İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rus bölməsi bağlansın, təhlükə mənbəyidir”

“Biz tarixi köklərə bağlı olan xalq və dövlətik. Rus dövləti hələ formalaşmamışdan əvvəl bizim öz dövlətçiliyimiz olub. Təəssüflər olsun ki, rus şovinizmi və imperialist siyasət son əsrlərdə Azərbaycana və bütövlükdə regiona qarşı işğalçılıq məqsədləri güdüb. Bu siyasətin elementlərindən biri də rus dilinin tədrisi və rus bölmələrinin mövcudluğudur”.

Musavat.com xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib. Onun sözlərinə görə, rus dilinin tədrisi bəzən Kreml üçün geosiyasi alətə çevrilir:
“Qazaxıstanın şimalında yaşayan xalqların rus dilində danışmasından istifadə edərək Rusiya həmin ərazilərə daim iddia edir. Bu, açıq şəkildə ərazi iddiası deməkdir”.

Ekspertin fikrincə, bu siyasət hər bir müstəqil ölkə üçün təhlükə mənbəyidir:
“Konstitusiyamızda da göstərilir ki, Azərbaycan dili dövlət dilidir. Ölkə ərazisində yaşayan hər bir vətəndaş milliyyətindən asılı olmayaraq bu dilə hörmət etməli və ünsiyyətini Azərbaycan dilində qurmalıdır. Avropa ölkələrinin əksəriyyətində vahid dövlət dili var. Doğrudur, bəzilərinin konstitusiyasında iki rəsmi dil göstərilir, amma bizdə dövlət dili Azərbaycan dilidir və tədrisə bu dildə üstünlük verilməlidir”.

elchinefendi.jpg (169 KB)

Elçin Əfəndi hesab edir ki, Azərbaycan siyasəti təhsildən və mədəniyyətdən uzaq tutmağa çalışsa da, Rusiya bu sahələri imperialist məqsədlərlə manipulyasiya edir:
“Rusiya bu kimi elementləri öz xeyrinə çevirə bilir və nəticədə gələcəkdə işğalçılıq planlarını həyata keçirmək üçün zəmin formalaşdırır. Ona görə düşünürəm ki, artıq gec olmadan bu istiqamətdə qərarlar verilməlidir”.

Ekspert əlavə edib ki, rus bölmələrinin mərhələli şəkildə bağlanması, eləcə də orta və ali təhsil pillələrində rus bölməsinə qəbulun dayandırılması vacibdir:

“Tədris yalnız Azərbaycan dilində aparılmalıdır. Kim istəsə, övladını ingilis bölməsinə yaza bilər. İngilislər bu məsələyə ruslar kimi şovinist yanaşmır. Üstəlik, beynəlxalq əmək bazarında işlək olan dil ingilis dilidir. Rus dili isə əsasən MDB məkanında keçərlidir. Harada rus dili geniş yayılıbsa, Rusiya oranı öz ərazisi kimi görür. Putinin dediyi kimi – “rus əsgərinin ayağı hara dəyirsə, ora Rusiya torpağıdır” prinsipini təhsil sahəsində də tətbiq edirlər. Amma bu gün rus bölməsində çalışan müəllimlər işsiz qalmayacaqlar, onlar Azərbaycan bölməsində tədrisi davam etdirə biləcəklər”.

Qeyd edək ki, sosial şəbəkələrdə 2025–2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bu qərar Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilib. Lakin nazirlik məsələ ilə bağlı hələlik rəsmən mövqe açıqlamayıb.

Yayılan məlumatlara əsasən, dəyişiklik “Milli Təhsil – 2030” proqramı çərçivəsində aparılan islahatlara daxildir. Gələcəkdə bütün ixtisaslar üzrə tədrisin yalnız Azərbaycan və ingilis dillərində aparılması nəzərdə tutulur. Bu addımın məqsədi milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi kimi izah olunur.

Bildirişlərdə tələbələrə rəsmi elanları diqqətlə izləmək və keçid dövrünə hazır olmaq tövsiyə edilib. Əlavə məlumat üçün universitetlərin qəbul komissiyalarına və ya nazirliyin elektron poçt ünvanına müraciət etmələri xatırladılıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR