Onlayn ictimai-siyasi qəzet
“Nissan” və “Honda” avtomobil konsernlərinin Çin elektrik avtomobil istehsalçıları ilə rəqabət aparmaq üçün birləşmələri uğursuz olub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, birləşməninin alınmamasının səbəbi “Nissan”ın qürurlu davranışı olub.
Bildirilir ki, keçən ilin sonunda “Honda” satışların düşməsi və idarəetmənin qeyri-sabitliyi səbəbindən çətinlik çəkən “Nissan”a 60 milyard dollar dəyərində birləşmə təklif edib, lakin cəmi bir ay sonra danışıqlar dalana dirənib.
Vəziyyətlə tanış olan mənbələr bildiriblər ki, uzun müddətdir ki, Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısı olan “Nissan” ABŞ-də öz mövqeyini zəiflətməsinə və hibrid avtomobillərə tələbi lazımi səviyyədə qiymətləndirməməsinə baxmayaraq, danışıqlarda bərabər statusda işttirakda israr edib.
Eyni zamanda, “Honda” “Nissan”a iş yerlərini və istehsal gücünü azaltmaq üçün təzyiq edib. “Nissan”, öz növbəsində, çətinliklərin öhdəsindən təkbaşına gələ biləcəyinə inanaraq, siyasi cəhətdən həssas zavodların bağlanmasına müqavimət göstərib.
“Honda” rəhbərliyi törəmə şirkət olması üçün “Nissan”a müraciət edib və bu, bardağı daşıran son damla olub.
“Pelham Smithers Associates” tədqiqat şirkətinin analitiki Jüli Bus deyib ki, bu, idarəetmə problemidir, onlar öz mövqelərini, brendlərinin dəyərini və biznesin gedişatını dəyişmək imkanlarını həddindən artıq qiymətləndirirlər.
“Nissan” və “Honda” danışıqların təfərrüatlarını şərh etməkdən imtina ediblər. Bununla belə, “Nissan”ın baş direktoru Makoto Uçida keçən həftə “Honda”nın törəmə şirkət ilə bağlı təklifindən sonra danışıqlara son qoymaq istədiyini söyləyib. Hər iki avtomobil istehsalçısı bu ay yenilənmiş məlumatları təqdim etməyə söz verib.
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ