İnsanlara hürriyət, millətlərə istiqlal!

“NATO ölkələrini yarım saata məhv edərik”- Rusiya rəsmisi


 Dmitri Roqozin: "Və bu, dərhal və tez edilməlidir"  

“Roskosmos”un rəhbəri Dmitri Roqozin Şimali Atlantika Alyansına(NATO) daxil olan ölkələri nüvə müharibəsinin qarşısını almağa çağırıb. Roqozinə görə, bu təhlükənin nəticələri Yer kürəsinə ciddi təsir edəcək. Bu barədə o, “Teleqram” kanalında yazıb.

“Nüvə müharibəsində NATO ölkələri bizim tərəfimizdən yarım saat ərzində məhv ediləcək. Lakin biz buna imkan verməməliyik, çünki qarşılıqlı nüvə zərbələrinin nəticələrini bütün Yer kürəsi hiss edəcək”,- deyə Roqozin yazıb.

Onun sözlərinə görə, Rusiya adi silahlarla “iqtisadi və hərbi baxımdan daha güclü düşməni” məğlub etməli olacaq. Bunun üçün “Roskosmos” rəhbəri hesab edir ki, bütün  Rusiya xalqı ordu ilə həmrəyliyini nümayiş etdirməli, iqtisadiyyatın səfərbər olunması,  hərbi sənaye kompleksinin və əlaqəli sənaye sahələrinin müharibə şəraitinə keçirilməsi lazımdır. "Və bu, dərhal və tez edilməlidir",- deyə Roqozin bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirmişdi ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi qeyri-mümkündür, çünki bu, hərbi xüsusi əməliyyatın məqsədlərinə uyğun gəlmir. Onun sözlərinə görə, nüvə silahının mümkün istifadəsinin bütün ssenariləri Rusiyanın hərbi doktrinal sənədlərində aydın şəkildə yazılıb.  

Qeyd edək ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də jurnalistlərə geniş müsahibəsində nüvə müharibəsi təhlükəsi haqda danışıb. O, “nüvə müharibəsi realdırmı” sualına belə  cavab verib: ”Tarixdə nüvə silahından istifadə edən yeganə ölkə ABŞ-dır. Onlardan hər şeyi gözləmək olar. Onların konsepsiyasında qabaqlayıcı hücum hüququ var. Bizim konsepsiyamızda isə yalnız müdafiə çərçivəsində belə hüquq var. Bizə nüvə zərbəsi  vurulsa, əlbəttə ki, cavab verəcəyik”. 

Yada salaq ki, bir gün əvvəl NATO-nun baş katibi  Yans Stoltenberq deyib ki, Şimali Atlantika Alyansı yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir.

Eyni zamanda, Stoltenberq Ukraynaya yeni silahların verilməsini davam etdirməyin tərəfdarı olduğunu bildirib: “Ukrayna uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalma silahlarla müdafiə edə bilməz, müasir Qərb silahlarına keçməlidir", - deyə, o qeyd edib.

O, Rusiyaya Ukraynada nüvə silahının tətbiqinə qarşı xəbərdarlıq da edib: “Bizim mesajımız birmənalıdır: nüvə silahından istifadə ona gətirib çıxaracaq ki, bu baş verərsə, bütün tərəflər uduzmağa məhkum olacaq. Nüvə müharibəsində heç kim, heç vaxt qalib ola bilməz. O cümlədən Rusiya tərəfi də bu barədə danışarkən ətraflı düşünməlidir və bu müharibənin baş verəcəyi barədə fikir söyləməkdən çəkinməlidir”,- deyə Stoltenberq bildirib.

NATO-nun baş katibi həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin təhdidlərinə baxmayaraq, Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra təşkilatda Rusiyanın nüvə arsenalını ən yüksək hazırlıq səviyyəsinə gətirildiyini göstərən heç bir məlumat yoxdur”.

Orxan ƏLİYEV,
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR