İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftlə bağlı BƏDBİN PROQNOZ - Yaxın günlərdə...

İnvestorlar 2025-ci ildə qlobal enerji balansının pisləşməsi ilə bağlı proqnozlara diqqət yetirirlər

Bu həftənin bazar ertəsi neft qiymətləri son iki ildə ən kəskin ucuzlaşmaya məruz qalıb. Sonra qiymətlər müəyyən qədər artsa da, ötən həftənin yekunundakı səviyyə bərpa olunmayıb. Brent markalı neft 72 dollar, WTI isə 68 dollar civarında ticarət olunur. Bir qayda olaraq Brentdən yüksək qiymətə ticarət olunan Azərbaycanın Azeri Light markalı nefti isə 72 dollardan aşağı düşüb.

Analitiklərə görə, neft bazarındakı son eniş daha çox Yaxın Şərqdə münaqişənin genişlənməsi ehtimalının azalmasından qaynaqlanır. Belə ki, ötən cümə günü İsrailin İrana zərbələri Yaxın Şərqdə münaqişənin yeni mərhələsinin ciddi nəticələrə gətirib çıxarmayacağı qənaətini formalaşdırıb. Bu isə əsas ixrac mənbələrindən bazara neft tədarükünə hər hansı problemi istisna edir.

Neft bazarındakı pessimizmin digər əsas səbəbi Çin iqtisadiyyatında artım sürətinin yavaşlaması fonunda ayrı-ayrı sektorlar üzrə göstəricilərin pisləşməsidir. Bu həftə açıqlanan məlumatdan aydın olub ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Çinin iri sənaye şirkətlərinin ümumi mənfəəti illik müqayisədə 3,5 faiz azalaraq 5,228 trilyon yuana (732 milyard dollar) düşüb. Çin Dövlət Statistika İdarəsinin (SSA) məlumatına görə, sentyabrda Çinin iri sənaye müəssisələrinin ümumi mənfəəti illik müqayisədə 27,1 faiz azalıb. Avqustda isə bu göstərici 17,8 faiz azalmışdı.

“Trading Economics”ə görə, iri sənaye müəssisələrinin mənfəətinin azalması göstərir ki, davamlı olaraq zəif istehlak tələbi, deflyasiya riski və daşınmaz əmlak bazarında tənəzzül şəraitində Çin iqtisadiyyatının artım perspektivi qeyri-müəyyən olaraq qalır. Bu şəraitdə doqquz ayda dövlət şirkətlərinin mənfəəti 6,5 faiz, özəl şirkətlərin mənfəəti 9,6 faiz azalıb. Yanvar-sentyabr aylarında mənfəətin azalması mineral mədənçıxarma sənayesində (-51 faiz), kömür sənayesində (-21,9 faiz), maşınqayırma məhsullarının istehsalında (-7,2 faiz), kimya sənayesində (- 4 faiz, avtomobildə (-1,2 faiz) olub.

Bu şəraitdə neft qiymətlərinə dair proqnozlarda Yaxın Şərqdəki gərginliyin təsirləri az ehtimal olunan variant kimi saxlanılsa da, onların reallaşma payı çox cüzi götürülür.

Dünya Bankı analitikləri hesab edir ki, 2025-ci ildə qlobal əmtəə qiymətləri neft bolluğu fonunda beş ilin ən aşağı səviyyəsinə düşə bilər. Dünya Bankının əmtəə bazarlarına dair hesabatına görə, bolluq o qədər çoxdur ki, o, hətta Yaxın Şərqdə daha geniş münaqişənin qiymət təsirlərini məhdudlaşdıra bilər.

Bununla belə, ümumi əmtəə qiymətləri COVİD-19 pandemiyasından beş il əvvəlki səviyyədən 30 faiz yüksək qalacaq.

Analitiklər hesab edirlər ki, 2025-ci ildə neft təklifi tələbi gündəlik orta hesabla 1,2 milyon barel üstələyəcək. Daha böyük profisit əvvəllər cəmi iki dəfə - 2020-ci ildə pandemiya və 1998-ci ildə neft qiymətlərinin düşməsi səbəbindən qeydə alınıb. Həddindən artıq tədarük, digər məsələlərlə yanaşı, sənaye istehsalının və elektrikli nəqliyyat vasitələrinin və mayeləşdirilmiş təbii qazla işləyən yük maşınlarının satışının artması səbəbindən Çində neftə tələbatın demək olar ki, 2023-cü il səviyyəsində qalması (doqquz ayda Çin 412,39 milyon ton neft idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azdır-red.) ilə bağlıdır.

OPEC+ üzvü olmayan bir sıra ölkələrin neft hasilatını artıracağı gözlənilir. Alyansın özü 2019-cu ildə pandemiyadan əvvəlki səviyyədən demək olar ki, iki dəfə çox olan 7 milyon barel həcmində əhəmiyyətli ehtiyat gücü saxlayır.

Dünya Bankı ekspertləri qlobal əmtəə qiymətlərinin 2024-2026-cı illər arasında demək olar ki, 10 faiz düşəcəyini proqnozlaşdırırlar. Bu sırada ərzaq qiymətləri stabilləşmədən əvvəl bu il 9 faiz, 2025-ci ildə isə daha 4 faiz ucuzlaşa bilər. Buna baxmayaraq, qiymətlər hələ də 2015-2019-cu illərin orta göstəricisindən demək olar ki, 25 faiz yüksək olacaq.

Enerji xərclərinin gələn il 6 faiz, 2026-cı ildə isə daha 2 faiz azalacağı gözlənilir: “Ərzaq və enerji qiymətlərinin düşməsi mərkəzi bankların inflyasiyaya nəzarət etməsini asanlaşdırmalıdır. Lakin silahlı qarşıdurmaların artması enerji təchizatını pozaraq, ərzaq və enerji xərclərini artıraraq bu səyləri çətinləşdirə bilər”.

Son bir il ərzində Yaxın Şərqdə münaqişə neft qiymətlərində əhəmiyyətli dəyişkənliyə səbəb olub, xüsusən də hərbi əməliyyatların genişlənəcəyi təqdirdə əsas istehsalçıların infrastrukturuna mümkün zərərin qorxusu səbəbindən: “Münaqişə güclənmədiyi təqdirdə Brent markalı neftin orta illik qiymətinin bu il 80 dollardan 2025-ci ildə 73 dollar səviyyəsinə enəcəyi gözlənilir”.

Bununla belə, münaqişə kəskinləşərsə, xüsusən də bu ilin sonuna qədər qlobal neft tədarükünün 2 faiz azalmasına səbəb olarsa (gündə 2 milyon barel) - 2011-ci ildə Liviya vətəndaş müharibəsi və 2003-cü ildə İraq müharibəsi zamanı olduğu kimi, - Brent neftinin qiyməti kəskin artaraq 92 dollara çatacaq.

Lakin münaqişədən təsirlənməyən neft istehsalçıları qiymətlərin artmasına tez reaksiya verə və hasilatı artıra bilər. Nəticə etibarilə, qiymət artımının nisbətən qısamüddətli olacağı, orta hesabla neftin qiymətinin 2025-ci ildə bir barel üçün 84 dollara yüksələcəyi ehtimal edilir. Bu, gələn il üçün ilkin proqnozdan 15 faiz, lakin 2024-cü il üçün orta göstəricidən cəmi 5 faiz yuxarı olacaq.

Analitiklərə görə, qızılın orta qiymətinin 2023-cü ilin orta qiymətindən 21 faiz artaraq bu il rekorda çatacağı gözlənilir. Növbəti iki il ərzində qızılın qiyməti pandemiyadan əvvəlki beş il ərzində orta səviyyədən 80 faiz yuxarı qalacaq: “Sənaye metalları qiymətlərinin 2025-26-cı illərdə sabit olacağı gözlənilir, çünki Çinin daşınmaz əmlak sektorundakı zəiflik sərt tədarük şərtləri və enerji keçidi ilə əlaqədar bəzi metallara artan tələblə kompensasiya edilir. Bununla belə, Çində gözlənilməz artım metal bazarlarında dəyişkənliyə səbəb ola bilər”.

Azərbaycan nefti yenidən bahalaşıb - AZƏRTAC

“Citigroup” analitikləri də neft qiymətləri ilə bağlı nikbin deyillər. Onlar Brent markalı neftlə bağlı qısamüddətli proqnozlarını bir barel üçün 74 dollardan 70 dollara qədər endiriblər. Musavat.com bankın açıqladığı hesabata istinadən xəbər verir ki, buna səbəb İsrailin keçən həftə İran hərbi obyektlərinə zərbələrindən sonra eskalasiya riskinin azalmasıdır.

“Citi” ekspertləri gələn ilin birinci rübündə Brent neftinin bir barelinin orta hesabla 65 dollara, ikincisində isə 60 dollara satılacağı proqnozunu təsdiqləyiblər.

Bank optimist ssenaridə neftin qiymətinin 120 dollar/barel səviyyəsinə qalxacağını istisna etmir, lakin analitiklər belə bir ehtimalı 10 faizdən az qiymətləndirirlər.

İnvestorlar 2025-ci ildə qlobal enerji balansının pisləşməsi ilə bağlı proqnozlara diqqət yetirirlər. Böyük Britaniyanın "Standard Chartered Plc" bankının oktyabr hesabatına görə, hazırda Yaxın Şərqdəki vəziyyətin diplomatik yolla həlli gözlənilmir. Bölgədə gərginliyin mümkün artması, eləcə də ABŞ-da səsvermənin nəticələri neftin qiymətinin artmasına səbəb ola bilər. Hesab olunur ki, ABŞ-ın yeni prezidenti vəzifəsinin icrasına başlayana qədər Yaxın Şərqdə sülhün əldə olunması istiqamətində hansısa ciddi atılmayacaq. İsrail bu müddət ərzində İranla bağlı məqsədlərinə çatmaq üçün addımlar ata bilər. Bu isə regionda münaqişənin daha da alovlanmasına, bazara neft tədarükünün azalmasına gətirib çıxara bilər.

"Standard Chartered"in proqnozlarına görə, hadisələrin belə inkişafı şəraitində 2025-ci ilin birinci rübündə Brent markalı neftin bir barelinin qiyməti 89 dollar, WTI isə 86 dollar olacaq. Brent sonuncu dəfə bu il 7 faizdən çox ucuzlaşaraq bir barel üçün 71 dollar olub.

Rusiya Mərkəzi Bankı da 2024-cü il üçün neft qiymətinə dair proqnozuna endirim istiqamətində dəyişiklik edib. Qurum “Brent” neftinin orta qiyməti üzrə proqnozunu 85 dollardan 80 dollaradək endirib. Bank gələn üç il üçün “Brent” markal  neftin qiyməti ilə bağlı proqnozunu isə dəyişməyib. Proqnoza əsasən, 2025-cil ildə “Brent” neftinin orta qiyməti 80 dollar, 2026-cı ildə - 75 dollar, 2027-ci ildə isə 70 dollar səviyyəsində olacaq.

Azərbaycan nefti - Azerbaijan.az

Qeyd edək ki, əsas gəlirləri neft ixracından formalaşan Azərbaycan üçün dünya neft bazarındakı proseslər, xüsusilə qiymət dəyişiklikləri mühüm əhəmiyyət kəsb edir. Bu ilin birinci yarısında dövlət büdcəsinə edilən dəyişikliklə hesablamalar üçün neftin 1 barelinin orta qiyməti 75 dollara qaldırılıb. Birinci yarımillikdə real qiymət 86,5 dollara bərabər olub. Ötən müddət ərzində qiymətlərdəki volatillik ölkənin ümumi ixracında azalma ilə yanaşı, neft sektorundan büdcəyə daxilolmaları da azaldıb. Belə ki, yanvar-sentyabrda neft ixracı 17 milyon 608 min 860,22 ton təşkil edib, ondan 11 milyard 8 milyon 329,94 min dollar daxil olub. Ötən ilin eyni dövründə neft ixracı 18 milyon 506 min ton, ondan daxil olan gəlir isə 11 milyard 234 milyon 779 min dollar təşkil etmişdi. Cari ildə neft qiymətlərinin yüksək olması onun ixrac həcmindəki azalmanı kompensasiya edib.

Neft-qaz ixracındakı azalma Azərbaycanın dövlət büdcəsinə bu sahədən daxilolmaların da azalmasına gətirib çıxarıb. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, yanvar-sentyabrda dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 206,5 milyon manat təşkil edib ki, bunun da 9 milyard 585,7 milyon manatı bilavasitə Dövlət Neft Fondundan transfertdir. Neft-qaz sektorundan bu il vergi orqanlarının xətti ilə daxilolmalar 3 milyard 620,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəkindən (5 milyard 396,1 milyon manat) 1 milyard 775,3 milyon manat və ya 32,9 faiz azdır.

Gələn ilin dövlət büdcəsi neftin 70 dollarlıq orta qiymətinə əsasən hesablanıb. Bu baxımdan, ölkə dünya neft bazarındakı proseslərə qarşı çox həssasdır...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR