Onlayn ictimai-siyasi qəzet
Son günlər ictimai müzakirələrdə yenidən gündəmə gələn məsələlərdən biri də Azərbaycanda namazın ana dildə qılınmasıdır. Bəzi insanlar hesab edirlər ki, ibadətin mənəvi dərinliyini və Allahla ünsiyyəti daha yaxşı qavramaq üçün namaz öz ana dilində qılınmalıdır. İlk baxışdan məntiqli görünən bu fikir əslində daha geniş və həssas bir məsələdir.
Dinşünaslara görə, İslam yalnız fərdi inanc deyil, həm də ümmətin birliyini və həmrəyliyini əsas alan bir din kimi ərəb dilini ortaq ibadət dili olaraq qəbul edib. Quranın məhz bu dildə nazil olması milyonlarla müsəlmanın bir səslə, bir dillə Rəbbinə üz tutmasını təmin edən ruhani bir körpüdür.
Elvüsal Məmmədov
İlahiyyatçı, dosent Elvüsal Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Əvvəla, namaz İslamla əlaqəli məsələdir. İslam məhəllə, şəhər, ölkə deyil, region, ümumdünya dini olmağa iddialıdır və 14 əsrlik tarixi boyu bu iddianı real müstəvidə isbatlamağı bacarıb, cahanşümul dinə çevrilib. VII əsrdən bu günədək İslam eyniadlı coğrafiya, mədəniyyət və tarix yaradıb. İslam mədəniyyəti, hər şeydən əvvəl, dini mədəniyyətdir. Bu mədəniyyətin vahid dini, eyni ibadət sistemi, müştərək ibadət dili olub. Ümumiyyətlə, hansısa mədəniyyət, din ümumdünya hadisəsinə çevrilmək istəyirsə, onun ümumi ərazisi (arealı), ümumi dili, ümumi mahiyyəti və forması olmalıdır. Ümumdünya mədəniyyətinin, ümumdünya dininin öz dili olmalıdır. Tarixən olub, indi də var, gələcəkdə də olacaq. İslam ümumdünya dini olduğu üçün onun vahid ibadət sistemi və bu sistemin öz dili var - ərəb dili!
Deməli, ibadət dilinin vahid olmağı islamın ümumdünya dini olmaq kimi istəyindən, iddiasından irəli gəlir. İslam özünü cahanşümul din kimi aparır, odur ki fərqli dillərdə danışmasına baxmayaraq, insanları birləşdirən müştərək ibadət formaları, vahid ibadət dili təqdim edir. Eyni dildə ibadət etmək müsəlmanlarda eyni dinə, eyni ümmətə mənsubluq şüurunu möhkəmləndirir".
İlahiyyatçı əlavə edib ki, islam hansısa ölkənin, xalqın dini deyil ki, özünü qəbilə, yaxud milli din kimi aparsın, hər xalqa aid dilləri ibadətdə əsas götürsün: “İkincisi, namaz İslamda ən ali ibadət aktı olub bu dinin başlıca ibadət ayini hesab olunur. Bu baxımdan, Peyğəmbər namazı "dinin sütunu" adlandırıb. Budaqlar üçün gövdə, vestibül üçün dayaq-sütun nədirsə, İslam üçün namaz da odur. İngilis dilinə bu sözü səhvən “prayer” (dua, xahiş) kimi tərcümə edirlər. Prayer istənilən formada, verbal, yaxud qeyri-verbal icra olunan sitayişi, ibadət aktını bildirir. Amma namaz müəyyən vaxtlarda, müəyyən formada, müəyyən şərtlər daxilində icra olunan ibadət aktıdır. Bu baxımdan namaz konkret vaxtı, forması, dili olan ayindir. Bu məntiqə uyğun olaraq, namaz həmişə ərəb dilində qılınıb, başqa dildə qılınarsa, ayin statusunu itirərək adi duaya, diləyə çevriləcək.
Namazın ayrı-ayrı dillərdə qılınmasına çağırış edənlər onunla duanın fərqini başa düşə bilmir, ya da düşmək istəmirlər. Dinin din olması, fərdə təsir göstərməsi üçün institutlaşmış ibadət formalarına - ayinlərə ehtiyac vardır. Bəli, biz duanı istədiyimiz vaxt, istədiyimiz formada, öz dilimizdə edirik. Amma duanın konkret vaxtı, forması, dili olmadığı üçün iltizam yükləmə xassəsindən uzaqdır. Dua edən şəxslər əsasən spontan formada, “iş düşəndə”, dəyişkən müddətə dua edirlər. Konkret forma, sistemlilik, konkret vaxt, say olmadığı üçün spontan dualar Allahla bəndə arasında davamlı, mütəmadi, sistemli, dövri rabitəni təmin edə bilmir. Bədənimizin sistemli, vaxtı-vaxtında qidalanmaya ehtiyacı olduğu kimi ruhumuzun da ibadət reqlamentinə, konkret ibadət formasına (dil, hərəkətlər...) ehtiyacı vardır. Ayinlər, o cümlədən namaz insan ruhunun onu insan oğluna üfürən Yaradıcı ilə sistemli rabitəsini təmin edir.
Nəhayət, namaz oxunan əsas dualarına görə ayələrdən təşkil edilib. Oxuduğumuz mətnin Quran hesab edilməsi üçün o, forma və məzmunca Allahdan gələn sözü ifadə etməlidir. Tərcümə əsla Quran deyildir, tərcümə zamanı tərcüməçinin bütün Quran leksikonunu ideal formada ekvivalentləşdirməsi qeyri-mümkündür. Əgər bir dinə aid ayində o dinin müqəddəs kitabının mətni dəqiq şəkildə ifadə olunmursa, həmin ayinin sakral bütövlüyü pozulur, üstəlik, fərqli tərcümə variantlarının eyni dildə danışan dindarlarda ibadət sözlərinin fərqlənməsi fonunda çaşqınlıq yaratması istisna edilmir.
Sözün qısası, namazın eyni dildə qılınması İslamın cahanşümulluğundan irəli gəlir, institutlaşmış ibadət aktını səciyyələndirir, ilahi kəlamın orijinallığına göstərilən etinanı bildirir, nəhayət, müsəlman ümmətinin birliyini simvolizə edir".
Hazıladı: Afaq MİRAYİQ
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ