Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə 2025–2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, yayılan məlumatlarda bu qərarın Elm və Təhsil Nazirliyi tərəfindən verildiyi bildirilir.
Lakin nazirlik məsələyə münasibət bildirməyib.
İddialara görə, bu addım “Milli Təhsil – 2030” proqramı çərçivəsində aparılan islahatların tərkib hissəsidir.
Məlumatda deyilir ki, bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq. Məqsəd isə milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi kimi izah olunur.
Yayılan sənədə əsasən, aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:
1. Hazırda rus sektorunda təhsil alan tələbələr 2025-ci il avqustun 20-dək Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər.
2. İmtahandan keçənlər Azərbaycan bölməsinə uyğun ixtisaslara keçiriləcəklər.
3. Dil biliklərini təsdiqləyə bilməyənlər təhsillərini davam etdirə bilməyəcəklər.
4. Tələbələrin istəyinə uyğun olaraq ingilis dilində tədrisə keçid üçün avqustun 5-dən onlayn attestasiyalar təşkil olunacaq (mövcud yerlər nəzərə alınmaqla).
5. Məzun ərəfəsində olan bakalavr və magistrlər akademik borcları olmadığı halda, 10 iyul 2025-dək dekanlığa müraciət edərək təhsillərini əvvəlki dildə başa vura biləcəklər.
Bildirişdə tələbələrə rəsmi elanları diqqətlə izləmək və keçid dövrünə hazır olmaq tövsiyə olunub. Əlavə suallar üçün universitetlərin qəbul komissiyalarına və ya nazirliyin elektron ünvanına müraciət edilməli olduğu qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl də rusdilli orta məktəblərin mərhələli şəkildə bağlanacağı ilə bağlı məlumat yayılmışdı.
Şahanə Rəhimli
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ