İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO tipli orduya tam keçidimiz uzaqda deyil - proqnoz

Azərbaycan dövləti Vətən savaşından sonra da öz hərbi qüdrətini artırmağa davam edir.  Bir neçə gün öncə müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi rəhbərliklə keçirdiyi toplantıda bildirdi ki, Ali Baş Komandan İlham Əliyev Türkiyə (NATO) tipli orduya keçidi sürətləndirməyi tapşırıb. Məlumdur ki, ölkə prezidenti bir neçə dəfə ordumuzun Türkiyə (NATO) tipli mini-modelə keçidini hədəflədiyini söyləyib.

Bəs vəziyyət nə yerdədir, keçid prosesi necə gedir, NATO tipli orduya keçid nə vaxt bitəcək?

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev II Qarabağ savaşında çox ciddi sınaqlardan keçdiyimizi söylədi: “Məlum məsələdir ki, Azərbaycan prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev ordumuzun yeni standartlara uyğunlaşdırılması barədə müvafiq tapşırıq verib. Bu o deməkdir ki, bizim silahlı qüvvələrimiz Türkiyə standartlarına keçir və bu istiqamətdə artıq işlər davam edir. Bunun təzahürü kimi biz artıq komando tipli hərbi hissələrin yaradılması oldu. Buna keçməyin əsas məram və məqsədi nədən ibarətdir? Bu gün məlumdur ki, Türkiyə ilə Azərbaycan arasında ”Bir millət, iki dövlət" prinsipi var. Azərbaycan son müharibədə bir daha hansı modelin daha üstün olmasının şahidi oldu. Ona görə də, Azərbaycanda türk ordusunun kiçik bir modelinin yaradılması məsələsi bu gün praktiki olaraq həyata keçməkdədir. Çünki 44 günlük Vətən müharibəsində biz çox ciddi sınaqlardan keçdik. Eyni zamanda, özümüz üçün ciddi nəticələr çıxardıq ki, Türkiyə və Azərbaycanda böyük qanunverici baza var.

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arzu Nağıyev: “Birmənalı şəkildə o formanı götürəcəyik”

Məlum məsələdir ki, Şuşa Bəyannaməsi var. Bu bəyannamənin əsasında qanuni olaraq bir sıra addımlar ata bilərik. Ona görə də qarışıqlı kömək etmək, Azərbaycanın hər hansı bir problemi olarsa Türkiyəmizin yanımızda olması yaxud əksinə bizim qardaş ölkənin yanında olması çox vacib amildir. Türk silahının nəyə qadir olduğunu Suriya və bir sıra ölkələrdə gördük. Bunlar NATO standartları tərəfindən qəbul edilmiş silahlardır. Ona görə biz Türkiyə ilə ən müasir silahların alınması üçün müqavilələr imzaladıq. Bu silahları da işlətmək üçün NATO standartlarına uyğun addımlar atmaq lazımdır. Azərbaycan və Türkiyə arasında bu gün qarışıqlı münasibət ən yüksək səviyyədədir. İki ordunun inteqrasiyası və bundan çıxan nəticələr də çox mühüm məsələdir. Bu proses elədir ki, ordumuzu formalaşdıranda müharibələrlə, müxtəlif qarşıdurmalarla buna addım-addım nail olmuşuq. Ən ciddi nəticə kimi 44 günlük savaşda türk ordusunun modelini seçdik. Bu keçid təbii ki, bir hədəfdir. Addım-addım biz irəliləyirik. Tam şəkildə bu orduya keçmə prosesinin bu gün və ya sabahın işi olduğunu demək tam inandırıcı görünməz. Lakin bu istiqamətdə ciddi addımlar atılır. Biz birmənalı şəkildə o formanı mütləq şəkildə götürəcəyik. Bu istiqamətdə də çox ciddi işlər gedir".

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də

Şair Ramaldanov: “Fikrimcə, bu model artıq 80-90% qurulub”

Polkovnik Şair Ramaldanov isə daha çox NATO ölkəsi olan Türkiyə Ordusu ilə Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri birgə təlimlərə toxundu: “Azərbaycan Ordusu Türkiyə Ordusunun nümayəndələri ilə təmasda olduğu andan demək olar ki, onların verdiyi məsləhətlərə çox diqqətli yanaşır. Hələ müharibədən sonra, hətta müharibə zamanı bilirsiniz ki, qardaş ölkənin hərbçiləri Azərbaycana gəliblər, ölkəmizdə hərbi sahədə müəyyən məsləhətlərini veriblər. Onlarla 90-cı illərdən təmasdayam. Biz daimi bu prosesin içərisində olmuşuq. Hələ ulu öndər vaxtında ”Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq hərbi məktəblərimizdə demək olar ki, hər kafedrada Türkiyədən gəlmiş mütəxəssislər var idi. Tədris proqramında, kadr hazırlığında biz onların məsləhətlərini diqqətlə nəzarətdən keçirirdik. Ondan sonra Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında da Türkiyədən gələn nümayəndələr akademiyanın fəaliyyətində iştirak edir, tədris proqramının hazırlanmasında fəallıq nümayiş etdirirdilər. Məhz bu səbəbdən qərargahda işlənən sənədlər böyük ölçüdə NATO üslubunda hazırlanıb. Bura elmdir, necə ki, riyaziyyat və başqa elmlər var, eləcə də hərbi elm mövcuddur. Doğrudur, qərargahda olan bəzi sənədlərdə, vəzifə quruluşlarında filan dəyişikliklər olunur. Müəyyən dövrdə bizim istifadə etdiyimiz silah bazası, texnika baxımından bir sıra ölkələrdən müasir silahlar almışıq. Heç vaxt inkişafın sonu olmur. Bu gün biz o modeli özümüzdə qurmuşuq. Fikrimcə, bu model 80-90% qurulub. Bu gün elə bir sahə tanımıram ki, Türkiyə ilə həmin sahə üzrə uzlaşmayaq. Qardaş ölkədə orduya olan yanaşmalar bu gün ölkəmizdə orduya tətbiq edilir.

Azərbaycan Ordusu müharibədən qələbə ilə çıxıb. Biz bu qələbədən müəyyən təhlillər aparmışıq, öz yanaşmalarımız yaranıb. NATO dövlətlərinin hər birinin özünəməxsus özəlliyi var. Türkiyə ilə mütəmadi olaraq birlikdə hərbi təlimlər keçiririk. Əsas işlər görülür. Bilirsiniz ki, Müdafiə Nazirliyində ştat quruluşunda müəyyən dəyişiklər edildi. Düşünürəm ki, Ali Baş Komandanın Müdafiə Nazirliyi qarşısındakı tapşırıqlarını yerinə yetirmişik və yetirməyə də davam edəcəyik".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR