İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə davam edəcək - Putin sonadək sözünü tutacaqmı?

Rusiya prezidenti bütün təzyiqlərə rəğmən, geri çəkilmək niyyətində deyil; 

Beynəlxalq aləmdən təcrid olunması istiqamətində təsirli tədbirlərə, ciddi sanksiyalara, böyük miqdarda maliyyə itkilərinə baxmayaraq Vladimir Putin Rusiyanın Ukrayna ərazisindəki hərbi əmliyyatlarını dayandırmaq niyyətində olmadığını nümayiş etdirir. Tərəflər arasında savaşın dayandırılması istiqamətində aktiv fəaliyyətə başlayan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Moskva səfərindən sonra savaşın tezliklə dayandırılmayacağının anonsunu verdi.

“Bunu ilk dəfə demək istəyirəm. Əməliyyatın lap əvvəlində Kiyev hakimiyyətinə müxtəlif kanallarla mənasız qan tökülməsinin qarşısını almaq üçün hərbi əməliyyatlara başlamamaq, sadəcə olaraq, qoşunlarını Donbasdan çıxarmaq istənilib. Lakin onlar istəmədilər”. Bunu isə Rusiya prezidenti Vladimir Putin müşavirədə deyib. “Olsun, bu, onların qərarıdır. Moskvanın öz təhlükəsizliyini təmin etmək üçün Ukraynada xüsusi hərbi əməliyyat keçirməkdən başqa çarəsi yox idi. Biz Ukraynanın Rusiyaya qarşı aqressiv hərəkətlər üçün platsdarm rolunu oynamasına imkan verməyəcəyik”, - Putin bildirib. Rusiya lideri onu da bildirib ki, əməliyyat əvvəlcədən təsdiq edilmiş planlara ciddi şəkildə uyğun olaraq uğurla inkişaf edir: “Xüsusi əməliyyatda verilən bütün tapşırıqlar, şübhəsiz ki, həll olunacaq”.

“Ukraynanın delimitarizasiyası və denazifikasiyası üzrə xüsusi hərbi əməliyyat sona qədər aparılacaq”. Bunu isə Rusiya prezidenti regionlara dəstək tədbirləri ilə bağlı iclasda bildirib. Dövlət başçısı bu açıqlaması ilə müharibənin davam edəcəyini söyləyib. Putinin sözlərinə görə, Qərb Rusiyanın müstəqil kursunu bağışlamayacaq və onu sıxışdırmağa, ərazi bütövlüyünü pozmağa çalışacaq, lakin ABŞ və müttəfiqləri bunu edə bilməyəcək. “Əgər Rusiya qoşunları yalnız Donbasda fəaliyyət göstərsəydi, bu təhlükənin aradan qaldırılmasına gətirib çıxarmazdı”, - deyə  Putin çıxışında vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə keçirdiyi brifinqdə deyib ki, Krımın gələcəyi Rusiya ilə bağlıdır. “ABŞ və müttəfiqlərinin sanksiyaları, təzyiqləri bunu dəyişməyəcək. İstəsəz də, istəməsəz də Krım Rusiya ilə bağlıdır. Özlərini dünyanın ağaları hesab edən ölkələr bizim mövqeyimizi dəyişə bilməyəcəklər”, - o deyib. Rusiya XİN sözçüsü bildirib ki, Ukraynada keçirilən xüsusi əməliyyatın məqsədi bu ölkənin dövlətçiliyini məhv etmək və ya prezidenti devirmək deyil.

Bununla belə, XİN təmsilçisi bəzi anlaşmaların olduğunu da vurğulayıb. “Rusiya tərəfi Çernobıl Atom Elektrik Stansiyasında birgə təhlükəsizliklə bağlı Ukrayna hərbçiləri ilə razılığa gəlib”, Zaxarova deyib.

Martın 17-sinə olan məlumata görə, Rusiya Ukraynada 14 min hərbçisini itirib. Hərbi texnika, silah-sursat və digər itkilər də yüzlərlədir. Bütün bu itkilərsə Rusiyanı dayandırmır. Belə olan təqdirdə gözləntilər necədir, Putin savaşı hədəfə çatanadək davam etdirəcəyi barədə sözünü sonadək tutacaqmı, onu bu niyyətindən nə çəkindirə bilər?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arzu Nağıyev: “Müharibə NATO və Rusiya arasında gedir və Ukrayna vasitə seçilib”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya prezidentinin sonadək gedəcəyini güman edir: “Ən böyük problem ondan ibarətdir ki, artıq doğrudan da geriyə yol yoxdur. Bu, o demək deyil ki, sülh bərqərər olmayacaq, sadəcə, sülh üçün də, necə deyərlər, ”ayaq yeri" qoymaq lazımdır. Hazırda qış fəslidir, lakin bir müddət sonra artıq meşələrdə yarpaqlar əmələ gələndən sonra başqa bir şəkildə partizan hərəkatı başlaya bilər. Eyni zamanda sanksiyaların təsiri ən uzağı iyun aylarında daha ciddi özünü göstərəcək. Zənnimcə, analitiklər çox ciddi səhvlər etdilər. Rusiya tərəfi düşünürdü ki, bir neçə gün ərzində Ukraynanı zəbt edəcək və öz şərtlərini diktə edəcək. Lakin bu alınmadı. Belə zənn edək ki, Rusiya Ukraynanı zəbt etdi və təxminən 500 minlik bir kontingentlə komendaturalar, hərbi polis, kəşfiyyat və əks-kəşfiyyat qurumları yaratdı, bəs bunların təminatı necə olacaq? Buna görə də bir sıra qaranlıq məqamlar yaranır. Ya da Rusiya ümumi bir səfərbərlik edə bilər, bu isə ölkənin daxilində siyasi, iqtisadi və sosial gərginliyi artıra bilər". A.Nağıyev qeyd etdi ki, Ukraynanın ərazisi həddən artıq böyükdür, hətta qoşunların idarəçiliyi belə çox böyük çətinliklər yaradır: “Fərz edək ki, Ukrayna alındı, Rusiya qalib ola bilərmi? Təbii ki, yox. Çünki Ukrayna xalqı, vətəndaşlar artıq silaha sarılıblar, hakimiyyətdən narazılıq yoxdur. Demilitarizasiya, denasifikasiya və s. artıq bunları, bu sözlə, maraqlandırmır. Şəhərlərə, göründüyü kimi, piyada və ya tanklarla girmək mümkün olmadı, təhlilçilərin məlumatına görə, 20 desant qrupundan cəmi 1 qrup nəyə isə nail olub. Hətta şəhər və kəndləri mühasirədə saxlasalar belə, təcrübə göstərir ki, bu, illərlə çəkə, humanitar dəhlizlər və sair də müəyyən müddət fəaliyyət göstərə bilər”. Millət vəkili digər mühüm məqamlara da toxundu: “Son vaxtlar müxtəlif ölkələrdən gələn və ya gəlməsi nəzərdə tutulan muzdlulardan da danışılır. Muzdlu pula görə vuruşa bilər, onun üçün kimin qalib gəlməsi vacib deyil. Nüvə silahından istifadə də inandırıcı görünmür, çünki bu artıq bütün qırmızı xətləri keçmək deməkdir. Bir sözlə, bu müharibə NATO və Rusiya arşında gedir və Ukrayna vasitə seçilib, nə qədər gec deyil, danışıqlar masasına əyləşmək lazımdır, bunu bütün gələcəyini, genefondunu düşünən dövlətlər, o cümlədən Azərbaycan da deyir”.

Götür ürəyini gəl bizə sarı - Elçin Mirzəbəylinin şeirləri » Manera.Az

Elçin Mirzəbəyli: “Bu müharibədə Rusiyanın mütləq qələbəsi baş verməyəcək”

Siyasi şərhçi Elçin Mirzəbəyli isə bu qənaətdədir ki, ümumiyyətlə, “demilitarizasiya” və “denazifikasiya” terminlərindən Ukraynaya münasibətdə istifadə edilməsinin özü gülməlidir: “Ukrayna 1994-cü ildə, bilavasitə Rusiyanın öncə ABŞ və Böyük Britaniya, daha sonra isə Fransa və Çinlə anlaşması nəticəsində demilitarizasiya olunub, yəni mahiyyət etibarilə silahsızlaşdırılıb. Nüvə dövlətinin bu silahdan məhrum edilməsi elə delimitarizasiya deməkdir. Ukrayna Silahlı Qüvvələrinin arsenalında olan silahlar Avropada Adi Silahlar haqqında Cinah Sazişinin tələblərinə tamamilə uyğundur və müdafiə xarakterlidir. Yəni Ukraynanın hər hansı bir ölkəni təhdid edə biləcək hərbi potensialı yoxdur və bunu Rusiya da yaxşı bilirlər. Vaxtilə ABŞ prezidenti Trümen də Yaponiyaya münasibətdə ”demilitarizasiya" bəhanəsini gətirərək, Hirosima və Naqasakiyə atom bombası atmaq əmrini vermişdi. Tarixi mənbələrdə İosif Stalinin belə ABŞ-ın bu qərarı ilə barışmadığı qeyd olunur. Daha aydın olsun deyə, qeyd edim ki, İkinci Dünya müharibəsində ABŞ-ın itkiləri 400 min nəfər olub. Bunun təxminən yarısı Yaponiya ilə müharibədə ölüb. Yəni Yaponiyaya atom bombasının atılması təqdir olunmasa da, ABŞ-ın itkiləri bu ölkənin delimitarizasiyasına nail olmaq üçün əsas verirdi. Amma Ukrayna heç bir ölkəyə hücum etməyib, hücuma məruz qalıb. İndi Rusiya Ukraynada kimyəvi və bioloji silah axtarışına çıxıb və yenə də ABŞ-ın vaxtilə İraqa qarşı istifadə etdiyi bəhanəni təkrarlayır". E.Mirzəbəylinin sözlərinə görə, Rusiyanın problemi ondadır ki, hegemon güc olmaq üçün ABŞ-ın etdiyi bütün naqislikləri təkrarlayır: “Yaxşı, hegemon güc olmaq istəyirsən, ol! Daha ABŞ-ın pis nüsxəsi niyə olursan? İqtisadiyyatını gücləndir, texnologiyanı müasirləşdir, hərbi arsenalını dövrün tələblərinə uyğun yenilə, kəmiyyətə deyil, keyfiyyətə üstünlük ver. Allahın ”Chevrolet"inə, “Ford”una bənzər bircə dənə avtomobil istehsal elə. Sən “Chevrolet”in zavodunu xahiş-minnətlə öz ölkənə gətirir, hətta hazır hissələri belə normal şəkildə yığıb ortaya çıxara bilmirsən, min dənə defekti olur, amma deyirsən ki, mən də “ABŞ kimi olmaq istəyirəm”. Ol da! Amma nə ilə olacaqsan? Öz istehsalın olan avtomobillərin hissələrini belə başqa ölkələrdən alır, sonra da utanmadan üzərinə “Made in Russia” yazırsan... İndi gələk “denasifikasiya” məsələsinə. Bu termin də İkinci Dünya müharibəsindən qalıb, müasir Rusiyanın özü kimi. Rusiya hələ də 1945-ci ilin 9 may əhval-ruhiyyəsində, ovqatında və təfəkküründədir. Denasifikasiya müharibədən sonrakı dövrə aid olan termindir. Vaxtilə Almaniya və Avstriya cəmiyyətlərinin, mədəniyyət, mətbuat, iqtisadiyyat, təhsil, siyasət və hüquq sisteminin faşizm ideologiyasının təsirindən “təmizlənməsi” məqsədilə düşünülüb və həyata keçirilib. Tutaq ki, Rusiyanın iddia etdiyi kimi, Ukraynanın siyasi sistemində “faşizm ideologiyası”nın təsiri var. Halbuki faktlar bunun əksinə işarə edir. Amma yenə də olsun. Bəs iqtisadiyyatına, mədəniyyətinə, hüquqi sisteminə hansı təsiri var? Mən sıradan bir siyasət adamı kimi, bu gün böyük-böyük iddialarla çıxış edən yekə-yekə dövlətlərin siyasi liderlərinin bu qəbildən olan iddialarını eşidəndə şok keçirirəm. Rusiya dünyanın ədalət üzü ola bilərdi, amma olmaq istəmədi və ABŞ-a bənzəməyə çalışdığı üçün ortalığa dağınıq bir “nüsxə” çıxıb. Rusiyanın çox sevdiyim fikir adamı Nikolay Berdyayevin “Şər haqqında” yazdığı məqalədə maraqlı bir deyim var. Berdyayev yazır ki, “Şərin qarşısının zorla alınması, yaxud şərin zorla məhv edilməsi daha böyük şərdir. Bu halda xeyir şərə bürünür və şərə çevrilir”. Rusiyanın savaşı ABŞ-ladırsa, buna görə “palanı döymək” lazım deyil". Politoloq hesab edir ki, bu müharibədə Rusiyanın mütləq qələbəsi baş verməyəcək: “Hətta bütün Ukrayna işğal olunsa da belə, xalq Rusiyanın proktoratında yaşamaqla barışmayacaq. Əgər Moskva ”faşizmə qarşı mübarizə" ilə bağlı uğursuz iddialarına uyğun olaraq, vaxtilə Hitler Almaniyası ilə bağlı reallıqlardan nümunə götürürsə, səhvə yol verir. Həmin dövrdə demək olar ki, bütün dünya Almaniyaya qarşı idi, amma indi bütün dünya Rusiyaya qarşıdır və bu o deməkdir ki, “denasifikasiya” adı altında Ukraynanın ram edilməsi mümkün olmayacaq. İndi ən doğru yol, Ukraynanın neytrallığını təmin etməklə müharibəni dayandırmaqdan və xalqlar arasında barış imkanlarını araşdırmaqdan, müharibənin ağır nəticələrini aradan qaldırmaqdan ibarətdir".

Axşam saatlarında Rusiyadan daha bir dirəniş məlumatı gəldi. “Rəsmi Moskva BMT-nin Beynəlxalq Məhkəməsinin (Haaqa Məhkəməsi) Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qərarını diqqətə almayacaq”. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə deyib. “Beynəlxalq Məhkəmədə tərəflərin razılığı kimi bir şey var. Burada heç bir razılaşma ola bilməz. Belə halda, bu, nəzərə ala bilməyəcəyimiz bir şeydir”, - sözçü izah edib. Qeyd edək ki, BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağı tələb edib. Putin Rusiyası dayanmaq niyyətində deyil...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR