Onlayn ictimai-siyasi qəzet
Gürcü müxalifətinin məğlubiyyət şoku bölgənin bir çox siyasi qüvvələri üçün ciddi nəticə çıxaracaq örnək ola bilər.
Təkcə Qafqazda deyil, bütövlükdə keçmiş Sovet məkanında ən böyük islahatlara imza atan Saakaşvilinin rəhbəri olduğu partiyanın 10 faizdən aşağı səs toplaması mütləq üzərində düşünüləsi bir faktdır. Axı bu gün həbsxana küncündə çürüyən bu şəxs rüşvətin kökünü kəsməklə dünyaya səs salan, sadə gürcünün Avropaya vizasız gediş-gəlişini təmin edən bir liderdir. Bu gün “dünya cəngavəri” kimi tanınan Zelenskinin ideoloji sələfləri olmuş Yuşşenko və Timoşenko kimi rəhbərlər də nə ortada, nə də xalqın yaddaşında var. Elə bunun ardınca böyük təəssüf hissi ilə Azərbaycan milli azadlıq (demokratik) hərəkatının tanınmış simalarının da eyni taleyi yaşadığını qeyd etmək lazım gəlir.
Lider fiaskosu: “Hanı dediyim bəy ərənlər?”
Əlbəttə, Saakaşviliyə hələ də xalq sevgisi olduğunu, Zelenskinin Yuşşenko yolunu davam etdirdiyini, Azərbaycan müxaliflərinin ictimai rəydə böyük nüfuza malik olduğunu deyib əks fikirlər səsləndirənlər də var. Amma gerçək durum başqadır axı. Saakaşvili və tərəfdarlarının seçkini uduzması bir yana, bu şəxsin həbsxanada yaşadığı zülmə qarşı bir gürcü belə meydana çıxmadı. Zelenski NATO və Pentaqon tribunalarında ayaqda alqışlanır, Ukraynada isə nə ayaqda durmağa ərazi qalıb, nə də alqışlamağa adam… Ölkəmizə gəldikdə isə… Nə qədər məyusedici olsa da bəzi reallıqları açıq demək zorundayıq: 113 yaşlı Müsavat partiyası parlamentdə yer qazana bilmir, siyasi sistemimizdə şəxsiyyəti ilə hər zaman dəyərli olan hərəkat böyüklərimiz adi dairə seçkilərində uduzur (yaxud uduzmamaq üçün seçkiyə qatılmır). Yaxşı, əgər “uduzur” ifadəsini ədalətsiz hesab edən dostlar varsa “uduzdurulur” deyə ifadə edək. Amma siyasi liderin fəaliyyəti yalnız mümkün olanı gerçəkləşdirməklə bitmir axı, həm də onun ictimai nüfuzu özünə və siyasi fəaliyyətə qarşı olan durumları dəyişmək gücündə olmalıdır. Bax problem buradadır. Həm Azərbaycan, həm də digər ölkə siyasi düzəninə aid adlarını çəkdiyimiz isimlər bu gün Avropa dövlətlərinin rəhbərlərindən bir çox baxımdan öndədirlər. Elə isə bəs səbəb nədir?
GUAM üzərində Avropa oyunu
Gürcüstan, Ukrayna və Azərbaycanı yalnız GUAM birləşdirmir (Yeri gəlmişkən proseslərin bu və ya digər şəkildə Moldovada da şahidi olmuşuq). Bu ölkələrin hər birinin ərazisi işğal olunub (Şükürlər olsun, Azərbaycan artıq bu zolaqdan çıxıb) və onlar birlikdə Avropa və Rusiya arasında bufer zona, nüfuz dairəsinin savaş meydanı olublar.
Moldova da daxil olmaqla, həm Gürcüstanda, həm də Ukraynada seçki nəticələrinin “Avropa qalib gəldi”, “Rusiya uduzdu”, yaxud əksinə təqdim edilməsi həm də bunun əlamətidir. Səs verən xalq, udan və uduzan isə dünyanın iki qütbü. Nəticə isə ortada. Moldova Avropa Birliyinə səs verir və qurum Moldovanı Dnestryanı bölgəsi olmadan da qəbul etməyə hazırdır. Brüssel üçün moldovanların ərazi bütövlüyü istəyi maraqlı deyil, önəmli olan Rusiya təsirindən daha bir bölgə qoparmaqdır. NATO və ABŞ Zelenskiyə nə qədər “möhkəm dur, arxandayıq” desə də, gərəkən anda İsrailə bir gündə göstərilən hərbi-texniki yardım Ukraynaya aylarla verilmir. Abxaziya boyda problemi unudan Avropa Birliyi xaraktercə qatı Qafqaz mühafizəkarı olan gürcülərə LGBT ideyaları aşılamaq istəyir. Azərbaycan müxalifətinin illərlə seçki və demokratiya davasının neft, qaz, Yaxın Şərq hərbi əməkdaşlığı səbəbindən görməzdən gələn Brüssel bu gün 3-5 erməni terrorçusunun müdafiəsinə qalxır. Bütün bunların da müqabilində qərbli diplomatlar bu ölkələrin xalqlarını demokratik dəyərlərdən uzaq durmaqda ittiham edirlər. Bir ukraynalı onun evini dağıdan rus qədər bu situasiyanın təhrikedicisinə də nifrət edəcək. Bir gürcü ona eynicins arası münasibəti sırımaq istəyəni sevməyəcək, bu reaksiyanı sanksiyalarla təhdid edənə isə qıcıq olacaq. Xocalıya susub, Xankəndindən rahat öz istəyi ilə gedən erməninin dərdini çəkəni isə heç bir azərbaycanlı sevməyəcək.
Çıxış yolu nədədir?
İllərdir bu ölkələrdə müxalifətin siyasi mübarizəsinin ideoloji əsasını Avropaya inteqrasiya, Avropa dəyərləri təşkil edib. Əlbəttə, yüzillər boyunca Rusiyanın işğal siyasətindən bezən ölkələr üçün bu cəlbedici bir şüar idi. Amma bir yerə qədər: Avropa centlmeni rus mujikindən daha pis sifətini göstərənə qədər. O zamandan bəlli ideyanın liderlərinin eniş dövrü başladı. Saakaşvilinin rus tankları ilə üz-üzə qalması zaman ortada olmayan, Azərbaycan müxalifətinin bütün seçki məşəqqətlərinə “demokratiyaya doğru bir addım” deyə qiymət verən Avropa bu gün bəlli taleyi yaşamalıydı. Əslində, bu dəfə böyük anlamda gerçəkdən uduzan müxalifət yox, Avropadır. Müxalifət Azərbaycanda da, Gürcüstanda da olanlardan dərs çıxarıb durumu dəyişəcək. Artıq “demokratiyanın beşiyi” iddiasında olan ABŞ-da belə vətəndaş ona dünya hökmranlığını yox, ölkəsində stabil və sosial təminatlı yaşam vəd edən Trampı seçmək yolundadır. Bu, Azərbaycandan Ukraynayadək GUAM xalqları üçün də keçərlidir. Avropa dəyərləri LGBT bayrağıdırsa, Azərbaycan simvolunun qırmızı rəngi – müasirləşmək daha düzgün seçimdir.
Nəsimi Şərəfxanlı
Xüsusi olaraq Musavat.com üçün
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ