Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Rentabelli işləyən müəssisələrin özəlləşdirilməsinin səmərəli yol olduğunu düşünmürəm”
Azərbaycanda bir sıra iri dövlət müəssisələrinin qismən özəlləşdirilməsi nəzərdə tutulur. Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin avqustunda imzaladığı fərmanda hökumətə tapşırıq verib. Fərmana əsasən dövlət müəssisələrinin özəlləşdirilməsində özəl sektorun investisiyaları cəlb ediləcək. Qismən özəlləşdiriləcək dövlət müəssisələri “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, SOCAR-a məxsus “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodudur.
İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri Mətin Eynullayevin verdiyi məlumata görə, fərmanın icrası çərçivəsində səkkiz dövlət müəssisəsi üzrə təkliflər hazırlanır. O bildirib ki, söhbət bu müəssisələrdə dövlətin iştirak payının azaldılmasından gedir. Həmin müəssisələr səhmləşdiriləcək, onların səhmlərinin bir hissəsi satılacaq və onların alınmasında xarici və yerli şirkətlər iştirak edə biləcəklər. Hazırda təkliflərin hazırlanması üzərində iş aparılır və bu iş fərmanda nəzərdə tutulduğu kimi, doqquz ay ərzində başa çatdırılmalıdır.
Qeyd edək ki, qismən özəlləşməyə açılan müəssisələrin hamısı gəlirlə işləyən müəssisələrdir ki, Azərbaycan reallığında bu, az rast gəlinən haldır. Çünki dövlətə məxsus əksər şirkətlər daim zərərlə işləyir, dövlətin boynunda ağır yükə çevrilirlər. Maraqlıdır ki, qismən özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrdən heç biri zərərlə çalışmır.
Ölkənin qızıl və gümüş yataqlarının bir hissəsinin istismarını həyata keçirlən “AzerGold” QSC-nin rəhbərliyinin təqdim etdiyi hesabatdan aydın olur ki, 2023-cü ildə gəlirlərdə ciddi artım baş verib. Hesabat ilində hasilat göstəriciləri 63.7 min unsiya qızıl təşkil edib. Bu, fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir. Eyni zamanda ötən il 114.3 min unsiya gümüş hasilatı həyata keçirilib. Beləliklə, qızıl hasilatı plandan 2 faiz, gümüş hasilatı isə 6 faiz artıq icra edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1.7 min unsiya artım (3 faiz) qeydə alınıb.
2024-cü il üçün hasilat planı isə hesabat ili ilə müqayisədə 9 faiz daha artıq olmaqla 70 min unsiya qızıl, 27 faiz daha artıq olmaqla - 156.8 min unsiya gümüş təşkil edir. Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib. 2022-ci illə müqayisədə ümumi satış gəlirlərində 15 faiz artım qeydə alınıb. Bu vəsaitin 210.1 milyon manatını ixrac, 22.7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11 faiz, yerli bazarda satış gəlirləri isə 81 faiz artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin 97.9 faizi məhz qızılın satışı nəticəsində əldə edilib. Bununla, 2017-2023-cü illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş ümumi gəlir 1.19 milyard manata çatıb.
2015-ci ildə çöküşdən xilasına 15 milyard manatdan yuxarı dövlət vəsaiti sərf olunan Azərbaycan Beynəlxalq Bankı son illərdə yüksək sürətlə inkişaf edirş. Bank ötən 2023-cü ildə 322 milyon manat xalis mənfəət qazanıb. Bu, 2022-ci illə müqayisədə 27 faiz artım deməkdir. 2023-cü ildə ABB-nin cəmi əməliyyat mənfəəti 388 milyon manatdan 484 milyon manata yüksəlib. Vergidən əvvəl xalis mənfəət isə 421 milyon manata çatıb.
Bankın aktiv müştərilərinin sayında il ərzində 25 faiz artım qeydə alınıb. Kredit portfeli 2023-cü ilin əvvəli ilə müqayisədə 1.5 milyard manat, yəni 43 faiz artaraq 5 milyard manatı ötüb.
ABB 2023-cü il ərzində dövlət büdcəsinə ümumilikdə 117 milyon manat vergi ödəyib. Bunun 84 milyon manat hissəsi mənfəət vergisi olub. Bundan başqa, ABB 2022-ci ilin mənfəətindən ötən il səhmdarlarına 156 milyon manat divident də ödəyib. Bankın səhmlərinin 96,4 faizi dövlətə məxsus olduğundan dividentlərin 151 milyon manatı dövlətə ödənib.
Ümumən, son 5 ildə mənfəət vergisi, səhmdarlara ödənilən dividentlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosialyönümlü layihələrə ABB 1.3 milyard manatdan çox ödənişlər edib. 2023-cü il ABB-nin sağlamlaşma dövründən sonra ən yüksək əməliyyat mənfəəti qazandığı ildir. Bank rəhbərliyinin verdiyi məlumata görə, bu il səhmdarlara ödənilən dividentlərin artırılması və minimum 15 faiz gəlirliliyin təmin olunması məqsədilə 185 milyon manat həcmində divident ödənişi təklif edəcəklər.
“Aztelekom” və “Baktelekom”a gəlincə, son illərdə bu müəssisələrin də zərərdən mənfəətə çıxışı müşahidə olunur. Bu dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi müəyyən zamanla dəfələrlə gündəmə gətirilib. İndi hökumət onların tamamilə deyil, qismən özəlləşməsinə qərar verib.
SOCAR-ın tabeliyində olan müəssisələr də perspektivli müəssisələrdir. Belə ki, karbamid zavodunun yaradılması ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən təxminən 100 milyon avro məbləğində vəsait ayrılıb. Hazırda zavodun istehsal etdiyi karbamid ölkə daxilində satılmaqla yanaşı, xaricə də ixrac olunur. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2023-cü ildə karbamid ixracının dəyəri 83 milyon dollardan yuxarı olub. Bu, 2022-ci illə müqayisədə dəyər baxımından 60 faizdən çox azalma deməkdir və tamamilə dünya bazarındakı ucuzlaşmadan irəli gəlir, həcm baxımından ixracda nəinki azalma yoxdur, əksinə, artım var. Belə ki, 2022-ci ildə Azərbaycandan xaricə 360,2 min ton, 2023-cü ildə isə 362,2 min ton karbamid satılıb.
Metanol zavodu vaxtilə ABB-dən alınan kredit hesabına yaradılıb, bir neçə il fəaliyyət göstərib. Lakin xammal çatışmazlığı üzündən fəaliyyətini dayandırıb. Zavod 2016-cı ilin noyabr ayından SOCAR-ın törəmə şirkəti - “SOCAR Methanol” MMC təhvil alıb, 2018-ci ilin oktyabr ayından isə obyekt SOCAR-ın strukturuna daxil edilib. SOCAR zavodu yenidən qurub, 2021-ci ildə yenidən fəaliyyətini bərpa edib. SOCAR zavodu əldə etdiyi dövrdə ABB Maliyyə Nazirliyinin təminatı ilə şirkətə 1,5 milyard manat kredit ayırıb. Daha sonra həmin kredit dövlət hesabına SOCAR-ın borcları sırasından silinib.
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2023-cü ildə Azərbaycandan xaricə 89 milyon 858.38 min dollarlıq metanol ixrac edilib. Bu, 2022-ci illə müqayisədə dəyər baxımından 32 faiz azalma deməkdir - 2022-ci ildə 131,9 milyon dollarlıq metanol ixracı qeydə alınmışdı. Lakin bu azalma sırf məhsulun dünya bazar qiymətindəki ucuzlaşma ilə bağlıdır. Belə ki, 2022-ci ildə 504,3 min ton, 2023-cü ildə isə isə cüzi az - 501,570 min ton metanol ixrac edilib. Metanol zavodunun məhsulu 10-dan yuxarı ölkəyə ixrac edilir.
“Azərkimya”nın Etilen-polietilen zavodu da yenidənqurmadan keçib və sağlamlaşdırılmış müəssisələrdən hesab olunur. 2023-cü ildə ilkin formalarda Etilen polimerləri ixracı 155,2 milyon dollardan yuxarı olub.
Göründüyü kimi, qismən özəlləşdirməyə açılan müəssisələrin hamısı perspektivli və gəliri sürətlə artan müəssisələrdir. Bəs onların qismən özəlləşdirməsi dövlətə nə verəcək? Bu addım nə qədər səmərəli hesab oluna bilər?
Eldəniz Əmirov
İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, rentabelsiz müəssisələrin dövlətin idarəçiliyində saxlanılaraq, rentabelli olanların özəlləşdirilməsi doğru yanaşma deyil: “İlk növbədə onu qeyd edim ki, əgər biz iqtisadi sistem olaraq bazar prinsiplərini əsas götürürüksə, o zaman dövlətin yükünün azaldılması və müəssisələrin özəl sektora ötürülməsi mütləqdir: azad rəqabət mühitinin yaradılması baxımından. Amma biz əksər istiqamətlərdə dövlətin müdaxiləsini saxlayırıqsa, dövlət iqtisadi məsələlərdə yenə də yüklüdürsə, bu şəraitdə rentabelli müəssisələrin özəlləşdirilməsi başadüşülən deyil. Əgər özəlləşmə prosesləri kütləviləşirsə, dövlətin iqtisadiyyatda yükü azaldılırsa, o zaman dövlətin belə rentabellə idarə etdiyi müəssisələrin özəlləşdirilməsi də təbiidir. Lakin dövlət zərərlə işləyən müəssisələri özündə saxlayıb, yükünü çəkdiyi bir halda rentabelli işləyib, dövlətə gəlir verən müəssisələri özəl əllərə verməsinin hansı iqtisadi səmərəyə əsaslandığını anlamaq çətindir”.
Ekspertə görə, rentabellə işləyən müəssisələr o halda özəlləşməyə açıla bilər ki, fəaliyyətindən gəlirlilik azalmağa başlasın: “Bu halda da müəssisənin fəaliyyəti hərtərəfli şəkildə qiymətləndirilməli, özəlləşmə prosesi tam şəffaf şəkildə həyata keçirilməlidir”.
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ