İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan iki türk ölkəsinə məkrli həmlə

Rusiyanın “konsulluq eşqi” davam edir; Xankəndidə xəyalları puç olan Kreml indi də bu üç şəhərə fokuslanıb

Rusiya Xarici İşlər Nazirliyi Qafan (Ermənistan), Aktau (Qazaxıstan) və Səmərqənddə (Özbəkistan) konsulluqların açılması üzərində işləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin direktoru Aleksey Klimov RİA-ya deyib.

Rusiya bir müddət əvvəl Xankəndidə də konsulluq açmaq eşqinə düşmüşdü. Lakin Azərbaycan dirsək göstərdi. İndi də üç ölkədə eyni niyyətindən əl çəkmir. Onlardan biri Rusiyanın keçmiş vassalıdır, digər ikisi isə türk respublikalarıdır. Son aylar Rusiya türkdilli ölkələrlə bağlı narahatlığını gizlətmir. Kremlin təbliğat nəşrlərindən biri bu yaxınlarda Türk Dövlətləri Təşkilatının güclənməsindən narahatlığını etiraf etmişdi. Ümumiyyətlə, Rusiya Orta Asiyada öz mövqeyini itirməmək üçün həmlələrini davam etdirir. Bunun bir vasitəsi də konsulluq açmaqdır. 

Türk Dövlətləri Təşkilatının son illərdə göstərdiyi dinamika artıq təkcə mədəni-humanitar əməkdaşlıq çərçivəsini aşaraq real siyasi və geosiyasi güc mərkəzinə çevrildiyini göstərir.

TDT-nin güclənməsi həm iqtisadi əməkdaşlığı, həm də təhlükəsizlik və kommunikasiya layihələrini artırır. Orta dəhliz, Zəngəzur dəhlizi, enerji və nəqliyyat layihələri bu əməkdaşlığın real sütunlarıdır. Rusiyanın “Turan qorxusu”nun mahiyyəti buradadır: Moskva yaxşı anlayır ki, türk dövlətlərinin yaxınlaşması onun postsovet məkanında ənənəvi dominantlığını zəiflədir. Xüsusilə Orta Asiya ölkələri üçün TDT Rusiya asılılığından çıxış qapısıdır. Əgər bu dövlətlər iqtisadi, nəqliyyat və təhlükəsizlik baxımından bir-birinə daha sıx bağlanırlarsa, Moskvanın onların üzərindəki təsir imkanları avtomatik azalır. Bundan əlavə, Türkiyənin təşkilatdakı liderliyi Rusiya üçün xüsusi narahatlıq doğurur. Çünki Ankara həm NATO üzvü, həm də regional gücdür və Moskva üçün ənənəvi təsir sahəsində ciddi alternativ yaradır. 

Moskvanı, görəsən, narahat edən yalnız bu amillərdirmi? Bu ölkələrdə konsulluq ona niyə lazımdır?

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib »  Newscenter.az

Günay Ağamalı

Deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın son zamanlar atdığı addımlar, xüsusilə də Qafan, Aktau və Səmərqənddə konsulluqlar açmaq niyyəti, ilk baxışdan sırf diplomatik əməkdaşlıq çərçivəsində təqdim olunsa da, əslində bunun daha dərin geosiyasi məqsədlər güddüyü heç kimə sirr deyil: “Bu təşəbbüslər Moskvanın postsovet məkanında təsir imkanlarını qoruyub saxlamaq və Türk Dövlətləri Təşkilatının artan nüfuzuna qarşı cavab addımı kimi qiymətləndirilməlidir. Orta dəhliz, Zəngəzur dəhlizi, enerji və kommunikasiya layihələri təkcə iqtisadi deyil, həm də geosiyasi müstəvidə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, TDT-yə üzv dövlətlərin qarşılıqlı inteqrasiyası Moskvanın ənənəvi təsir imkanlarını zəiflədir. Mərkəzi Asiya, Çin, ABŞ, Avropa İttifaqı və Türkiyə vektorunda hazırda geosiyasi rəqabətin kəskinləşdiyi bir regiondur. Buna səbəb bölgənin enerji resurslarının, xüsusilə strateji əhəmiyyətli təbii matrieallarla zənginliyidir. Təbii ki, Rusiya keçmiş ənənələrin davamı kimi, Aktau, Səmərqənd və Qafan xəttində konsulluq açmaqla postsovet məkanında narrativlərini yeniləmək cəhdləri edir”. 

Deputatın fikrincə, Rusiya yaxşı anlayır ki, Orta Asiya ölkələrinin iqtisadi və nəqliyyat baxımından Türkiyə, eləcə də Azərbaycanla daha sıx əməkdaşlığı, bu dövlətlərin Moskvadan asılılığını azaltdığı kimi, yeni alternativ nəqliyyat marşrutları, təhlükəsizlik və inkişaf mexanizmləri yaradır: “Türkiyənin NATO üzvü kimi regional liderliyi isə Rusiyanın ənənəvi mövqelərinə ciddi rəqibdir. Rusiya üçün konsulluq açmaq, sadəcə, diplomatik nümayəndəlik deyil, həm də təsir mexanizmidir: iqtisadi əlaqələri yönləndirmək, siyasi proseslərə dolayısı ilə təsir göstərmək və eyni zamanda yerli ictimaiyyətlərdə informasiya mühitinə nəzarət imkanlarını gücləndirmək məqsədi daşıyır. Bu, Moskvanın "yumşaq güc" alətlərindən biridir".

Mübariz Göyüşlünün tərcümeyi-halı

 Mübariz Göyüşlü

Cross Media Təhlil Mərkəzinin analitiki Mübariz Göyüşlünün sözlərinə görə, Rusiya təsir imkanlarını və rıçaqlarını dəyişərək daha “yumşaq” üsul və metodları işə salmaqdadır. Bunlardan da biri konsulluqların, müxtəlif təşkilatların açılması və “yumşaq güc” tətbiq etməklə ictimai rəyi, ictimaiyyəti Rusiya və rus müstəmləkəçiliyi lehinə formalaşdırmaq ola bilər. Xankəndidə konsulluq açmaq istəyən Rusiyanın niyyəti bizə bəlli idi. 100 illik separatizmi yenidən alovlandıra bilmək üçün müxtəlif fəaliyyətlər gerçəkləşdirmək. Ona görə də rəsmi Bakı haqlı olaraq buna razılaşmadı. Qafanda konsulluq açmaqda məqsəd Zəngəzur dəhlizi, İran və s. ətrafında gedən prosesləri nəzarətdə saxlamaq cəhdidir. Türküstandakı yeni konsulluqlar isə bu ölkələrdə təsir imkanlarını artırmaq, onların Rusiya nəzarətindən çıxmasına imkan verməmək ola bilər. Hər iki şəhər - həm Aktau, həm də Səmərqənd bu baxımdan mühüm strateji ərazilərdir. Düşünürəm ki, Rusiyanın burada konsulluq açmaq istəməsinə, rus şovinizmini təbliğ etmə cəhdlərinə imkan verməmək lazımdır. Əgər həmin dövlətlər bu gün buna “hə” desələr, bir müddətdən sonra bunun ziyanlı tərəflərini görə bilərlər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR