İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin bütün ölkəni maraqlandıran suala cavabı

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 2024-cü ilin statistikasında əkin sahələri üzrə göstəricilərin azalmasını dürüstləşmə ilə əlaqələndirib, bəs?

Azərbaycanda 2025-ci ilin məhsulu cari il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, səpin aparılmış sahənin 99,0 faizini və yaxud 932,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 505,5 min hektarı buğda, 426,6 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 8,2 faiz, o cümlədən buğdanın səpin sahəsi 15,5 faiz azalıb, arpanın səpin sahəsi 2,3 faiz artıb.

Əkin sahələrinin azalmasının səbəbləri barədə sualı cavablandıran kənd təsərrüfatı naziri Məcnun Məmmədov Teleqraf.com-a bildirib ki,  “2024-cü ilin statistikasında əkin sahələri üzrə göstəricilərin azalması dürüstləşmə ilə əlaqədardır”. O bildirib ki, dəmyə əkin ərazilərinin azalmasında yağıntı həcminin azlığı və iqlim dəyişikliyi rol oynayıb: “Artıq müəyyən sahələrdə məhz illər üzrə dəmyə əkinlərində məhsul yaxşı səviyyədə olmadığına görə insanlar əkindən qaçırlar. Buna paralel olaraq biz bu ildən bəzi addımlar atmağı planlayırıq. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanda dincə qoyulma subsidiyası nəzərdə tutulub. Bu ona görədir ki, dəmyə əkinlərində hər il eyni bitkinin əkilməsi istər-istəməz həm rütubət, həm də məhsuldarlıq itkisinə gətirib çıxarır”.

Qeyd edək ki, ötən ilin eyni dövründə 2024-cü ilin məhsulu 1 milyon 25,4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdi. Səpin aparılmış sahənin 99,0 faizini və yaxud 1 milyon 15,6 min hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdi. Onun 598,3 min hektarı buğda, 417,1 min hektarı arpa, 0,2 min hektarı isə çovdar əkinləri olub. Beləliklə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,6 faiz, o cümlədən buğdanın səpin sahəsi 9,9 faiz azalıb, arpanın səpin sahəsi 4,3 faiz artmışdı.

Göründüyü kimi, əkin sahələrinin azalması tendensiyası ikinci ildir davam edir. Halbuki 2020-ci ildə Qarabağ işğaldan azad olunduqdan sonra münbit və bolsulu torpaqlar hesabına Azərbaycanda əkinlərin artması, kənd təsərrüfatı məhsulu istehsalının sürətlə çoxalması gözlənilirdi.

Açıqlanan məlumatlarda işğal altında olmuş ərazilərin 680,8 min hektarının kənd təsərrüfatına yararlı torpaqlardan, 10,7 min hektardan çoxunun həyətyanı sahələrdən (bu torpaqlar da kənd təsərrüfatına yararlıdır), 247,3 min hektarının meşəliklərdən, qalan 234 min hektardan artıq sahənin isə sair torpaqlardan ibarət olduğu qeyd edilirdi. Hesab olunurdu ki, işğal altında olunmuş kənd təsərrüfatına yararlı torpaqların 207,0 min hektarı (30,4  faizi) əkinçilikdə, 54,7 min hektarı (8,0 faizi) çoxillik əkmələr altında, 380 min hektardan çoxu (55,9 faizi) heyvandarlığın inkişafında xüsusi əhəmiyyətə malik örüş-otlaq sahələri kimi istifadə oluna bilər. Çoxillik əkmələr altında olan torpaqların 37,8 min hektarı kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan üzümlüklərdən, 2 min hektardan çoxu meyvə bağlarından, qalanı isə baramaçılığın inkişafı üçün müstəsna əhəmiyyətə malik tut çəkilliyindən və digər çoxillik əkmələrdən ibarətdir. Kənd təsərrüfatına yararlı torpaqların 128,2 min hektarı, əkin torpaqlarının 80,5 min hektarı, çoxillik əkmələrin isə 38,2 min hektarı suvarılandır.

2023-cü ildə verilən açıqlamalardan aydın oldu ki, işğaldan azad olunmuş ərazilərdə toplam əkinə yararlı torpaqların sahəsi 160 min hektara yaxındır. Kənd təsərrüfatı naziri M.Məmmədov həmin vaxt bildirmişdi ki, bu, kosmosdan aparılan çəkilişlərə əsasən müəyyən edilib. Nazir həmçinin qeyd etmişdi ki, əkin aparılacaq torpaqların sahəsi iqlim, torpağın münbitliyi və digər amillərdən asılı olacaq.

Onun dediyinə görə, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi riayət olunmaqla 2020-21-ci təsərrüfat ilində 10 min hektar, 2021-22-ci illərdə 50 min hektar, 2022-23-cü illərdə isə 72 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Bu göstəricilər potensial ərazilərin cəmi 60 faizini təşkil edirdi və qalan 40 faiz ərazilər minalarla çirklənmə səviyyəsi yüksək olduğuna görə əkinı cəlb edilməmişdi.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi Ağdam rayonunda 2020-ci ildəki 30 695 hektardan 2023-cü ildə 26 677,5 hektara, Füzulidə 46 862,5 ha-dan 33 545,8 ha-ya, Xocalı rayonunda 2880 ha-dan 3705 ha-ya, Xocavənddə 9 216,2 ha-dan 1048,6 ha-ya, Şuşa rayonunda 2 263,9 ha-dan 1 473,1 ha-ya, Cəbrayılda 3494 ha-dan 3683,9 ha-ya, Kəlbəcərdə 429,5 ha-dan 381,5 ha-ya, Qubadlıda 46 ha-dan 2535 ha-ya, Zəngilanda 125 ha-dan 1803,8 ha-ya, Laçında 2073,3 ha-dan 3069 ha-ya düşüb və ya artıb.

Maraqlı haldır ki, 2022-ci ildə Cəbrayılda əkin altında olan torpaqlar 15 185,1 ha, Qubadlıda 14 596,1 ha, Zəngilanda 10 878,2 ha olub. Ümumilikdə Şərqi Zəngəzur iqtisadi rayonunda əkilən torpaqlar 2022-ci ildəki 43 944,7 hektardan 2023-cü ildə 11 473,2 hektara qədər azalıb.  Bu azalmanın səbəblərinə dair rəsmi açıqlama olmasa da, prosesin müəyyən qədər torpaqlardan istifadə hüququna dair qanunvericilikdə aparılan işlərlə bağlı olduğunu da demək olar. Belə ki, Milli Məclisdə işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatına yararlı torpaqların investisiya müsabiqəsi əsasında icarəyə verilməsi mexanizmini müəyyən edən qanun layihəsi artıq ikinci oxunuşdan keçib. Layihəyə əsasən azad olunan ərazilərin sakinlərinə icarə ilə bağlı güzəşt tətbiq olunacaq.

Gözləntilərə rəğmən əkinlərin azalması ilə yanaşı, ölkənin kənd təsərrüfatında artım sürəti də zəifləyib. Rəsmi statistikaya əsasən 2024-cü il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 995,2 milyon manat təşkil edib. Bunun 6 milyard 832,9 milyon manatı heyvandarlıq, 6 milyard 162,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. 2023-cü illə müqayisədə kənd təsərrüfatının istehsalı 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,7 faiz, bitkiçilik məhsulları üzrə isə 1,1 faiz artıb.

Rəsmi məlumata əsasən, 2024-cü ildə qarğıdalı da daxil olmaqla, 1 milyon 21,0 min hektar sahədən, hər hektardan orta hesabla 31,0 sentner olmaqla, ilkin çəkidə 3 milyon 276,6 min ton və ya 2023-cü illə müqayisədə 0,9 faiz çox dənli və dənli paxlalı bitkilər toplanıb. Bunun 1 milyon 685,7 min tonunu və yaxud 51,4 faizini buğda (148,1 min ton və ya 8 faiz az) təşkil edib. Bundan əlavə, 1 milyon 838,9 min ton və ya 2023-cü ilə nisbətən 0,7 faiz çox tərəvəz, 1317,9 min ton (4,5 faiz çox) meyvə və giləmeyvə, 927,4 min ton (8,2 faiz az) kartof, 490,6 min ton (11,9 faiz çox) bostan məhsulları, 307,0 min ton (11,1 faiz çox) pambıq, 289,1 min ton (31,5 faiz çox) şəkər çuğunduru, 205,1 min ton (8,6 faiz az) üzüm, 31,2 min ton (6,6 faiz çox) günəbaxan, 6,5 min ton (2,2 faiz çox) tütün, 1,1 min ton (4,8 faiz az) yaşıl çay yarpağı yığılıb.

Azərbaycan Hesablama Palatasının rəyinə görə, aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2 faiz azalıb. Palatanın “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində qeyd edilib ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 milyon manat subsidiya proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozundan 41,6 milyon manat və ya 9,4 faiz çoxdur. Bildirilir ki, dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və s.) 2020-ci ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi şəffaflığın artırılmasında mühüm addım olsa da, subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4 faiz artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR