Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış milli atıcısı, Paris 2024 Olimpiya Oyunlarında 10 metr havalı tapança qarışıq komanda kateqoriyasında gümüş medal qazanan Yusuf Dikeç bu dəfə fərqli bir missiya ilə gündəmdədir.
Musavat.com xəbər verir ki, 14–15 may tarixlərində Antalyada keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Yusuf Dikeç tədbirdə iştirak edən nazirlərə şəhəri tanıdacaq və onları Antalyanın tarixi və strateji əhəmiyyəti ilə yaxından tanış edəcək.
NATO-nun rəsmi “X” hesabından paylaşılan videoda Dikeç iştirakçılara “Türkiyəyə xoş gəlmisiniz!” deyə müraciət edərək ölkəsinin Asiya, Avropa və Afrika qitələrinin kəsişməsində yerləşən unikal coğrafi mövqeyinə diqqət çəkib.
Dikeç İstanbul və Çanaqqala boğazlarının qlobal ticarət və təhlükəsizlik baxımından əhəmiyyətini vurğulayıb, Türkiyənin 1952-ci ildən bəri NATO üzvü olduğunu və Alyansın ikinci ən böyük ordusuna sahib olduğunu xatırladıb.
Milli atıcı həmçinin Türk Donanmasının Egey, Aralıq və Qara dənizlərdə naviqasiya azadlığını təmin etdiyini, NATO-nun Müttəfiq Quru Komandanlığının İzmirdə yerləşdiyini və gələn il NATO Zirvəsinin Türkiyədə keçiriləcəyini xüsusi qeyd edib.
Sonda isə Dikəç bu sözlərlə çıxışını tamamlayıb: “Antalya buna bariz nümunədir – Türkiyə əsrlər boyu sivilizasiyaların beşiyi olmuşdur.”
Bu tədbir həm idmançı, həm diplomat, həm də Türkiyənin müasir simalarından biri olan Yusuf Dikeçin beynəlxalq səviyyədə ölkəsinin təbliğindəki rolunu bir daha ön plana çıxarıb.
Musavat.com NATO-nun rəsmi səhifəsində paylaşılan videonu oxucularına təqdim edir.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ