Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Türkiyənin Diyarbəkir şəhərində avqustun 21-dən itkin düşən 8 yaşlı Narin Güranın axtarışları davam edir. Hadisə ilə bağlı araşdırma çərçivəsində Narinin 18 yaşlı qardaşı saxlanılıb. Bildirilir ki, onun qolunda iki fərqli dişləmə izi aşkarlanıb və tibbi ekspertiza üçün İstanbula aparılıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Narinin axtarışları davam etdiyi bir vaxtda çox sayda sosial şəbəkə istifadəçisi onunla bağlı paylaşım edib, ailəsinə səbir diləyib.
Onlar arasında türkiyəli müğənni Haluk Levent də olub. O, paylaşımında tibbi ekspertizanın nəticələrinin hələ elan olunmadığını diqqətə çatdırıb. H.Levent, həmçinin ailə və onların qohumları arasında münasibətlərin bir az dolaşıq olduğunu, qurumların bu detalı da araşdırdığını qeyd edib. O, eyni zamanda ailə üzvlərinin verdiyi ifadələrdə ziddiyyətlər olduğunu yazıb.
Bundan başqa, Diyarbəkirin "Amedspor" klubunun futbolçuları "Sakaryaspor"la matçda "Narin Güran haradadır?" yazılı pankartını açıblar.
Ferit Kaya adlı ərzurumlu iş adamı isə Narini sağ olaraq tapan və yaxud yerini deyən şəxsə 2 milyon lirə (99 600 AZN) mükafat verəcəyini açıqlayıb.
Qeyd edək ki, aparılan araşdırma nəticəsində izlərdən birinin Narinin qardaşının özünə məxsus olduğu məlum olub. Digər izin isə Narinə aid ola biləcəyi ehtimal edilir.
Tibbi ekspertizanın rəyinin bu gün axşam saatlarında elan olunacağı gözlənilir.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ