Onlayn ictimai-siyasi qəzet
Hüquqşünas deyir ki, Rəfael Əliyevin təkbaşına 144 milyon manatı mənimsəməsi mümkünsüzdür
Naxçıvanın keçmiş maliyyə naziri, 144 milyon manatlıq yeyintidə ittiham olunan Rəfael Əliyevin məhkəməsi başlayır. Musavat.com-un xəbərinə görə, işə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində baxılır.
Rəfael Əliyev Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərovla birlikdə mühakimə edilir. Onların hər ikisi 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nın) Naxçıvanda keçirdiyi əməliyyatlarda həbs olunsa da, bir müddət əvvəl azadlığa buraxılıb. Məhkəmənin hazırlıq iclasında prokuror adları çəkilən sabiq məmurların azadlıqda qalması ilə razılaşıb, sadəcə, təklif edib ki, hökm çıxarılanadək onların haqqındakı başqa yerə getməməklə bağlı qətimkan tədbiri dəyişdirilməsin. Məhkəmədə Rəfael Əliyevlə Mansur Əsgərovun öz vəkilləri olduğu bilinib. Amma Bakıda yaşayan vəkillər Naxçıvanda keçirilən prosesə qatılmadığından, məhkəmə baxışı aprelin 15-nə təyin edilib. Həmin gün prokuror ittiham aktını açıqlayacaq.
Rəfael Əliyev maliyyə naziri təyin olunmazdan öncə Naxçıvan MR-in Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb. O, 2020-ci ilin avqustunda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə maliyyə naziri təyin edilib. Həbsindən bir müddət sonra - ötən ilin yanvarında vəzifəsindən çıxarılması barədə sərəncam imzalanıb.
Rəfael Əliyev və Mansur Əsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.
Korrupsiya cinayətlərinə görə həbs olunan şəxslərin qısa müddətdə azadlığa çıxması praktikası son illərdə geniş tətbiq edilir. Bir tərəfdən korrupsiyaya bulaşmış məmurlar həbs olunur, digər tərəfdən Azərbaycan məhkəməsi həmin məmuru açıb buraxır. Müşahidələr də göstərir ki, korrupsiya ittihamı ilə həbs olunan sabiq məmurların böyük əksəriyyəti vaxtından əvvəl azadlığa buraxılır. Bu, digər məmurlarda böyük oğurluqlara rəğmən qısa müddətli həbs həyatı yaşayacaqlarına arxayınlıq yaradır.
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Rəfael Əliyevin özbaşına 144 milyon manatı mənimsəməsi mümkünsüzdür: “Rəfael Əliyev vəzifədə olduğu müddətdə Naxçıvan rəhbərliyində təmsil olunan, ona nəzarət etməli olan şəxslər də onun suç ortağıdırlar və onunla müttəhimlər kürsüsünü bölüşməlidirlər. Nazir oğurlayıb, bundan Vasif Talıbovun xəbəri olmayıb? Naxçıvan elə bir yerdir ki, orada kimin neçə toyuğu varsa, o da bilinir. Problem ondadır ki, ölkəmizdə məmurlar gəlir bəyannaməsi vermirlər. Əgər məmur ilin əvvəlində bəyannamə verib göstərsə ki, 100 min manatlıq mal-mülkü, 100 min manat da vəsaiti var, növbəti ildə bəyannamə yazarkən bu rəqəm uzağı 10 faiz civarında arta bilər. Azərbaycanda isə məmurların mal-mülkü, vəsaitləri hər il 100-200 faiz artır. Yəni korrupsiya səviyyəsi yüksəkdir”.
Hüquqşünas deyir ki, Azərbaycanda müsadirə praktikası var: “15 ildir ki, bu praktika tətbiq olunur. Nazirlərin, məmurların əmlakları müsadirə olunur. Lakin çox vaxt hakimlər müsadirə məsələsində tərəddüd edirlər. Cəmiyyət müsadirə məsələləri haqda məlumatlandırılmır. Amma yaxşı olardı ki, müsadirə olunmuş əmlaklarla bağlı ayrıca ictimaiyyətə məlumat verilsin. Hər kəs bilsin ki, dövlətdən oğurlanan əmlak gec-tez geri alınır. İcra başçıları, məmurlar tərəfindən sahibkardan, iş adamlarından alınan əmlaklar sahiblərinə qaytarılmalıdır. Bu gün həbsdə olan sabiq icra başçılarının rüşvət aldığı, əmlakını mənimsədiyi vətəndaşlar çəkinmədən istintaq orqanına müraciət etməlidir”.
Hüquqşünas deyir ki, antikorrupsiya tədbirlərinə məhkəmə sistemi də uyğun qərarları ilə dəstək verməlidir: “Bu gün hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlarla həbsə alınan nazir, icra başçısı məhkəmələrin hesabına cəzadan tez bir zamanda azad ediləcəklərinə arxayındırlar. Ona görə də onlarda belə bir düşüncə formalaşıb ki, bacardığım qədər çox oğurlayım ki, həbsə alınsam, bir hissəsini xərcləyim, həbsdə kef edim, qısa müddətdə azadlığa çıxım və pulları da götürüb ölkə xaricində özümə gün ağlayım. Bu düşüncə məmurları daha çox oğurlamağa, daha çox talamağa sövq edir. Odur ki, məhkəmələr korrupsiya cinayətləri ilə bağlı həbsə alınanlara qarşı bacardıqca qanunun sərt üzünü göstərməlidirlər. Məhkəmələrdə korrupsionerlərə loyal münasibət göstərilməsi praktikasına birdəfəlik son qoymalıdırlar. Əks halda, korrupsiya ilə mübarizə istənilən effekti verməyəcək. Ona görə də korrupsiya əməli məhkəmə hökmü ilə təsdiqlənən məmurun əmlakı qeyd-şərtsiz müsadirə olunmalı, onun taladığı sahəyə, rayona qaytarılmalı, xalqın, millətin bu çətin günündə rifahına xərclənməlidir. Onun özü isə ən sərt cəzaya çatdırılmalıdır. Bu gün sadaladıqlarım yoxdur, ona görə də vəziyyət dəyişmir”.
Hüquqşünas deyir ki, 2007-ci ildə “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya” qəbul olunub: “Sonradan bu strategiya üzrə fəaliyyət planında nəzərdə tutulmuş işlərin icrasının sürətləndirilməsi istiqamətində ciddi göstərişlər verildi. Ötən müddətdə isə mübarizəni sürətləndirmək üçün çox əhəmiyyətli fərmanlar oldu, bir sıra qanunlara əlavə və dəyişikliklər edildi. Bu proses bu gün də davam etməkdədir. Bu gün ən müxtəlif qurumlarda, nazirliklərdə əyri yollara əl atan vəzifə sahibləri, məmurlar var. Belə vəzifə sahiblərinin həbsi, qandallanması olduqca vacibdir. Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar ümumilikdə ölkədə ab-havanı dəyişib, feodal təfəkkürlü icra başçılarının sərhədsiz qanunsuzluqları nisbətən də olsa aradan qalxıb. Belə tədbirlərin davamlı olması ümumilikdə duruma müsbət təsir edir. Zaman-zaman qanunsuzluq edən, dövlətin xalqa, millətə yönəlik addımlarına kölgə salan icra başçıları, nazirlər öz cəzalarını alırlar. Onları nəzarətdə saxlayırlar, araşdırırlar, yeri gələndə həbsə alır, cəzaya çatdırırlar. Kimliyindən asılı olmayaraq iş yerində korrupsiyaya, rüşvətə yol verirsə, əvvəl-axır onlar cəzasını alacaq”.
Hüquqşünas deyir ki, qanunun sərt üzü tam şəkildə korrupsiyaya bulaşmış məmurlara tətbiq olunmalıdır: “İcra başçıları, nazir müavinləri, bələdiyyə sədrləri və digər məmurlar həbs olunur. Qanuna görə, həbsə alınan şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulur, həmin əmlaklar həbsə alan orqanın sərəncamında olur. Məhkəmənin hökmündən asılı olaraq həmin əmlaklar dövlət nəfinə keçə də bilər. Hər şey son nəticədə məhkəmənin çıxardığı hökmdən asılıdır. Məhkəmələr belə hallarda birmənalı şəkildə korrupsiya əməli təsdiq olunan məmurun əmlakının müsadirəsi haqda qərar verməlidir. Əks halda, korrupsiyanın kökünü kəsmək çətin olacaq”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ