İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun keçmiş baş katibindən anti - Azərbaycan çağırışları

10 il öncə Azərbaycan dövləti və prezidenti haqqında yüksək fikirlər söyləyən Rasmusseni kim və necə dəyişdi - ilginc detallar

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Qərblə Ermənistanın gələcək qarşılıqlı fəaliyyəti mövzusunda məqalə dərc edib. Öncə onu qeyd edək ki, Rasmussenin, həm də onun rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi”nin Azərbaycana qarşı qərəzli münasibəti çoxdan bəllidir.

O, 2023-cü il martın 14-də Laçın rayonu ilə şərti sərhədə gələrək “Qarabağa qayıda bilməyən” ermənilərlə görüşmüşdü. Həmin vaxt məlum oldu ki, Andreas Foq Rasmussenin rəhbərlik etdiyi “Rasmussen Global” siyasi konsaltinq təşkilatı məhz Ermənistandan, Qərb dövlətlərindəki erməni diasporundan maliyyələşir. Baş ofisi Kopenhagen şəhərində yerləşən qurumun Brüssel, Berlin, London və Vaşinqton şəhərlərində ofisləri var. Ermənilər Rasmussen vasitəsilə Avropa İttifaqının aparıcı təşkilatlarında Azərbaycan əleyhinə sərt qərarların qəbul edilməsinə çalışırlar. Sözügedən məqalə də bunu bir daha göstərir. Ramussen yazısında Aİ-yə çağırış etməyə xüsusi diqqət edir. Belə ki, NATO-nun sabiq baş katibi Ermənistan istiqamətindən təcavüz başlayarsa, Azərbaycanı gözlənilən nəticə ilə hədələyir, Avropa Sülh Fondunun maliyyələşdirilməsi vasitəsilə Ermənistana siyasi, iqtisadi və müdafiə yardımının daha da gücləndirilməsinə, Almaniyaya isə Fransadan nümunə götürərək Ermənistana hərbi yardım göstərməyə çağırış edilir. Rasmussen ABŞ-la hərbi təlimlərin intensivləşməsindən, Ermənistanın Aİ ilə yeni iqtisadi əlaqələrinin qurulmasından, KTMT-dən çıxmaq istəyindən də bəhs edir.

Bu ilin yazında anti-Azərbaycan mövqeyi ortaya qoyan Rasmussenə Bakıdan kifayət qədər sərt cavab verilmişdi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Danimarkanın keçmiş baş naziri və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında yer alan iddialara dair şərhində bildirmişdi ki, Anders Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq, şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə edir. “Açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti "RasmussenGlobal"ı tanıtmaq, şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə davam edir. Ermənistan hökuməti onun müştərisi kimi, “çox düşünülmədən təsdiqlənmiş” bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib", - XİN sözçüsü aydın mətnlə bildirmişdi. Görünür, ermənilərin vitrinində görünməklə auksionda qiymətini qaldırması NATO-nun sabiq baş katibinin diş altında olan iştahını açıb və növbəti dəfə cəfəng iddiaları tirajlamasına stimul verib. Əks təqdirdə, sözügedən məqaləyə lüzum olmazdı. 

Fərhad Məmmədov: "Artıq qərar vermək vaxtıdır, Ermənistan sülhə  hazırdırmı?" - VİDEO

Fərhad Məmmədov

Məqalə ilə bağlı geniş şərh verən politoloq Fərhad Məmmədov qeyd edir ki, Rasmussenin təqdim etdiyi Ermənistan görüntüsü İrəvanı Rusiyanın forpostundan Qərbin forpostuna çevirmək istəyi deməkdir: “Bir daha görürük ki, Ermənistanın coğrafiyasına, resurslarına və tarixinə əsaslanaraq formalaşmalı olan təbii maraqları xarici sponsorların maraqları ilə əvəzlənir. Ermənistan regiondankənar aktorların maraqlarını ölkənin yaxın qonşularının gözləntilərindən üstün tutur”. Politoloqa görə, Ermənistan rəhbərliyi dərk etməlidir ki, belə mövqe dayanıqlı deyil və sponsor ölkələrin konkret liderlərinin maraqları ilə bağlıdır. F.Məmmədov hesab edir ki, təhlükəsizlik sistemində sabitlik ancaq konkret qonşularla - Azərbaycan, Türkiyə, Gürcüstan və İranla əldə edilə bilər: “Son 25 ilin təcrübəsi göstərdi ki, forpost olmaq, qonşulara qarşı istifadə edilmək müəyyən müddətə təsir göstərə bilər, amma qaçılmaz fəlakətə gətirib çıxarır. Ermənistan öz qonşularını qıcıqlandırmamaq və təhdid etməmək üçün subyekt olmağı öyrənməlidir. Bütün bunlar yenə əvvəlki mətnlərdə qeyd olunan neytral statusun qəbulu ilə bağlıdır”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

 Məhəmməd Əsədullazadə

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan rəhbərliyi NATO-nun sabiq baş katibi Rasmussenin “xidmətlərindən” müharibədən əvvəl istifadə etməyə başlayıb: “Vaxtilə Rasmussenin NATO baş katibi olması onun Qərbin bir çox mərkəzləri ilə əlaqələr qurmasına imkan verib. Ermənistan hakimiyyəti də ondan məhz pul müqabilində istifadə etməyə başlayıb. Xüsusilə bu istifadə anti-Azərbaycan ritorikası ilə davam edir. Baş nazir Nikol Paşinyan onu ölkəsinə dəvət edib və baş verənlərə görə də məhz özü məsuliyyət daşıyır. O, bir tərəfdən sülh müqaviləsindən danışır, digər tərəfdən isə Azərbaycana qarşı qara kampaniya aparır. Bu, Ermənistan rəhbərliyinin sülh müqaviləsində maraqlı olmadığını, informasiya müharibəsi apardığını göstərir”. Ekspert hesab edir ki, bu yolla Qərbin Azərbaycana qarşı təzyiqlərinə yol açmaq istəyirlər: “Faktiki olaraq Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə zərbə vurmaqla öz əleyhinə təbliğat aparmış olurlar. Lakin Rasmussenin anti-Azərbaycan yazıları heç də ölkəmiz əleyhinə geniş təbliğata gətirib çıxarmayacaq. Qərb dövlətləri ilə Azərbaycan arasında sıx siyasi və enerji sahəsində əməkdaşlıq var. Qərb də Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində maraqlıdır. Nikol Paşinyan Qərbin təzyiqləri fonunda Rasmusseni ortaya atmaqla çalışır ki, danışıqlarda müəyyən üstünlüklər əldə etsin. Amma bu kimi yazılar və təbliğatla Qərb sülhü pozacaq prosesə nazil ola bilməz. Fransa burada nələrsə edə bilər. Amma Almaniya, Böyük Britaniya və İtaliya buna getməyəcək. Hesab edirəm ki, Azərbaycan da Qərbdə təbliğat işlərini qurmalı və informasiya müharibəsində müdafiə mövqeyində dayanmamalı, hücuma keçməlidir”.

Yeri gəlmişkən, Anders Foq Rasmussen NATO-nun baş katibi olarkən Azərbaycana,  Prezident İlham Əliyevə hər zaman sayğılı davranıb, bu barədə fikirlərini açıq şəkildə ifadə edib. Məsələn, on il əvvəl Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibi ilə görüşmüşdü. Anders Foq Rasmussen dövlətimizin başçısı İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulamışdı. Prezident İlham Əliyevin NATO-ya, özünün isə 2012-ci ildə Bakıya etdiyi səfərləri xatırlayan Anders Foq Rasmussen keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını demişdi. NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdi. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu deyib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulamışdı. Eyni zamanda mətbuat konfransında çıxış edən baş katib Anders Foq Rasmussen “biz Cənubi Qafqaz regionuna sadiqik və sadiq qalacağıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır. Biz qoşunlarınızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Biz həmçinin NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik. Nəhayət, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə verdiyiniz xeyirxah dəstəyinizə görə də "çox sağ olun" deyirik.

Cənab Prezident, 2014-cü ildən sonra əfqan təhlükəsizlik qüvvələri üçün təlim keçirmək, məsləhətlər vermək və yardım etmək kimi Əfqanıstandakı yeni missiyamıza verəcəyiniz davamlı dəstəyə görə minnətdaram" demişdi.

Bəs nə baş verdi ki, keçmiş baş katib “val”ı çevirdi və anti-Azərbaycan mövqeyi sərgiləməyə başladı? Nə baş verib: Azərbaycandan şəxsi maraqlarının təmin olunmasını gözləyib, buna nail ola bilməyib? Yoxsa ölkəmizin öz ərazilərini hərbi yolla azad etməsi onu da hövsələdən çıxarıb və Qarabağın əbədi ilhaqı ilə bağlı planın iflasa uğramasını sinirə bilmir? Hər halda, suallar çoxdur, amma çətin ki, keçmiş baş katib cəsarət nümayiş etdirib Azərbaycana nifrətinin, qərəzinin kökündə dayanan səbəbləri dilə gətirsin, ən azı erməni pulları onun dilinin açılmasına imkan verməz...

E.Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR