İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Quliyev: “Dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq...”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Dövlət büdcəsinin dürüstləşdirilməsi barədə parlamentdə çıxış etdi. Bildirdi ki, postmüharibə və postpandemiya dövründə dövlət büdcəsinin profisit ilə bağlı dürüstləşdirilməsinə baxılması faktının özü ölkəmizin iqtisadi gücünün göstəricisi, cənab Prezidentin rəhbərliyi altında sosial-iqtisadi, maliyə- büdcə siyasəti sahəsində aparılan davamlı və ardıcıl islahatların uğurlu nəticəsidir: “Cari ildə dövlət büdcəsinin gəlirlərinin 3 milyard manat və ya 9,8%, xərclərinin 3,2 milyard manat və ya 9,6% artırılması təklif edilir ki, bu da sosial-iqtisadi həyatımızın real mənzərəsinə tam uyğundur.

Dövlət büdcəsi gəlirlərinin artımının təxminən yarısı qeyri-neft sektorunun payına düşür ki, bu da qeyd olunan sahədə inkişaf potensialının və tempinin kifayət qədər yüksək olmasının göstəricisidir. Dürüstləşdirilən büdcənin xərclərinin əsas istiqamətlərinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə habelə məcburi köçkün soydaşlarımızın doğma yurdlarında yenidən məskunlaşmasına yönəldilməsi və diqqətə layiqdir. Əlavə büdcə xərclərinin digər hissəsini ölkəmizin milli təhlükəsizliyinin qorunmasına, beynəlxalq münasibətlər sahəsinin gücləndirilməsinə, strateji sahələrin infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilməsi də təqdirə layiqdir”.

M.Quliyev rəhbərlik etdiyi komitənin profilinə uyğun olaraq dürüstləşdirilmiş büdcədə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin istiqaməti barədə məlumat verdi: “Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcə layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb. Dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manat təşkil etməsi təklif olunur. Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaq. DSMF dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat uşağın anadan olmasına görə müavinətin məbləğini 2023-cü ilin yanvar ayının birindən 300 manatdan 500 manata qaldırılması xərclərini qarşılamaq üçün nəzərdə tutulub. Eyni zamanda postkovid dövründə ölüm hallarının azalması səbəbindən dəfn üçün müavinətin 2023-cü ilin büdcəsində təsdiq edilmiş 41 milyon manatdan 4 milyon manat azaldaraq 37 milyon manata endirilməsi təklif olunur”.

Komitə sədri qeyd etdi ki, Fondun mərkəzi aparatının və yerli struktur bölmələrinin saxlanılması xərclərinin 4 milyon manat və yaxud 3,9% artırılaraq 106,7 milyon manat səviyyəsində olması nəzərdə tutulur: “Bu vəsait bu ilin yanvarından əmək haqlarının artımı ilə əlaqədar yaranan əlavə xərclərin qarşılanmasına yönəldiləcək. İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 milyon manata çatdırılması nəzərdə tutulub. Büdcə gəlirlərinin 5 milyon manatlıq artımı İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək”.

M.Quliyevin sözlərinə görə, İşsizlikdən Sığorta Fondunun büdcə xərclərinin 7 parametri üzrə dəyişiklik təklif edilir. Onlar aşağıdakılardır:

- işsizliyə görə sığorta ödənişləri;

- haqqı ödənilən ictimai işlərin təşkili;

- sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi;

- Dövlət Məşğulluq Ağentliyinin aparatının, yerli orqanlarının və Sosial Müdafiə Məsələləri üzrə Milli Observasiyanın saxlanılma xərcləri istiqamətdə artımların olması nəzərdə tutulur.

Artımlar əmək haqlarının yüksəlməsi, yeni sosial müəssisələrin yaradılması və əlavə iş yerlərinin açılması ilə əlaqədardır.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR