Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının Ermənistandakı missiyası hərbi blokun platformasına çevrilir; hətta Kanada və ABŞ-dan hərbi qulluqçular oraya göndərilir - Bakı üçün hansı təhlükə var?
“Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası NATO missiyasına çevrilir”. “Yeni Müsavat” xatırladır ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində bildirib. Lavrovun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan şəxsən Avroittifaq missiyasını Ermənistana dəvət edib:
“Paşinyan həmin vaxt Azərbaycana bunun cəmi 2 ay olacağını vəd edirdi. Lakin 2 aydan sonra Aİ Azərbaycana məhəl qoymadan bu missiyanı ikiqat artırdı. İndi Norveç, Kanada və ABŞ-dan hərbi qulluqçular hələ də oraya göndərilir və Avropa İttifaqının missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər”. Göründüyü kimi, Aİ üzvü olmayan ölkələr də müşahidə missiyası adı ilə regiona yerləşirlər. Bunun davamı olaraq aprelin 5-də Brüsseldə hərbi pakt imzalansa, o zaman Lavrovun dediklərində daha böyük həqiqət payı ola bilər. Çünki rəsmi İrəvan təhlükəsizlik sahəsində yeni müttəfiqlər axtarışına çıxdığını gizlətmir.
Yada salaq ki, iki gün sonra Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında keçiriləcək görüşdə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında hərbi paktın əldə edilməsi planlaşdırılır. Ayrı-ayrı ölkə hərbçilərinin regiona gəlməsi və Ermənistanda toplanması isə qətiyyən Azərbaycanın maraqlarına uyğun deyil. Ermənistanın öz təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqı və ABŞ-ı seçməsi rəsmi Bakını həm də ona görə narahat edir ki, son 20 ildə ABŞ və Aİ hara gedirsə və ya kimə təhlükəsizlik qarantiyası verirsə, orada münaqişə baş verir. Yəni həmin ölkənin, regionun təhlükəsizlik arxitekturası xaraba qalır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ missiyasının Azərbaycanla sərhədə dəvət edilməsinin səbəblərini izah etməyə çalışıb. “Biz gördük ki, Avropa İttifaqı mülki missiya göndərməyə hazırdır və sərhəddə vəziyyət xeyli yaxşılaşıb, onların mövcudluğu regionda sülhə və Ermənistanın bütövlüyünə böyük töhfə verir”, - Mirzoyan belə əlaqələndirib. Onun sözlərinə görə, bir neçə onilliklər ərzində mövcud olan təhlükəsizlik mexanizmləri işləməyib. “Məhz bu səbəbdən biz Avropa İttifaqından gəlib vəziyyəti müşahidə etməyi xahiş etməli olduq”, - deyə diplomat fikrini yekunlaşdırıb. Bundan əvvəl Mirzoyan bildirib ki, Ermənistan Əfqanıstanda əməkdaşlıq və sülhməramlı əməliyyatlarda iştirak etməsinə baxmayaraq, hazırda NATO-ya üzv olmaq istəmir. Bütün bu deyilənlərin fonunda, Moskva İrəvanın sözlərinə inanmır. Bu baxımdan, Ermənistandakı Aİ missiyasının NATO missiyasına çevrilməsi nə dərəcədə böyük təhlükədir?
Zaur Məmmədov
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyir ki, bölgəyə real olaraq təhlükə var. Onun qənaətinə görə, Azərbaycan öz sərhədlərini təhlükəyə salmamaq üçün mühüm adekvat hərbi addımlar ata bilər: “Bunu Ermənistanın arxasında olan qüvvələr, Ermənistanla təhlükəsizliklə bağlı pakt imzalayanlar da bilsin. Ümumiyyətlə, bu hadisələr bir daha göstərir ki, əslində kim kiminlə hansı münasibətlərə malikdir. Publika qarşısında kimlərsə bir-biri ilə vuruşa bilər, amma əslində nələr baş verir, biz bunu çox yaxşı bilirik. Ermənistan tərəfindən atılan addım bölgə üzrə sülhə ciddi şəkildə zərbədir. Nikol Paşinyan düşünür ki, öz aləmində bununla Zəngəzur və Göyçəni qoruyacaq və Azərbaycan Ordusunun üzərinə hücum edəcək. Lakin bilsinlər ki, onların tələsi bəllidir. Qərb də bilsin ki, sərhədyanı ərazilərdə kimin hansı məntəqəyə malik olması ilə bağlı müzakirələr var. Hələ o məsələlər həllini tapmadan, Ermənistanın sərhədləri ilə bağlı təhlükəsizlik haqqında pakt vermək qeyri-ciddidir”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, əslində Ermənistanın “müqavimətinin gücləndirilməsi” tədbirlərinin Qərbin Rusiyanı bu ölkədən çıxarmaq və Cənubi Qafqazda Moskvaya qarşı yeni cəbhə açmaq planının tərkib hissəsi olduğu bəllidir: “İrəvanın Aİ müşahidəçilərini bölgəyə gətirməsi, Fransa tərəfindən silahlandırılması kimi ayrı-ayrı komponentlər ABŞ-Aİ hərbi paktı ilə bütövləşə, Qərbin kollektiv dəstəyinə çevrilə bilər. Bu vəziyyət bütövlükdə regiona qeyri-stabillik vəd edir. Çünki Ermənistanın Qərbin kollektiv hərbi dəstəyini əldə edəcəyi təqdirdə iki istiqamətdə hərəkət edəcəyi ehtimalı böyükdür”.
Təhlilçi iki istiqaməti incələyir: “Rusiyadan sürətlə xilas olmaq - bu məqsədlə rus hərbçilərinin ölkədən çıxarılması istiqamətində addımlar atacaq, artıq sərhədçilərin çıxarılması gündəmdədir. Bundan əlavə, Qərbin kollektiv dəstəyini alan Ermənistanın Azərbaycana qarşı revanşizm siyasətinə yenidən qayıtması riski də var. Ən azı rəsmi İrəvan Bakı ilə indiki kimi "dil tapmağa çalışan" mövqe sərgiləməyəcək. Bakı indi də güclü tərəfdir, amma Aİ və ABŞ-ın İrəvana birgə dəstəyi bölgədəki tarazlığı əleyhimizə çevirə, yaxud ən azı bu tarazlığı poza bilər. Aydındır ki, bu dəstəyi hiss edən Ermənistan həm kommunikasiyanın açılması, həm də sərhədin delimitasiyası məsələsində konstruktiv mövqedən yayınacaq və öz şərtlərini diktə etməyə çalışacaq".
Emil SALAMOĞLU
“Yeni Müsavat
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ