Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Moskva vilayətinin Mıtişi şəhərində 20 il əvvəl törədilmiş qətldə ittiham olunan şəxs həbs edilib. Bu, məşhur azərbaycanlı biznesmen Qalib Yusubovdur.
Rəsmi informasiyada bildirilir ki, 2003-cü ildə iki kriminal qrup arasında təsir dairələrinin yenidən bölüşdürülməsi və iş adamlarından xərac alınması ilə bağlı münaqişə yaranıb və 2003-cü il mayın 16-da təqsirləndirilən şəxs öz rəqibini aldatma yolu ilə ofisinə gətirdib. Orada bir neçə şəxs ona növbə ilə odlu silahdan atəş açıblar. Daha sonra onlar kriminal avtoritetin meyidini palaza büküblər, ofisdən çıxararaq Puşkinski rayonundakı meşə zolağında basdırıblar.
Qətldə təqsirləndirilən və artıq saxlanılan şəxs 1966-cı ildə Qazax rayonunda doğulmuş, Moskvada yaşadığı rayonda xüsusi hörmətə malik xeyriyyəçi biznesmen Qalib İsmayıl oğlu Yusubovdur. Onun aktiv vətəndaş mövqeyinə və xeyriyyəçiliyinə görə mükafat və tərifnamələrə layiq görüldüyü qeyd olunur.
Q.Yusubov “Azerros” adlanan diaspor təşkilatının fəalı, təşkilata ianələr edən iş adamı kimi tanınır. O, 2018-ci ildə Vladimir Putinin prezidentliyə namizədliyinin dəstəklənməsi üçün yaradılan qərargahın üzvü olub.
Maraqlıdır ki, hələ 7 il öncə, 2016-cı ildə Rusiya mətbuatında Qalib Yusubovun əleyhinə yazılar dərc olunub, onu mütəşəkkil kriminal təşkilat yaratmaqda, narkotik maddələrin satışını təşkil etməkdə, biznesmenlərdən xərac toplamaqda və sair bəd əməllərdə suçlayıblar.
O yazılardan birində Qalib Yusubovun “Albalı bağı” restoranında özünə yubiley (50 illik) keçirdiyi, ziyafətin əsl şərq miqyasında keçirildiyi qeyd olunur. Yazı müəllifi bildirir ki, ziyafətdə 200-ə yaxın qonaq iştirak edib və onların arasında çox sayda keçmiş və indiki hüquq-mühafizə orqanlarının əməkdaşları olub. Yazı müəllifi onların adlarını, vəzifələrini və rütbələrini sadalayır: “Qonaqlar arasında Rusiya Daxili İşlər Nazirliyinin Korolyov şəhər dairəsi üzrə polis idarəsinin rəisi, polis polkovniki Aleksey Ryabov, onun müavini Yuri İnşikov, Moskva Baş Daxili İşlər İdarəsinin şöbə rəisi, polkovnik Konstantin Kuznetsov, Moskva vilayətinin Baş Daxili İşlər İdarəsinin şöbə rəisi, polkovnik Valeri Popov, həmçinin Moskva vilayəti üzrə narkotiklərlə mübarizə şöbəsinin keçmiş əməkdaşları, “Rosneft”in təhlükəsizlik xidmətinin menecerləri Latipov və başqaları vardı”.
Daha sonra Fadeyev adlı yazı müəllifi Yusubovun qonaqlarının arasındakı kriminal avtoritetlərin adlarını qeyd edib: “Gorbunovskaya mütəşəkkil cinayətkar qrupunun keçmiş üzvü, “Sıqan” ləqəbli Vasili Kuznetsov, peşəkar qatil Nikolay Barançuk, residivist cinayətkar Vasili Skaçok və bir çox başqa məşhur personajlar”.
Yazıda bildirilir ki, Yusubovun kriminal aləmdən olan qonaqları Moskva vilayətinin “Helios”, “Saturn”, “Yupiter” ticarət mərkəzlərini və onlarla başqa məkanlarda yerləşən yüzlərlə ticarət obyektlərini “qoruyurlar” və faktiki olaraq onları arət edirlər. Yazı müəllifi qeyd edir ki, “Yusubovun briqadası”nın əsas fəaliyyət istiqamətlərindən biri də Tacikistan və Azərbaycandan Moskva vilayətinə narkotik maddələr daşımaqdır.
Maraqlıdır ki, bu ifşaedici yazı 7 il öncə dərc olunsa da, dünənə qədər onun iziylə gedən və “briqada”nı ifşa edən olmayıb. Yazıda bildirilir ki, Yusubov üzvü olduğu mafioz təşkilatda ümumi rəhbərliklə yanaşı, hüquq-mühafizə orqanları ilə münasibətlərə də cavabdehdir və bu qurumlar, məsələn, İstintaq Komitəsinin yüksək rütbəli məmurları zəngin və gözəl yaşamaq üçün onunla əməkdaşlıq edirlər.
Əgər yazılan yazılar hansısa başqa bir mütəşəkkil cinayət dəstəsinin sifarişinin nəticəsi deyilsə, belə anlaşılır ki, həmvətənimiz Moskvanın hüquq-mühafizə orqanlarını rəhbərləri ilə ciddi dostluq əlaqələrinə malik olub. Yazıda bildirilir ki, Qalib Yusubovun öz polis dostlarını himayə etmək, cəzadan yayındırmaq üçün ortaya qoyduğu məbləğlər adi insanı şoka salardı.
“Yusubovun briqadası” Daxili İşlər Nazirliyindən qovulmuş general Vasili Yurçenkonun Moskva vilayəti üzrə narkotik maddələrə qarşı mübarizə idarəsinə rəis gəldikdən sonra daha böyük qazanc əldə etdiyi iddia olunur. Müəllif yazır: “Müdrik Yusubovun məsləhəti ilə Vasili Yurçenko regional narkotiklərlə mübarizə idarəsinin rəhbərliyinə polis və prokurorluqdan təcrübəli Ağjigitovu, Tyulenevi, Latipovu gətirdi: yeri gəlmişkən, onlar sonradan öz müdirlərinin ardınca “Rosneft”in təhlükəsizlik xidmətinə işə getdilər.
Yazıda bildirilir ki, Yurçenko və Yusubovun əməkdaşlığı ikincini Moskva vilayətində heroinin tədarükü ilə bağlı biznesdə inhisarçıya çevirib.
Sözügedən məqalədə Yusubovun polis general və polkovnikləri ilə əlaqələrindən, işbirliyindən, cinayət ortaqlığından geniş bəhs olunsa da, onun 20 il öncə hansısa kriminal avtoriteti “yox etməsi” barədə bir məlumat yoxdur.
Belə aydın olur ki, Q.Yusubov hələ 20 il öncədən “qurdlar vadisi”nə düşüb və başının salamatlığını qorumaq, biznesini inkişaf etdirmək üçün lazımi adamlarla yaxşı dostluq əlaqələri qurub, eyni zamanda özünə xeyli düşmən qazanıb.
Rusiyanın biznes və kriminal mühitinndən yaxşı xəbərdar olan şəxslərin dediyinə görə, bu ölkədə böyük biznes və kriminal aləm paralel deyillər, iç-içə, bir-birinə hörülmüş şəkildə mövcuddurlar. Belə ki, demək olar, bütün adlı-sanlı biznesmenlərin mütləq kriminal aləmin liderləri ilə, eyni zamanda hüquq-mühafizə orqanlarının rəhbərləri ilə sıx əlaqələri var, yoxsa fəaliyyət göstərmələri, pul qazanmaları mümkün ola bilməz. Əksər məşhur oliqarxların yollarını kəsən, onların biznesinə maneçilik törədən arzuolunmaz şəxsləri fiziki baxımdan aradan götürtmələrinə dair də çoxsaylı iddialar var və qeyd olunur ki, bu kimi olayların çoxunun üstü əbədi olaraq basdırılıb.
Görünür, heç də hər şey əbədi deyil, bəzi cinayətlər 20 ildən sonra olsa da açılır. Bununla belə, səbrlə bu işin sonunu gözləmək lazımdır. Rəqibləri Q.Yusubova “torba tikmiş” də ola bilər. Rusiyada belə hadisələr də çox olur.
Araz Altaylı, Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ