İnsanlara hürriyət, millətlərə istiqlal!

Myanmada baş verən dəhşətli zəlzələ ilə bağlı ABŞ Geoloji Xidmətindən XƏBƏRDARLIQ

ABŞ Geoloji Xidməti (USGS) Myanmada baş vermiş 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayının 86% ehtimalla 1000-i keçəcəyini proqnozlaşdırır.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bununla yanaşı, 34% ehtimalla bu rəqəmin 10 min – 100 min aralığında, 22% ehtimalla isə 100 mindən çox olacağı bildirilir.

USGS-in onlayn portalı məlumat verir ki, dağıntıların səbəb olduğu iqtisadi itkilər 10 milyard dolları keçə və ölkənin ÜDM-nin 70%-nə çata bilər.

"Maksimum zərər bölgəsində təxminən 796 min insan yaşayır, daha 3,9 milyon insan isə seysmik təkanların zəif dayanıqlı binalarda ciddi dağıntılara, zəlzələyə davamlı binalarda isə orta dərəcəli zədələnmələrə səbəb ola biləcəyi ərazilərdə məskunlaşıb. Proqnozlaşdırılan iqtisadi itkilər Myanmanın illik ÜDM-sinin 6%-dən 70%-ə qədərini təşkil edə bilər", – deyə məlumatda bildirilir.

Qeyd edək ki, güclü zəlzələ Myanma ərazisində cümə günü yerli vaxtla 12:50-də baş verib. Müxtəlif mənbələrə görə, zəlzələnin maqnitudası 7,7-dən 7,9-a qədər olub. Ardınca 6,4 maqnitudalı təkrar zəlzələ qeydə alınıb. Təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.

USGS-in qiymətləndirməsinə əsasən, zəlzələdən ən çox zərər çəkən şəhərlər Siqayn (79 min sakin) və Meiktila (177 min sakin) olub. Bundan əlavə, 1,2 milyon sakini olan, keçmiş Birma imperiyasının paytaxtı və Myanmanın ikinci ən böyük şəhəri Mandalay, həmçinin Kyaukse (50 min sakin) və Şvebo (89 min sakin) şəhərləri də güclü təkanlardan təsirlənib.

Bütün bu yaşayış məntəqələrində zəif seysmik dayanıqlığa malik binaların ciddi şəkildə zədələndiyi və ya dağıldığı güman edilir. Daha əvvəl verilən məlumatlara görə, Myanmada baş verən zəlzələ nəticəsində İravadi çayı üzərindəki körpü uçub, Mandalay tarixi sarayı qismən dağılıb. Bankokda isə çoxmərtəbəli binaların sakinlərinin təxliyəsi elan edilib. Uçan binalardan birinin dağıntıları altında ən azı 60 işçinin qaldığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR