Onlayn ictimai-siyasi qəzet
Vəzifəyə təyinatlarından 11 ay sonra həbs olunan Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin (PHŞ)baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini olmuş Zamin Əliyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Musavat.com xəbər verir ki, cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib. Məhkəmə baxışı iyunun 25-ə təyin olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru Elşən Hümbət oğlu Mustafayev və həmin qurumun direktor müavini Zamin Sabir oğlu Əliyev qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub, həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. İstintaqla 11 ay ərzində baş həkimlə müavininin siyahılar tutaraq xəstələrin yaxınlarından aldıqları pulların qeydiyyatını apardıqları müəyyən olunub.
Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib. Hır iki şəxs hazırda həbsdədirlər. Onlar barəsində ibtidai istintaq zamanı məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
E.Məmmədəliyev,
Musavat.com
@@TVmusavat/79842@@
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ