İnsanlara hürriyət, millətlərə istiqlal!

Aramızı vuran “üçüncü qüvvə” – “Çar yaxşıdır, ətrafı pis”?

Bakı-Moskva münasibətlərində böhran çalarlı gərginlik hələ ki, yüksək həddə qalmaqda davam edir. Yenə bizdən asılı olmayan səbəb(lər)dən Azərbaycan və Rusiya növbəti “səssiz müharibə” və ya “soyuq savaş” içindədir. Yenə də biz müdafiə olunmaq zorunda qalan tərəfik.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə iddia edir ki, Bakı ilə Moskva arasında münasibətlərin soyuması guya Kremlin siyasəti deyil, hansısa “üçüncü qüvvə”nin işidir. Dediyinə görə, “iki ölkə arasında dostluq münasibətləri son dərəcə vacibdir və onları korlamaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidir”.

Bir növ “ağbirçək” sözü. Amma və lakin Azərbaycanda hansısa “üçüncü qüvvə”nin varlığına kimisə inandırmaq qəliz məsəlıədir. Çünki heç kəs çörəyi qulağına yemir. Rusiyanı da hamı tanıyır. Xüsusən də Kremlin “Yaxın xaric” ölkələrinə, keçmiş müttəfiq respublikalara yuxarıdan aşağı baxmaq xislətinə bələd olmayan yoxdur...

Məntiqlə hazırda Rusiyanın “dost-müttəfiq itirən vaxtı” deyil, olmamalıdır. Moskvanın dostu kimdir ki. Varmı, qalıbmı? Bircə Belarusun adını çəkmək olar əminliklə. Hətta forpost Ermənistan ondan məsafə saxlamağa çalışır. Bu harasıdır, nə qədər qəribə də olsa Moskva öz absurd hərəkətləri ilə faktiki surətdə Bakı və İrəvanı müttəfiqə çevirməkdədir – situativ də olsa.

Yeri gəlmişkən, dünən Ermənistanın hakim partiyasında olan deputatlar ATƏT PA-nın Bakının “erməni məhbuslar”ın məhkəmə prosesini izləmək və “Qarabağın mədəni irsini” qorumaq üçün beynəlxalq missiyanın göndərilməsi ilə bağlı düzəlişlərlə bağlı qətnaməsini dəstəkləməyib. Azərbaycanla eyni mövqe sərgiləyiblər. Bu, ilk belə faktdır. Eyni zamanda, əlbəttə ki, Rusiyaya siqnaldır...

Təyyarə olayına qədər isə Azərbaycan da Rusiyaya dost-tərəfdaş sayılırdı. Əfsus ki, o vaxt problemi təcili, “isti-isti” yoluna qoymaq əvəzinə velikorus şovinizminə xas yol tutdular, çox yuxarıdan gedib siyasi təkəbbür göstərdilər. Azərbaycanın dövlət kimi qürurunu gözləmədilər. Ciddiyə almadılar ki, bu, artıq ərazisində rus hərbçisi olmayan yeganə Güney Qafqaz ölkəsidir.

İndi də Rusiyanın gah bu, gah da digər bölgəsində soydaşlarımıza qarşı qəfil başlayan repressiyalar, bitməyən vəhşilik, quduzluq hərəkətləri. Doğrudanmı bunlardan Vladimir Putinin xəbəri yoxdur? Həqiqətənmi aranı vurmaq istəyən hansısa “üçüncü qüvvə”dir? Yəni ki, “Çar yaxşı imiş, ətrafı pis”? Nə tez yaddan çıxdı, 2000-ci illərin əvvəllərində Rusiyada miqrantlara qarşı aşırı qəddarlıq edən dazbaş-faşistlər məhz Putinin bircə göstərişi ilə dayandırılmışdı...

Bir şey yəqindir ki, zorla, hədə-təhdidlə dost tutmaq mümkünsüz. Bir aforizmdə deyildiyi kimi, “nə səndən qorxan adamı, nə sənin qorxduğun adamı sevə bilərsən”. Moskva nəhayət, anlamalıdır ki, dost tutmaq üçün öncə özün dost olmağı bacarmalı, etimad yiyəsi olmalısan. Dostun, müttəfiqin qədrini bilməlisən. Onun ağır-acısını öz dərd-sərin kimi qəbul eləməlisən.

Odur ki, Zaxarova daxil, Rusiya rəsmiləri bizə “üçüncü qüvvə” haqda darıxdırıcı nağıllar danışmaq əvəzinə, qonşulara münasibətdə imperiya dilindən, diktat ritorikasından nə qədər tez imtina eləsələr, bir o qədər Rusiyanın hazırkı sərhədlər daxilində qalmaq şansı artar. Daha dəqiqi, bəlkə arta...

Z. SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR