı məsələnin olduğunu düşünmürəm".

Deputat Azər Badamovun fikrincə, Norveçin “Equinor” neft şirkətinin Xəzərdəki payını satmaq istəməsi normal haldır: “Şirkətlər istəyəndə öz paylarını sata və ya yeni payları ala bilərlər. Burada qeyri-adi bir şey görmürəm. Sadəcə ”Equinor" öz payını satışa çıxaranda birinci SOCAR Azərbaycan Dövlət Neft Şirkətinə təklif etməlidir. SOCAR imtina etdiyi təqdirdə digər şirkətlərə sata bilər. “Equinor” satış prosesini başlamadığından bununla bağlı nə isə demək çətindir. Amma payların satış prosesi reallaşarsa bunun  qanuna və normalara uyğun şəkildə baş tutacağını hesab edirəm".

Qeyd edək ki, “Equinor” dövlət neft şirkətinin əsası 1972-ci ildə qoyulub. Skandinaviyanın ən böyük neft şirkətinin səhmlərinin 64%-i dövlətin nəzarətindədir. Şirkət dünyada xam neftin və Avropaya qazın əsas ixracatçılarından biridir. 

Azərbaycanda isə şirkət 1992-ci ildə fəaliyyətə başlayıb, “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun və Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin səhmdarıdır.

2018-ci il tarixində “Equinor” və SOCAR arasında “Qarabağ” neft yatağı üzrə Saziş və Xəzər dənizində Əşrəfi-Dan ulduzu-Aypara (ƏDUA) sahəsində hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. “Equinor” və SOCAR hər iki layihədə bərabər paylara malikdir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR