İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondu 2023-cü il büdcəsini açıqladı

Mənfəət gəlirləri azalıb, idarəetmə gəlirləri artıb...

2023-cü ildə Dövlət Neft Fondunun büdcə gəlirləri 21 milyard 661,9 milyon manat, büdcə xərcləri isə 11 milyard 832,6 milyon manat təşkil edib. Fonddan “Yeni Müsavat”a verilən məlumata görə, gəlirlərin  15 milyard 324,1 milyon manatı neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə olunub. Bu zaman mənfəət neftinin və qazın satışından fond 14 milyard 519,0 milyon manat, bonus ödənişlərindən 800,7 milyon manat, tranzit haqqından 0,8 milyon manat, akrhesabı ödənişlərdən 3,6 milyon manat əldə edib. Beləliklə, aydın olur ki, fondun neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə etdiyi gəlirlərdə kəskin azalma baş verib. 2022-ci ildə fonda bu mənbədən 20 milyard 480,4 milyon manat daxil olmuşdu. Bu isə 2023-cü ildə qeyd olunan mənbədən gəlirin 25,2 faiz azalması deməkdir. 

2023-cü ildə fondun vəsaitlərinin idarə olunmasından 6 milyard 337,8 milyon manat (təxminən 3 milyard 728,11 milyon  dollar) qazanılıb. 2022-ci ildə isə investisiya portfeli üzrə fond 5,2 faiz itkiyə məruz qalmışdı. Qurumun öz açıqlamasında aktivlərin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən 2 milyard 461.3 milyon ABŞ dolları itki olduğu bildirilmişdi. Əvvəlki ilin bərpa olunan zərərini nəzərə almasaq, 2023-cü ildə fondun aktivlərinin idarə olunmasından real gəlirinin 1 milyard 266,8 milyon dollar olduğunu görərik.

Ana səhifə

Hesabat dövründə ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 milyard 737,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Bu, 2023-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan məbləğin tam həcmdə köçürülməsi deməkdir. Halbuki 2022-ci ildə 11 milyard 517,5 milyon manat proqnoz olunsa da, büdcəyə köçürmə cəmi 7 milyard 923 milyon manat təşkil etmişdi. Bu, Neft Fondunun investisiya portfelindən üzləşdiyi zərərlə bağlı atılan addım idi. 2022-ci ildə neft-qazın dünya bazar qiymətlərinin yüksək olması büdcəyə əlavə gəlirlərin daxil olmasına imkan yaratmışdı.

Ötən il Neft Fondundan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 27,9 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 34,3 milyon manat sərf olunub. 2023-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 32,8 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 2 milyard 132,1 milyon manat olub.

İlin yekununda ARDNF-nin büdcəsi 9 milyard 829 milyon manat həcmində profisitlə icra olunub. Beləliklə, 2023-cü ilin sonuna ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 milyard 33,6 milyon ABŞ dolları) nisbətən 14.3 faiz (və ya 7 milyard ABŞ dolları) artaraq 56 milyard 069,7 milyon ABŞ dolları təşkil edib.

Fonddan bildirildiyinə görə, 2023-cü ildə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi və vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına əldə olunub.

Keçən il ərzində fondun investisiya gəlirliliyi 7,1 faiz olmaqla yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisi ilə səciyyələnib: “2023-cü il maliyyə bazarları üçün bir çox inkişaf etmiş ölkələrin mərkəzi banklarının sərtləşmə siyasətini davam etdirdiyi bir dövrdə iqtisadi artım və inflyasiya ilə bağlı qeyri-müəyyənliyin təkan verdiyi volatilliklə xarakterizə olunan bir il kimi yadda qalıb. Tənəzzül ili ola biləcəyi ilə bağlı proqnozlara baxmayaraq, qabaqcıl ölkələrdə inflyasiyanın səviyyəsində müşahidə olunan yavaşlama, eləcə də yüksək dayanıqlılıq fonunda bir sıra iqtisadi göstəricilərdə izlənilən müsbət tendensiya xüsusən ilin sonuna doğru iqtisadi artıma da müvafiq təsirini göstərib.

Dövlət Neft Fondu proqnozları AÇIQLADI

İqtisadi göstəricilərdəki volatillik maliyyə aktivlərinin gəlirliliyinə təsirsiz ötüşməyib. İki illik ardıcıl itkilərdən sonra istiqraz indekslərinin əksəriyyətində ilin sonuna doğru olmaqla müsbət gəlirlilik nəticələri qeydə alınıb. Eyni zamanda əsas səhm indeksləri də inflyasiya və qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının faizləri endirəcəkləri ilə bağlı nikbin gözləntilərin fonunda ili müsbət gəlirlərlə başa vurub".

Yuxarıda da qeyd etdik ki, 2022-ci ildə fond investisiya portfelində 5,2 faiz itki ilə üzləşmişdi. Bu məbləğin bərpasını nəzərə aldıqda, investisiya portfelində real gəlirliliyin 7,1 faizdən aşağı olduğunu görmək mümkündür. 

2023-cü ilin sonuna Neft Fondunun istiqrazlar və pul bazarı alətləri portfelində əsas yeri “AAA” reytinqli investisiya alətləri tutub. Fondun açıqladığı məlumata görə, bu alətlər portfelin 68,1 faizini təşkil edib. Bu da ilin əvvəlində qeydə alınan göstərici 73,7 faiz ilə müqayisədə 5,6 faiz bəndi azdır. Hesabat dövrünə fondun investisiyalarının 16,6 faizi “AA” reytinqli, 8,6 faizi “A” reytinqli, 6,5 faizi “BBB” reytinqli, 0,2 faizi isə qeyri-investisiya dərəcəli alətlərə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, fondun investisiyalarının 24 faizi 0-1 il (2022-ci ilin sonunda - 22,5 faizi), 26 faizi 1-3 il, 22,4 faizi 3-5 il, 27,6 faizi isə 5 ildən artıq müddətə yerləşdirilib. Bu da o deməkdir ki, fond yerləşdirmə tarixi daha az olan istiqrazlar və pul bazarı alətlərinə investisiyalarını artırıb.

Dekabrın sonuna fondun investisiya portfelinin 67,5 faizini ABŞ dolları təşkil edib (31 dekabr 2022-ci il tarixinə 68,6 faiz), bu da ilin əvvəlinə qeyd olunan göstərici ilə müqayisədə 1,1 faiz bəndi azdır. Ötən ilin sonunda avro fondun investisiya portfelinin 21,2 faizini, funt sterlinq 5,3 faizini, Avstraliya dolları - 0,7 faizini, Türkiyə lirəsi - 0,2 faizini, Rusiya rublu - 0,2 faizini, Çin yuanı - 1 faizini, Yaponiya yeni - 1,4 faizini, digər valyutalar isə 2,5 faizini təşkil edib.

Məlumata görə, fondun ABŞ dolları portfelinin 6 milyard 752,1 milyon dollarlıq hissəsini (12 faiz) qızıl investisiyaları təşkil edib.

İnvestisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündən aydın olur ki, inkişaf etmiş ölkələr üzrə bu göstərici 64,8 faiz (ilin əvvəli ilə müqayisədə 0,9 faiz bəndi artım), inkişaf etməkdə olan ölkələr üzrə - 14,4 faiz (2 faiz bəndi azalma), beynəlxalq maliyyə təşkilatları üzrə isə 8,8 faiz təşkil edib (1,2 faiz bəndi artım). Sərmayələrin qalan 12 faizi qızılın payına düşüb (0,1 faiz bəndi azalma). 31.12.2022 tarixinə adalanan göstəricilər müvafiq olaraq 63,9 faiz, 16,4 faiz, 7,6 faizvə 12,1 faiz səviyyəsində olub.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 7 regionu daxildir. Bunların sırasına Şimali Amerika (32,7 faiz), Cənubi Amerika (0,1 faiz), Avropa (30,5 faiz), Yaxın Şərq (0,3 faiz), Afrika (0,1 faiz), Avstraliya/Yeni Zelandiya (0,7 faiz) və Asiya/Sakit Okean (14,8 faiz)

Qeyd edək ki, 2024-cü il üzrə fondun 60 dollar/barel orta qiymətlə təsdiqlənmiş büdcəsinə mənfəət neftinin və qazının satışından daxilolmaların 4 milyard 791,9 milyon ABŞ dolları olması proqnozlaşdırılır. Bu zaman “Azəri-Çıraq-Günəşli” yatağı üzrə dövlətin payına düşən gəlirlərin həcmi 4 milyard 89,5 milyon ABŞ dolları və ya ümumi daxilolmaların 85,3 faizini təşkil edəcək. Proqnoza görə, “Azəri-Çıraq-Günəşli” yatağında xam neft hasilatının həcmi 125,9 milyon barel olması gözlənilir ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2023-cü ilin göstəricisinə nisbətən (133,6 milyon barel) 7,7 milyon barel azdır. 

Şahdəniz yatağı üzrə qaz hasilatının əsas bazarı hesab edilən Avropada isə cari ilin ortalarınadək enerji sektorunda qaza tələbatın azalması və anbarlarda qazın səviyyələrinin yüksək olması ilə qazın qiymətində azalma müşahidə edilməsi gözlənilməkdədir.

Fondun mənfəət neftinin və qazın satışı üzrə proqnozlaşdırılan daxilolmalarının növbəti ildə hasilat həcminin azalması, neft qiymətlərinə mühafizəkar yanaşma və Razılaşma Protokolu üzrə vəsaitin daxilolmaması ilə 2023-cü ilin gözlənilən daxilolmalarından təqribən 1,8 dəfə az olacağı gözlənilir. Belə ki, proqnoza görə, 2024-cü ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 4 milyard 791,9 milyon ABŞ dolları və ya 8 milyard 146,2 milyon manat olması gözlənilir ki, bu da 2022-ci ilin faktiki icra göstəricisindən 11 milyard 552,7 milyon manat və ya 58,6 faiz, 2023-cü ilin icra göstəricisindən 6 milyard 372,1 milyon manat və ya 43,9 azdır.

Azərbaycan Hesablama Palatasında hesab edirlər ki, neft qiymətlərinin kəskin düşməsi və aşağı qiymətlərin uzun müddət davam etməsi, eyni zamanda hasilatın da azalması fonunda ortamüddətli dövrdə Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır. 

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR