Onlayn ictimai-siyasi qəzet
“Biz Kəlbəcər, Fizuli və Ağdam şəhərlərində müvəqqəti çadır düşərgələri qurmuşuq. Bu düşərgələrin hər birində biz 1000-ə yaxın insanı yemək, su, elektrik enerjisi və istiliklə təmin edirik”.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Şuşaya səfər edən xarici hərbi attaşelərə məlumat verən zaman deyib.
“Xankəndiyə gəlincə isə, oradakı vəziyyət kifayət qədər stabildir. Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə koordinasiyalı şəkildə qarşıda dayanan vəzifələri icra edir. Bizim ordumuz sülhməramlılarla sıx şəkildə əlaqə saxlayaraq, mülki şəxslərin, orada yaşayan etnik ermənilərin və yenidən öz evlərinə geri dönənlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirləri həyata keçirir. Ordumuz həmçinin Qarabağdakı qanunsuz erməni silahlılarının tərksilah edilməsi prosesini də həyata keçirir.
Qanunsuz hərbi birləşmələrin təhvil verdiyi silah-sursat barədə ətraflı məlumat bir müddət sonra ictimaiyyətə təqdim olunacaq”, - o deyib.
Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb ki, son 3 il ərzində Azərbaycan ordusu tərəfindən Qarabağ ərazilərində yerli xarakterli tədbirlər həyata keçirilib və ordumuzun istehkamçıları ərazinin minalardan təmizlənməsi üçün işlər görüb: “Hazırda biz həmin yerdəyik, harada ki ermənilərin “qələbəsini” simvolizə edən tank qoyulmuşdu və son 33 il ərzində burada dayanmışdı. Həmin tank artıq burada yoxdur və hazırda dayandığımız yol Şuşadan Xankəndiyə gedən yoldur. Bildiyiniz kimi, 19 sentyabrda səhər saatlarında bizim 4 polis əməkdaşımız Əhmədbəyli-Fizuli-Şuşa yolunda mina partlaması nəticəsində həyatını itirib. Bunun ardınca həmin gün günorta Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə çalışan 2 nəfər qanunsuz erməni qüvvələri tərəfindən qətlə yetirilib. Həmin gün Azərbaycan Silahlı Qüvvələri lokan antiterror tədbirləri həyata keçirməyə başladı, hansı ki 24 saatdan da az müddət ərzində davam etdi. Bunun nəticəsi olaraq bizim şərtlərimizin yerinə yetirilməsi barədə separatçılar öhdəlik götürdü və Qarabağda qalan erməni silahlılarının tərksilah prosesi başlandı”.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ