İnsanlara hürriyət, millətlərə istiqlal!

“NEXUS” komandası Fransada beynəlxalq hakatonun qalibi oldu - FOTOLAR

Bakı – Azərkosmosun əsas tərəfdaşı olduğu “ActInSpace 2022” layihəsində 1-ci yer tutmuş Azərbaycan-Fransız Universitetinin tələbələrindən ibarət “NEXUS” komandası Fransanın Kann şəhərində keçirilən beynəlxalq “ActInSpace” kosmik texnologiyalar üzrə hakatonun qalibi olub.

Bu barədə Musavat.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, tələbələr həm hakatonun “Qran-Pri”sini, həm də Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatını qazanıblar.

“NEXUS” komandası yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarının azaldılması üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklif edib. Qaliblər “Qran-Pri” mükafatı olaraq “Airbus 310 Zero G” ilə çəkisizlik şəraitində uçuş imkanı qazanıblar.

“NEXUS” komandasının digər təltifi – Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən, yaxud enerji səmərəliliyi və qənaətini yaxşılaşdıra biləcək məhsulları, xidmətləri inkişaf etdirməyə çağırır.

“ActInSpace” Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən təşkil olunan, kosmik texnologiyaların cəmiyyət üçün istifadəsini nəzərdə tutan beynəlxalq hakatondur. Bu il yarışmada 35 ölkənin 66 şəhərini təmsil edən komandalar iştirak edib.

Xatırladaq ki, Azərkosmosun əsas tərəfdaşlığı ilə keçirilən “ActInSpace 2022” hakatonunda qurumun peşəkar mütəxəssisləri komandaların mentorları olaraq iştirak ediblər. Azərkosmosun əməkdaşları komanda üzvlərinə kosmik texnologiyaların imkanları, qarşıya qoyulan tapşırıqların formalaşdırılması və sonlandırılması ilə bağlı tövsiyələr veriblər. Sonda Azərkosmos nümayəndələrinin də yer aldığı münsiflər heyəti innovativ və real həllər təklif edən komandaları müəyyən edib.

Tələbələrimizi təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq!" - nazirliyin məlumatında qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR