İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirliyin keçirdiyi tenderlə bağlı narazılıq – Mənşə sertifikatı necə əldə edilib?

Bakı şəhərində ayaqqabı istehsalı ilə məşğul olan “Elmanado” MMC şirkəti Müdafiə Nazirliyinin keçirdiyi tenderdə iştirak edən rəqib şirkətin təqdim etdiyi sənədlərlə bağlı şübhəli məqamların olduğunu iddia edir.

Musavat.com-a müraciət edən “Elmanado” MMC-nin təsisçisi Kərim Kərimov nazirliyin təşkil etdiyi 3 satınalma müsabiqəsi üzrə (müxtəlif növ ayaqqabıların, qışlıq və yazlıq uzunboğaz botinkaların) təklif verdiklərini bildirib.

O, hər 2 müsabiqə üzrə portalda protokol üzrə “Elmanado” MMC şirkətinin qiymət təklifinin digər müsabiqə iştirakçılarınına nisbətən aşağı və münasib olduğunu və 1 müsabiqə üzrə (qışlıq uzunboğaz botinkalar üzrə) 2-ci olduğunu deyib:

“Lakin 12.07.2024 tarixində yekun olaraq “ME.GA.AN” MMC ilə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulub. Həmin şirkət 3 müsabiqə üzrə bizim ümumi qiymət təklifimizin dəyərindən 911 974,80 (Doqquz yüz on bir min doqquz yüz yetmiş dörd manat 80 qəpik) baha qiymət təklif edib. Aldığımız məlumata görə, həmin şirkət mənşə sertifikatı təqdim edib ki, bu da onların qalib elan olunmasının səbəbi kimi göstərilir. Rəhbərlik etdiyim şirkət isə şərtlər toplusunda məcburi təqdim ediləcək sənədlər arasında olmayan mənşə sertifikatını təqdim etmədiyi üçün qalib olmayıb. Bildirmək istəyirəm ki, qarşı tərəfin təqdim etdiyi sertifikat əsasında onlara 20 faiz güzəşt tətbiq edilməsi nəzərdə tutulur. Bizim mövcud təklifimizə əsasən isə büdcəyə 911 974,80 manat qənaət edilmiş olurdu”.

Həmçinin vurğulamaq istəyirəm ki, Azərbaycanda ayaqqabı istehsalı ilə bağlı mənşə sertifikatının alınması demək olar ki, mümkünsüzdür. Müdafiə Nazirliyinin Əşya Əmlakının Müayinəsi və Keyfiyyətinə Nəzarət Laboratoriyasına tender iştirakçıları tərəfindən rəsmi qaydada nümunələr təqdim edilib. Mənşə sertifikatın alınması üçün təqdim edilmiş sənədlərlə verilmiş nümunələr eyni olmalıdır.

Kərim Kərimov rəqib şirkətin təqdim etdiyi mənşə sertifikatı ilə də şübhəli halların olduğunu bildirib. O, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət etdiklərini deyib:

“ME.GA.AN” MMC-nin qalib elan olunmasında əsas səbəb olaraq malların mənşəyi barədə rəylərin olmasıdır, o da öz növbəsində 20%-dək güzəşt tətbiq etdiyi üçün birincilik qazanıb. Azərbaycanda ayaqqabı istehsalı üçün yeganə olaraq qismən dəri xammalı yerli istehsaldır, bu ayaqqabının xammal maya dəyərinin sadəcə 40 % təşkil edə bilər, bu da ən yaxşı halda 8-11% güzəşt nəzərdə tutur. Belə olan halda iştirak etdiyimiz müsabiqələrdə ən aşağı qiymət təklifi bizimki olaraq qalır. Bununla yanaşı şərtlər toplusunda tələb olunan malları istehsal etmək üçün lazım olan xammalardan yalnız dəri qismən yerli istehsaldır.

Şərtlər toplusunda tələb olunan digər xammaların Azərbaycanda istehsalı qeyri mümkündür və mövcüd deyil. “ME.GA.AN” MMC-yə əsaslı olaraq tətbiq olunan 20%-dək güzəşt və əldə etdiyi malların mənşəyi barədə rəylərdə qeyd edilmiş xammalların mənşə ölkələri və təqdim etdiyi kalkulyasiyanın satınalma təşkilat tərəfindən tələb olunan mallara uyğunluğu böyük şübhə yaradır. Bunu nəzərə alaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən tam və dürüst şəkildə araşdırma aparmasını xahiş etmişik. Rəyin alınması üçün “ME.GA.AN” MMC-nin təqdim etdiyi xammal siyahılarının, kalkulyasiyaların, mövcüd istehsalat sahəsinin obyektiv olub-olmamasının araşdırılması üçün bizim iştirakımızla müstəqil ekspert təyin edilməlidir. Bundan sonra düşünürəm ki, bir çox məsələlərə aydınlıq gələcək”.

“Elmanado” MMC-nin rəhbəri şirkətin fəaliyyətini davam etdirməsi üçün tenderlərdə iştirakını və istehsalatı dayandırmamalarının vacib olduğunu vurğulayıb: “Hazırda rəhbərlik etdiyim şirkətdə 100 nəfərə yaxın işçi çalışır. Onların böyük hissəsini məcbur qalıb öz hesablarına məzuniyyətə göndrmişik və tenderlərin nəticəsinə uyğun olaraq fəaliyyətimizi planlaşdırmışıq. Hazırda üzləşdiyimiz durum, ən aşağı qiymətlərlə təklif irəli sürməyimizə baxmayaraq, məğlub duruma salınmağımız fəaliyyətimizi və işçilərimizin sosial vəziyyətini təhlükə altına atır. Onların və rəhbərlik etdiyim şirkətin hüquqi mənafeyini müdafiə etmək üçün məhkəmə müstəvisində mübarizə aparmağa məcburam”.

Mövzu ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərmişik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR