İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO rəsmisi Bakıda, Avropa İttifaqı təmsilçisi də gəlir - Azərbaycan çarpaz basqı altında?!

Qərb anti-Rusiya koalisiyasını genişləndirmək üçün israrçı mövqeyə keçib, hər iki rəsminin Rusiyanın qonşusu olan üç ölkəyə səfəri Ukrayna konflikti ilə bağlı ola bilər; deputat: “NATO-ya Əfqanıstandan çıxış zamanı ən böyük dəstəyi elə Azərbaycan verib, ona görə də...”

Aprelin 28-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi səfiri Xavyer Kolomina Bakıya səfər edib. “Yeni Müsavat” bildirir ki, buna qədər o, İrəvanda və Tiflisdə olub, gələn həftə isə “Şərq Tərəfdaşlığı” məsələləri üzrə səfir, Avropa İttifaqına sədrlik edən Fransanın təmsilçisi Bris Rokfey də Bakıya rəsmi səfərə gələcək. Ukrayna müharibəsində tərəf olan NATO və Rusiyaya qarşı öldürücü iqtisadi sanksiyalar tətbiq edən Avropa İttifaqı nümayəndələrinin Bakıya səfərləri olduqca diqqət çəkir.

Yada salaq ki, iki gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə idarənin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində Bakının xarici siyasət kursunu balanslı adlandırmış, amma çox maraqlı bir ifadə işlətmişdi. O bildirmişdi  ki, balanslı xarici siyasət kursu istiqamətində “Azərbaycan  rəhbərliyinin üzləşdiyi təzyiqləri başa düşürük”. Bu, o anlama gəlir ki, rəsmi Bakıya Qərbin təzyiqləri var. Amma rəsmi Bakı bu açıqlamaya heç bir mövqe bildirməyib.

O da faktdır ki,  hər gün gərginləşən NATO-Rusiya münasibətləri fonunda balanslı siyasət yürütməyə çalışan dövlətlərə aşkar və gizli təzyiqlər artmaqdadır. Azərbaycanın həm NATO, həm Avropa İttifaqı ilə normal hesab oluna biləcək əlaqələri var. Azərbaycandan ən çox məhsul Avropa İttifaqı ölkələrinə ixrac edilir, NATO ilə münasibətlər də şəffaf  əməkdaşlıq prinsiplərinə əsaslanır. Amma görünən odur ki, qarşıdakı aylarda balanslı siyasət yürütmək daha da çətinləşəcək. Azərbaycan konfliktdə tərəf deyil, bu, Bakının prinsipial mövqeyidir. Amma Qərbin indi anti-Rusiya koalisiyasını genişləndirmək üçün israrçı mövqeyə keçdiyi də qeyd edilməlidir.

Hər iki rəsmi şəxsin indiki şəraitdə Rusiyanın qonşusu olan üç Cənubi Qafqaz respublikasına səfərləri, əlbəttə ki, səbəbsiz deyil, bəlkə də Ukrayna konflikti ilə birbaşa bağlıdır. Bəs Qərb bizdən nə istəyə bilər, həm NATO-nun, həm Avropa İttifaqının Azərbaycana təzyiq rıçaqları hansılardır? Bu gedişat Bakıya hansı siyasi kursu diktə edir və edəcək? Ümumiyyətlə, səfərlər təzyiq məqsədi daşıyırmı? Qərb Bakıdan Ukrayna böhranında onun yanında dayanmağı tələb edirmi?

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, hər hansı təzyiq üçün əsas görmür. Deputat düşünür ki, NATO-ya Əfqanıstandan çıxış zamanı ən böyük dəstəyi elə Azərbaycan verib. “Bunu NATO baş katibi Yens Stoltenberq də xüsusi qeyd etmişdi. Kabul aeroportundan çıxışa qədər Türkiyə və Azərbaycan sülhməramlıları orada oldular. Ona görə Azərbaycan həmişə tərəfdaşlığa sadiq olub və təzyiq üçün hansısa əsas olduğunu güman etmirəm”, - deyə, A.Mollazadə vurğuladı.

Deputatın sözlərinə görə, bununla belə, Ermənistanla İran arasında hərbi münasibətlər NATO-nu narahat edə bilər: “NATO və Avropa İttifaqı nümayəndələri Azərbaycanda Cənubi Qafqazın sabitliyini, enerji təhlükəsizliyini müzakirə etməlidirlər. Gəlin unutmayaq ki, qardaş Türkiyə NATO-da Amerikadan sonra əsas ikinci hərbi qüvvəsi olan dövlətdir”.

qabil huseynli | Banker.az

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin  bildirdiyinə görə, NATO ölkələri Azərbaycanı və Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmaq üçün ciddi səylər göstərirlər: “Ümumiyyətlə, Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar intensivləşib. Qərb özü Cənubi Qafqazda möhkəmlənmək istəyir, həm də Rusiyanı regiondan çıxarmaq istəyindədir. Məncə, baş verənlər müsbət proseslərdir və bu ölkələrin maraqlarına uyğundur. Bu kontekstdə sülh sazişinin imzalanması istiqamətində də gedişat sürətlənə bilər. Çünki Avropa İttifaqı təşəbbüsü ələ almağa çalışır və müəyyən nəticələr də əldə edib. Rusiya-Qərb arasında yaranmış kəskin soyuqluq nəticəsində sülh müqaviləsinin kimin vasitəçiliyi ilə bağlanacağı rəqabəti hələ davam edəcək”. 

Q.Hüseynli istisna etmir ki, Azərbaycana Ukrayna müharibəsi ilə bağlı Qərbin yanında olmaq kimi mesajlar verilə bilər: “Ancaq Azərbaycan mövqeyini bildirib. Həmçinin deputat Erkin Qədirli Avropa Şurasında kifayət qədər sanballı çıxış etdi, hətta Azərbaycanı nüvə silahı ilə hədələyən rus deputatı Delyagini də xatırlatdı. Bakı Ukraynaya humanitar yardım göstərib, müharibədən əvvəl Azərbaycan Prezidenti bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb. Bu baxımdan Bakı müharibə ilə bağlı son dərəcə praqmatik siyasət yürüdür. Ukrayna lideri Zelenski də demişdi ki, biz Azərbaycanı başa düşürük və humanitar dəstəyini qiymətləndiririk”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

 Fuad Əliyev

ALDP sədri Fuad Əliyev isə deyir ki, Qərbin bölgədə aktivliyi göz qabağındadır: “Bu səfərlərin mahiyyəti də regionda fəallığı artırmağa hesablanıb. Avropa İttifaqı sülh müqaviləsinin bağlanmasını reallaşdırmaq və Rusiyanı bu məsələdə ofsaytda qoymaq istəyir. Bu səbəbdən nümayəndələrini göndərirlər. NATO da Ukraynanı dəstəkləyən bir alyans olaraq Rusiyaya qarşıdır və təbii ki, Cənubi Qafqaza öz rəsmilərinin səfərlərini təşkil etməklə onların fikirlərini öyrənmək istəyir”.

Partiya sədri hesab edir ki, Azərbaycanı belə həssas və mürəkkəb geosiyasi burulğanda bütün tərəflər anlamalıdırlar: “Azərbaycan NATO ilə birlikdə beynəlxalq terrorizmə qarşı mübarizədə müttəfiqdir. Ancaq Rusiyanın Ukraynada apardığı müharibədə Bakının bu hərbi alyansın yanında dayanması ciddi siyasi xəta ola bilər və Moskva ilə münasibətləri kəskinləşdirər. Hətta NATO-da ikinci ölkə olan Türkiyə belə bu böhranda neytral dayanmağa çalışır və Putinlə Zelenskini görüşdürmək, atəşkəsə nail olmaq istəyir. Əgər bir NATO dövləti münaqişədə tərəf deyilsə, Azərbaycan nə etməlidir? Əksinə, Bakı Kiyevə və Moskvaya danışıqlar üçün ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Bu mənada Cənubi Qafqaza səfərlərin niyyəti regionda mövcudluq, Rusiyanın təsirlərini azaltmaq, proseslərdə aktiv iştirak etmək məqsədi güdür”.

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR