İnsanlara hürriyət, millətlərə istiqlal!

Natamamlıq kompleksi

Ölkəmizin hər bir vətəndaşı istisnasız olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərdiyi humanitar yükün aqibətini izləyir. Onu da bilirik ki, humanitar yük artıq Ağdam-Xankəndi yolundadır. Rəsmi mətbuatda qeyd olunur ki, humanitar yük karvanında ilkin mərhələdə 40 ton un məmulatları var.

Əslində, Azərbaycan ictimaiyyətini təəccübləndirə biləcək heç nə baş verməyib. Dövlətimiz müasir beynəlxalq münasibətlər sistemində hər zaman humanitar missiyası ilə seçilib. Burada müxtəlif təyinatlı misilsiz humanitar yardımlar, ümumbəşəri əhəmiyyət daşıyan tarixi və mədəni abidələrin restavrasiyası, dünya ölkələrini inteqrasiyaya dəvət edən və dözümlülüyü təşviq edən multikulturalizm dəyərlərinin təbliği, COVID-19 pandemiyası dövründə ölkəmiz tərəfindən görülmüş işlər və ayrılmış yardımlar, habelə bu kimi yüzlərlə təşəbbüsü qeyd etmək olar. Otuz il ərzində işğaldan əziyyət çəkən və bir milyona yaxın qaçqın və məcburi köçkünü olan ölkənin dünyada multikulturalizm prinsip və dəyərlərini təbliğ etməsi faktı artıq özlüyündə humanizm nümunəsidir. Burada Azərbaycan xalqının tarixini də yada salsaq, ümumiyyətlə aydın olacaqdır ki, tolerantlıq məfhumu milli kimliyimizin ayrılmaz keyfiyyət və meyarıdır. Odur ki, Azərbaycanı hər hansı bir “humanitar şou”da ittiham etmək qərəzlikdən başqa bir şey deyil.

Bu fikirlər politoloq A.Adilin “Natamamlıq kompleksi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Məni yaranmış vəziyyətə kiçik bir köşə yazısında şəxsi münasibətimi bildirməyə vadar edən Qarabağda yaşayan erməniəsilli bir qadının növbəti sözləridir: “Acından ölərik, türk çörəyi yemərik”. Əlbəttə, bu cür sözlərin səsləndirilməsi və rəsmi İrəvanın “dəstəyi” ilə tirajlanması təsadüfi deyil. Baş vermiş insident Azərbaycana qarşı aparılan informasiya müharibəsinin, sadəcə, bir fraqmanıdır. Sözügedən epizod dolayısı ilə münaqişənin kökündə duran sosial-psixoloji amillərə işarə edir. Bəli, bilirik ki, Ermənistanda tarixən azərbaycanofobiya tüğyan edir. Hətta ola bilsin ki, “türkə nifrət” hissi erməni mentallığının fundamental xarakteristikasıdır. Nəzərə alsaq ki, erməni kilsəsi Ermənistanda siyasi institut kimi fəaliyyət göstərir, o zaman qeyd olunan təsbitin ehtimalı da kifayət qədər böyükdür. Təəssüf ki, bu cür sosial-psixoloji anomaliyalarla iş bitmir. Böyük ehtimalla erməniəsilli qadının həmin sözləri bilavasitə ermənilərin natamamlıq kompleksinin təzahürüdür.

Bildiyiniz kimi, natamamlıq kompleksi insanın tez-tez başqalarından aşağı olduğunu düşünməsi ilə bağlı yaranan emosional və psixi halların məcmusudur. İndi bir anlıq təsəvvür edin, natamamlıq kompleksi ümummilli psixoz səviyyəsinə çatanda həmin xalq nə kimi faciələrə məhkum olur. Bəli, rəsmi İrəvan ermənilərin əsrlər boyu təbliğ etdikləri “məzlum millət” obrazı üzərindən siyasi dividendlər qazana bilib. Ancaq natamamlıq kompleksi onların milli faciəsidir. Məhz inteqrasiya və Azərbaycan həqiqətlərinin qəbul edilməsi onları xalq olaraq bu cür faciələrdən xilas edə bilər.

Bilavasitə siyasi müstəviyə qayıdarkən bir neçə məsələni xüsusi qeyd etməliyik. Qondarma rejimin sözçüsü Davit Babayan Azərbaycanın bu addımına qarşı çıxaraq humanitar yükləri daşıyan avtomobillərin nömrələrinin 44 rəqəmi ilə başlamasına diqqət çəkib: “44 müharibənin simvoludur. Biz bu yükü qəbul etmək istəmirik”. Qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbərinin mətbuat katibi” Lusine Avanesyan isə bildirib ki, Azərbaycanın bu addımı mövcud problemləri dərinləşdirməyə yönəlib, onların həllinə yox.

Əlbəttə, Ermənistanın bu cür addımları yalnız ona hesablanıb ki, beynəlxalq ictimaiyyətin siyasi şüurunda iki qonşu xalqın birgəyaşayışının mümkünsüzlüyünə dair sosial-siyasi stereotiplər formalaşdırılsın. İstisna olunmur ki, bu cür təxribatlar, eyni zamanda, Azərbaycan tərəfindən sərt emosional reaksiyalara da hesablanıb. Tərəfimizdən verilə biləcək sərt reaksiyalar daha sonra beynəlxalq təşkilatlar müstəvisində Azərbaycana təzyiq göstərmək üçün istifadə oluna bilər. Odur ki, ötən illərin təcrübəsinə əsasən, biz hətta bu cür mənəviyyatsız təxribatlarda da təmkinli mövqe nümayiş etdirməliyik.

Ermənilərin humanitar yükdən imtina etmələri Xankəndidə ərzaq çatışmazlığına dair iddiaları alt-üst edir. “Humanitar böhran” mövzusu, sadəcə, informasiya müharibəni alovlandırmaq üçün bir bəhanədir. “Humanitar böhran” rəsmi İrəvanın “erməni soyqırımı” nağılının növbəti cildidir. Odur ki, təmkinli mövqe nümayiş etdirməklə yanaşı, bizim məsələ ilə bağlı dəqiq hesablanmış informasiya strategiyamız olmalıdır. Həmin şərti strategiyada mütləq olaraq hökumətlə yanaşı, elm ictimaiyyətinə və cəmiyyətə də rol ayrılmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi bu gün ölkəmizdə aparılan islahatların əsas şüarlarından biridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR