Onlayn ictimai-siyasi qəzet
Almaniyanın müdafiə naziri və alyansın baş katibi həyəcan təbili çalır; heç vaxt olmadığı qədər bir eskalasiya riski var
Son günlər üçüncü dünya müharibəsinin anonsları artıq verilməyə başlanıb. Düzdür, Ukrayna-Rusiya savaşı, İsrail-HƏMAS müharibəsi timsalında dünya qütbləri arasında uzun müddətdir müharibə getdiyini söyləyə bilərik.
Ancaq indi açıq şəkildə NATO-Rusiya, yaxud da Qərblə Rusiya arasında müharibə başlayacağı dilə gətirilir. Bu, artıq üçüncü dünya müharibəsinin başlaması anlamına gəlir. Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, Qərb ölkələri yaxın 3-5 il ərzində Rusiya ilə mümkün müharibəyə hazırlaşmalıdırlar. Bu barədə o, “ZDF” telekanalının efirində danışıb: “Hərbi ekspertlər Rusiyanın hərbi əməliyyatlara başlaya bilməsi üçün bir neçə il lazım olacağından çıxış edirlər. Bu, yalnız təxmindir, heç kim dəqiq bilmir. Və biz bu müddətdən - yaxın 3-5 ildən intensiv şəkildə silahlanmaq üçün istifadə etməliyik”. Nazir qeyd edib ki, söhbət hər hansı konkret hücuma hazırlaşmaqdan deyil, “nə vaxt baş verib-verməyəcəyi bilinməyən” təhlükəni dəf etməyə hazırlaşmaqdan gedir: “Belə olan halda, bu o deməkdir ki, siz tam silahlanmalısınız və biz NATO müttəfiqlərimizlə birlikdə bunu edirik”.
Boris Pistorius Bundesver briqadasının Litvada planlaşdırılan yerləşdirilməsini bununla izah edib. Vurğulayıb ki, briqada “2027-ci ilədək tam döyüş hazırlığı” vəziyyətinə gətiriləcək. Alman nazir yaxın 3-5 ildə üçüncü dünya müharibəsinin anonsunu vermiş oldu. Yenə savaşda əsas tərəflərdən biri Almaniya ola bilərmi? NATO baş katibi Yens Stoltenberq isə açıqlayıb ki, alyans Rusiya ilə münaqişə həddinə çatıb, bundan yayınmağa çalışırlar. Böyük Britaniyanın “Daily Mail” nəşrində sözügedən mövzu ilə bağlı maraqlı bir məqalə yayımlanıb. Həmin məqaləyə görə, Rusiya-NATO müharibəsi 3 mərhələni əhatə edəcək. Nəşrin ekspertləri əmindir ki, Rusiya Federasiyasının NATO-ya qarşı ehtimal olunan müharibəsi irimiqyaslı kiberhücumlar və Şərqi Avropaya endirilən raket zərbələri ilə başlayacaq. Çox güman ki, Rusiya Avropa ölkələrinin peyk rabitəsini məhv etməyə cəhd edə bilər. “Rusiya Avropadakı mülki hədəflərə qarşı yüzlərlə uzaq mənzilli, dəqiq idarə olunan raketlərdən istifadə etməkdən çəkinməyəcək”, - ABŞ Ordusunun Avropadakı keçmiş komandanı Ben Qodces deyib.
O, həmçinin əlavə edib ki, ruslar bu hərbi cinayətlərin nəticələrinə əhəmiyyət verməyəcəklər. Ekspert hesab edir ki, dəniz limanları, hava limanları və nəqliyyat qovşaqları, hətta hərbi qərargahlar və aerodromlar da təhlükə altındadır. Raket zərbələri və kiberhücumların ardınca quru, dəniz və hava hücumları ola bilər. Ekspertlər hesab edirlər ki, hücumlar Polşa, Litva və Rusiyanın Kalininqrad vilayətini birləşdirən Suvalki dəhlizində başlaya bilər. Dəhlizin ələ keçirilməsi uğurlu olarsa, ruslar işğalı Baltikyanı ölkələrdən birinə - Litva, Estoniya və ya Polşaya qədər genişləndirəcəklər. Sonra Rusiya donanması, iqtisadi və təhlükəsizlik baxımından beynəlxalq ticarət üçün yeni bir marşruta çevriləcək Şimal Dəniz Marşrutunu nəzarət altına almağa çalışacaq.
Ekspertlər hesab edir ki, İran, Çin və Şimali Koreya bu müharibədə Rusiyanın tərəfini tuta bilərlər. Məsələn, Çin Rusiya ilə NATO arasındakı müharibədən Tayvanı işğal etmək üçün istifadə edə bilər. Lakin Çinin Avropa üçün birbaşa təhlükə yaratması ehtimalı azdır. İran isə NATO ilə münaqişədə Rusiyanın tərəfində birbaşa iştirak edə bilər. Analitiklər əmindir ki, Rusiya NATO ilə müharibədən çəkindirilə bilər. Godces qeyd edib ki, yuxarıda təsvir edilən ssenari qaçılmaz deyil, lakin bunun üçün biz təhlükəni aydın şəkildə başa düşməliyik.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova konfliktin getdikcə dərin və coğrafi cəhətdən geniş miqyas aldığı qənaətindədir. Onun hesablamalarına görə, Şimali Koreya, Çin, Rusiya və İran bir qütbdə, kollektiv Qərb, xüsusən anqlosakson dünyası bir tərəfdədir: “Biz müxtəlif münaqişə ocaqlarında oxşar oyunçuların iştirakını görməkdəyik. Hazırda NATO və Rusiya, yaxud Şərq-Qərb toqquşması proksi müharibə səviyyəsində davam etməkdədir. Əgər hər iki qoşunlar üz-üzə dayansalar, o zaman dünya cəhənnəmə çevrilə bilər. Amma indiki həyəcan göz qabağındadır. NATO 90 minlik qoşunla təlimlərə başlayıb. 1988-ci ildə 120 minlik qoşunla təlimlər keçirilmişdi, indi Rusiyanın həndəvərində 90 minlik NATO ordusu təlimlər edir. Təbii ki, Avropa savaşın hənirtisini hiss etməyə yaxındır”. Ekspertə görə, sadəcə, hər iki qütb bilir ki, savaşın başlanması hamı üçün fəlakət deməkdir: “Çünki sonu görünməyən bir müharibə ola bilər. Bununla belə, Qərb Şərqlə hər zaman qarşıdurmanı davam etdirəcək. Məqsəd Avrasiya qitəsini, avrasiyaçılığı məğlub etmək, dişlərini çəkməkdir. Ukrayna müharibəsi rusların dişsiz bir vəziyyətə gətirilməsi üçün hesablanmış uzunmüddətli strateji müharibədir. Elə Belqorodda təyyarə hadisəsi göstərdi ki, Rusiyanın yaxasından əl çəkməyəcəklər. Onu strateji olaraq bir tələyə salıblar. Oradan çıxmaq isə illərlə mümkün olmayacaq. Yəni həm savaş, həm sanksiyalar davam etdiriləcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ