İnsanlara hürriyət, millətlərə istiqlal!

Namizədlərlə görüşlərdə vətəndaşlar hansı problemi qabardır? - açıqlama

“Əhali ilə görüşlər sübut etdi ki, məmurlar vətəndaşlarla daha çox maraqlanmalı, onlarla tez-tez görüşməli, problemləri ilə yaxından tanış olmalıdırlar”

Səsvermə gününə cəmi 12 gün qalır. Namizədlər hazırda seçki təşviqatı ilə məşğuldurlar. Bu günə qədər prezidentliyə namizədlər Bakıda və regionlarda çoxsaylı görüşlər keçiriblər. 

Fazil Mustafa ikinci dəfə əməliyyat edildi - ANS - Xəbərlər

 Fazil Mustafa

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, intensiv görüşlər davam edir: “Bakının 4 rayonunda, Sumqayıtda görüşlər keçirmişik. Hər görüşdə sosial problemlər qabardılır. Hətta su problemindən şikayət edən vətəndaş da var idi. Müraciətlərin əksəriyyəti mənzili sökülmüş vətəndaşların hüquqları, infrastrukturla bağlı çətinlikləri əhatə edir”. 

Azərbaycan öz mövqeyindən heç vaxt geri çəkilməyəcək - Əziz Əlibəyli (ÖZƏL)  - Turkic World

Əziz Əlibəyli 

Prezidentliyə namizəd Zahid Orucun səlahiyyətli nümayəndəsi Əziz Əlibəyli isə qeyd etdi ki, Bakının həddən artıq yüklənməsi vətəndaşları narahat edir. O bildirdi ki, bu amil ölkənin iqtisadi-sosial vəziyyətinə aid siqnalları özündə əks etdirməkdədir: “Bu mənada vətəndaşlardan çox sayda çağırış var. Regionlarda yeni iş yerlərinin açılması iqtisadiyyata fayda verər. Bu, yerli istehsalı təşviq edər. Digər tərəfdən, Böyük Qayıdışla bağlı suallar var. Elə bir iqtisadi sistemə, prosesə ehtiyac var ki, təkcə əhalinin dönüşünü ehtiva etməsin, həm də dönüşü stimullaşdırsın.  Ölkə üzrə işsizlik məsələsi də önəmlidir. Digər məsələ yeni milli-ideoloji baxışlarla əlaqədardır. Zahid Oruc xüsusilə təhsil və mədəniyyət sahəsində işlər görülməli olduğunu vurğuladı. Qaldırılan problemlər həm də Sosial Tədqiqatlar Mərkəzi üçün tədqiqat mövzusudur. Seçkidən sonra bu mövzular araşdırılacaq. Məlumdur ki, tədqiqatların nəticələri ölkə rəhbərliyinə çatdırılır. Bütün müraciətlər dövlət qurumlarına çatdırılacaq”. 

Fuad Əliyev: Xarici siyasətdə qazanılan uğurların davamı və daha da  genişləndirilməsini tətəfdarıyam

 Fuad Əliyev

Prezidentliyə namizəd Fuad Əliyev “Yeni Müsavat”a bildirdi ki, indiyə qədər Bakının Nəsimi rayonunda, Abşeronun Xırdalan şəhərində, həmçinin Ağsuda və digər yerlərdə seçicilərlə görüş keçirib. Prezidentliyə namizəd seçicilərin əsasən əmək haqları, pensiya və müavinətlərin aşağı olmasından, əlilliyin təyinatında yaradılan çətinliklərdən, habelə, işsizlikdən şikayətləndiklərini qeyd etdi. F.Əliyev bildirdi ki, ona yaxınlaşan seçicilər arasında kommunal qurumlardan, mülkiyyət hüquqlarının pozulmasından narazılıq edənlər də var: “Bu seçki kampaniyası dövründə vətəndaşlarla görüşlər sübut etdi ki, məmurlar vətəndaşlarla daha çox maraqlanmalı, onlarla tez-tez görüşməli, problemləri ilə yaxından tanış olmalıdırlar. Bu boşluq, vətəndaş-məmur münasibətlərində problem ciddi şəkildə qalmaqdadır. Yerli məmurlar insanlara qarşı laqeyd olduqları üçün onlar ən kiçik problemə görə Prezident Administrasiyasına şikayət məktubu ünvanlamaq məcburiyyətində qalırlar. Halbuki elə məsələləri yerindəcə məmurlar həll edə bilərlər. Ona görə bu seçki kampaniyası dövründə görüşlər həm də təcrübə oldu, insanların dərdlərini öyrənmək üçün fürsət yarandı. Təbii ki, bu problemləri biz efirlərdə açıqlayırıq, aidiyyəti qurumlara yönəldirik, hökumət qarşısında qaldırırıq”. 

F.Əliyev vurğuladı ki, qaz, işıq limitinin ləğvinə zərurət var, seçicilər bu problemi xüsusi qeyd edirlər: “Eyni zamanda pensiya yaşı ilə bağlı məsələyə yenidən baxılmalıdır. Vətəndaşlar həyət evlərinin qeydiyyatı ilə bağlı da narazıdırlar. İnsanlar görüşlərdə uşaq pulu verilməsini dönə-dönə dilə gətirirlər. Yəni sosial-iqtisadi vəziyyətlə bağlı fundamental dəyişikliklərə, əsaslı islahatlara ehtiyac hiss olunur. Bu gün vətəndaşın dövlətdən gözlədiyi məhz onun rifahının yüksəlməsi, neft-qaz ölkəsinin insanı olaraq daha varlı, yaxşı yaşamaq gözləntisidir. Çünki biz işğal faktına son qoymuşuq, separatizmin kökünü qazımışıq, ərazilərimizdə suverenlik tam bərpa olunub, artıq Qarabağda münaqişə yoxdur, odur ki, xalq daxili inkişafa diqqət yetirilməsini gözləməkdədir. Mənə elə gəlir ki, 7 fevraldan sonra bütün hallarda ölkədə yeni bir dönəm başlanacaq və bu, sosial bir sifarişdir”.

Fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkisi ilə əlaqədar Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.

Yanvarın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbəədə çap prosesinin gedişi və yaradılmış şəraitlə bilavasitə tanış olub. Komissiya üzvləri və media mənsublarının iştirakı ilə keçirilən tədbirdə MSK sədri seçicilərin səsvermə hüquqlarının azad və sərbəst şəkildə reallaşdırılmasında mühüm əhəmiyyət daşıyan seçki bülletenlərinin hazırlanması və çapında Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb. O, seçki bülletenlərinin qanunvericiliklə müəyyənləşdirilmiş vaxtda və qaydada çap edilməsi və aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı öz tövsiyələrini də verib. Həmçinin vurğulayıb ki, seçki bülletenlərinin çap prosesi təhlükəsizliyin təmin edilməsi şərti ilə, seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və media nümayəndələri üçün tamamilə açıq həyata keçirilir.

Bildirilib ki, 6 milyon 524 min 203 seçki bülleteni çap edilməsi nəzərdə tutulub. Qeyd edilib ki, seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək. Seçki bülletenlərinin çapı bir həftəyə yekunlaşacaq. Məzahir Pənahov deyib ki, mətbəədə iş normal şəkildə başlayıb: “Hesab edirəm ki, proses bir həftəyə başa çatacaq. Paylanma işləri isə çap prosesinin bitməsini gözləmir. Kifayət qədər bülleten hazır olanda ilk növbədə Naxçıvan Muxtar Respublikası və sonra ucqar kəndlərdə yerləşən dairələrin nümayəndə heyəti gələrək rəsmi şəkildə təhvil alıb yerlərə çatdıracaq”.

MSK sədri jurnalistlərə açıqlamasında deyib ki, seçki məntəqələrində quraşdırılmış vebkameraların sınağına başlanılıb: “Düşünürəm ki, seçki prosesinin şəffaflığının təmin edilməsi baxımından həm vebkameraların qurulması, həm də mətbuatın seçki prosesində yaxından iştirak etməsi vacib məqamdır”, - o vurğulayıb.

Həssas təbəqədən olan seçicilərin iştirakı üçün pandusların quraşdırılmasına da başlanılıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işlər görülür. 

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi üzrə 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin sayı 400 nəfərə yaxındır. M.Pənahov söyləyib ki, bu rəqəmlərə ATƏT və BMT müşahidəçiləri daxil deyil.  “Exit-poll”un keçirilməsi üçün 3 təşkilat müraciət edib. Yaxın günlərdə bu müraciətlərə də baxılacaq.

Mərkəzi Seçki Komissiyası (MSK) vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı çağırış edib. MSK-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi çərçivəsində seçicilərin məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı bildirişlər göndərilməyə başlanılıb. Bildirişlər yanvarın 23-dən etibarən göndərilir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR