Onlayn ictimai-siyasi qəzet
Bakıda kişi birlikdə yaşadığı qadını döyüb. Hadisənin səbəbi kişinin sosial şəbəkələrdə digər qadınların fotolarını bəyənməsi olub.
Musavat.com xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.
27 yaşlı Azad (ad şərtidir) dini kəbinlə birlikdə yaşadığı Leylanı (ad şərtidir) döyüb. Xəsarət alan Leyla polisə şikayət edərək Azadın cəzalandırılmasını tələb edib.
Bir ilə yaxındır birlikdə yaşayan cütlük arasında problem Leylanın Azadın telefonuna baxması ilə başlayıb. Belə ki, Azad yatan zaman Leyla onun telefonunu yoxlayıb və sosial şəbəkələrdə digər qadın fotolarını bəyəndiyini görüb.
Leyla Azaddan bu bəyənmələrin səbəbini soruşub. Azad izah edib ki, həmin bəyənmələr çoxdan olub. Lakin Leyla bu cavabı qəbul etməyib və mübahisə böyüyüb. Nəticədə Azad Leylanın sifətinə və bədəninə zərbələr vurub.
Azad ifadəsində bildirib ki, Leylaya bir şillə vurub. Bundan sonra Leyla onun mərhum anasını söydüyü və ona hücum etdiyi üçün ona təkrar zərbə vurub.
Leyla məhkəmədə də Azaddan şikayətçi olaraq, onun barəsində ciddi cəza verilməsini istəyib.
Məhkəmənin hökmü ilə Azad 1 il müddətinə islah işlərinə cəlb edilib. Həmçinin, 1 il ərzində aylıq qazancının 15 faizi dövlət nəfinə tutulacaq.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ