Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, tanınmış erməni bloger və jurnalist Natali Aleksanyan maraqlı və yeni açıqlama ilə çıxış edib. O, Azərbaycan rəhbərliyinə müraciət edərək deyir ki, Bakıya erməni jurnalist çağırın. Çünki "...hərbi cinayətkar Robert Köçəryana bağlı KİV-lərdə Azərbaycan həbsxanalarında saxlanılan ermənilərin işgəncələrə məruz qalması ilə bağlı məqalələr dərc olunur" (Sitat N. Aleksanyanın müraciətindəndir).
Natalinin fikrincə bu məqalələrin nəşrində əsas məqsəd COP-29 qlobal forumunun ləğv edilməsini və ya ən azı beynəlxalq ictimaiyyətin gözündə nüfuzdan düşməsini təmin etməkdir.
Daha sonra tanınmış bloger yazır: "Şəxsi təcrübəmdən deyə bilərəm ki, sonuncu azad edilmiş ermənilərdən biri ilə söhbətim olub və o, mənə tamamilə əks fikirlər danışıb. Ondan əvvəl də əmin idim ki, işgəncə yoxdur və ola da bilməz və dostum bunu təsdiqlədi. Bunu Azərbaycan həbsxanalarında saxlanılan ermənilərə mütəmadi baş çəkən beynəlxalq təşkilatların nümayəndələri də təsdiqləyir. Lakin bu aşkar faktlar hərbi cinayətkarların və digər qatillərin öz media vasitələrindən açıq dezinformasiya yaymaq və regionun inkişafına əsas ola biləcək ən mühüm qlobal hadisəni gözdən salmaq üçün istifadə etməsinə mane olmur".
Natali Aleksanyan Azərbaycan prezidentinə müraciət edərək yazır:
"Hörmətli cənab Prezident! Bu dəhşətli yalanı birdəfəlik təkzib etmək və bütün dünyanın gözünü açmaq üçün Sizdən xahiş edirəm ki, erməni jurnalistə Bakıda saxlanılan ermənilərə baş çəkməyə və reallığı göstərməyə icazə verəsiniz. Təbii ki, bu jurnalist qeyd etdiyim materialı edənlərdən (yaxud ona oxşarlardan) olmamalıdır. Bu jurnalist Ermənistan hökumətinin, yəni onun xalqının fikrini bölüşməli, tezliklə Azərbaycan həbsxanalarına düşəcək hərbi cinayətkarlar üçün işləməməlidir".
Musavat.com mövzunun əhəmiyyətini və aktuallığını nəzərə alaraq, bu müraciəti Azərbaycan dilli auditoriyaya çatdırır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ