İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanın atəşə tutulmasının ŞOK SƏBƏBİ 

Dəhlizlə bağlı mübahisələrin qızışdığı ərəfədə İrəvana hərbi təxribatlar əmrini kimlər verir?

Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. “Yeni Müsavat” bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Ermənistan Silahlı Qüvvələri bir həftə öncə, sentyabrın 4-də də təxribat törədib, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Analitiklərə görə, bu təxribatların məqsədi bəllidir - Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılmasını mümkün qədər yubatmaq.

Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazda uzunmüddətli sülhə doğru mühüm addımdır...

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib: “Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlərlə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Bu arada İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyada Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün Moskvadadır. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün lazımi işləri gördüyü halda, Rusiyanın da dəhlizin açılması üçün ciddi maneə görmədiyi bir zamanda, İran bugünlərdə “xəyali dəhliz” ifadəsini işlədir...

İran əyalətlərinin Ali Şurasının üzvü Məhəmməd Sadeqi isə deyib ki, İranın geosiyasi sərhədlərinin dəyişdirilməsi heç bir şəkildə qəbuledilməzdir...

Aydın Mirzəzadə: “Azərbaycan yeni bir dövlətçilik imtahanından üzüağ çıxdı”  | KONKRET

Aydın Mirzəzadə 

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat” a şərhində bildirdi ki, Ermənistan ordusunun Naxçıvan istiqamətində törətdiyi təxribatın bir neçə izahı var. Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistan Fransa və Hindistan tərəfindən silahlandırılır: “Ermənistanın maddi imkanları böyük deyil. Bu silahların əvəzində Azərbaycana qarşı vaxtaşırı təxribatların törədilməsi, eyni zamanda beynəlxalq birlikdə Azərbaycanın fəaliyyətini azaltmaq üçün Ermənistan belə bir öhdəlik götürə bilər. İkinci səbəb Ermənistan Azərbaycanın təklif etdiyi 5 beynəlxalq hüquq prinsipi ilə sülh müqaviləsi üzərində işləyir, ancaq Ermənistan həmin öhdəlikləri öz üzərinə götürmək istəmir. Bu və ya digər formada Azərbaycana qarşı ərazi iddiasını hər zaman gündəmdə saxlamaq istəyir. Paşinyan bir tərəfdən Ermənistan Konstitusiyasının dəyişməsinin vacibliyindən danışır, amma son dövrdə konstitusiyanın dəyişməyəcəyini bildirir. Ermənistan bir tərəfdən özünü "Dağlıq Qarabağ" separatçılarından kənarda saxlamaq istəyir, amma sentyabrın 2-də İrəvanda təntənəli surətdə tədbir keçirdilər. Bütün bunlar onu göstərir ki, Ermənistan hələ sülhə tam hazır deyil. Azərbaycana təzyiq etmək üçün müxtəlif variantlar axtarmağa çalışır. Hərbi təxribatların arxasında siyasi məqsədlər durur. Ermənistanın hərbi potensialı Azərbaycanın hərbi potensialından qat-qat aşağıdır. Hərbi qarşıdurma olarsa, Azərbaycanın dəmir yumruğu ilə Ermənistana verilən cavab 44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatından da ağır ola bilər. Ermənistan hələ də beynəlxalq hüquq normaları çərçivəsində apar bilən dövlət kimi yetişməyib. Ermənistan hələ də bu müstəqilliyin, bu ərazinin tarixin müəyyən dövründə müəyyən qüvvələr tərəfindən bağışlandığını, özgə torpaqda özünə dövlət qurduğunun fərqinə varmır. İstənilən halda Azərbaycan bütün təxribatların qarşısını alır və gələcəkdə də alacaq".

A.Mirzəzadə İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini belə şərh edib: “İran hesab edir ki, Azərbaycan Ermənistan razılaşmasında mütləq iştirak etməlidir. Bunu açıq deməsə də, müxtəlif variantlarla bunu çatdırmağa çalışır. Eyni zamanda İran dəhlizin öz ərazisindən keçməsini istəyir, çünki bu dəhliz çox böyük gəlir gətirəcək regional və beynəlxalq iqtisadi layihədir. Təkcə Azərbaycanın bu hissəsi ilə Naxçıvanı birləşdirən kommunikasiya deyil, Şərqlə Qərbi birləşdirən, yolu qısaldan böyük gəlirli layihədir. Azərbaycan ilk növbədə Ermənistanla sülh müqaviləsi bağlamalıdır. Biz ancaq bu ölkə ilə kommunikasiya ilə bağlı ola bilmərik. Vaxtaşırı İran tərəfdən təxribat olur və münasibətlər uzun müddətə pozulur. Buna görə də Ermənistanla münasibətlərin normal olmasına çalışırıq, gec-tez bu baş tutacaq. Digər tərəfdən, Azərbaycan İran ərazisindən keçməklə tranzit yolunun çəkilməsi üçün saziş imzalayıb. Azərbaycan həm Zəngəzur dəhlizi, həm də İrandan keçən dəhlizdən maksimum istifadə edə bilər. Lakin müxtəlif yollarla xeyri tam üzərinə çəkməyə çalışan, yaxud özünü siyasi güc kimi göstərməyə çalışan qüvvələr var. Hesab edirəm ki, bunun sonu yoxdur. Qafqazda söz sahibi Azərbaycandır. Dəhlizin haradan keçəcəyini Azərbaycan müəyyənləşdirir. Bu məsələ gec-tez həllini tapacaq”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR