İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova da Azərbaycandan qaz istəyir - reallaşacaqmı...

Eldəniz Əmirov: “Azərbaycan qazından səmərəli istifadə üçün yeni qaz infrastrukturunun yaradılmasına ehtiyac var”


Moldovanın baş naziri Nataliya Qavrilitsa Azərbaycan mediasına açıqlamasında deyib ki, Azərbaycanda qaz tədarükünü müzakirə edəcək: “Moldova Respublikasının hazırda üzləşdiyi enerji böhranı kontekstində enerji sektorunda əməkdaşlığa, qarşılıqlı fəaliyyətin yeni perspektivli addımlarının axtarışına xüsusi diqqət yetiririk. İndi də, əvvəlki kimi, biz Moldova tərəfinin təbii qazın təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyasında maraqlı olduğunu təsdiqləyirik, çünki ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi ölkə rəhbərliyinin əsas prioritetlərindən biridir. Azərbaycanın qərb istiqamətində mavi yanacağın ixracını artırmaq niyyətini nəzərə alaraq, biz Azərbaycan təbii qazının Moldovaya təchizatı imkanını müzakirə etməyə hazırlaşırıq. Eyni zamanda biz elektrik enerjisi sahəsində bəzi birgə layihələrin inkişafı, Azərbaycan neft məhsullarının Moldovaya idxalı imkanını müzakirə edəcəyik”.

Qeyd etmək yerinə düşər ki, Rusiyanın Avropaya qaz ixracını dayandırmasından sonra Azərbaycana qaz idxalı ilə bağlı müraciətlərin sayı çoxalıb. Yaxınlarda Balkan ölkələri rəhbərlərinin də belə müraciəti olmuşdu. Bəs görəsən, Azərbaycan bu cür müraciətləri reallaşdıra bilərmi? Bunun üçün infrastrukturumuz mövcuddurmu?

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bu mövzu ilə bağlı fikirlərini bildirib: “İndiki dünyada mövcud olan geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı. Bu yaxınlarda Bolqarıstanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılış mərasimində də mən bu barədə məlumat verdim ki, biz ötən il qaz ixracatımızı əvvəlki ilə nisbətən 40 faiz artırmışıq. Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Eyni zamanda Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Həmçinin enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək, yəni biz bu qədər itkilərlə üzləşməyəcəyik. Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı təsəvvür etmək bir qədər çətindir, çünki daha da çox ola bilər. Biz, əlbəttə ki, çox təvazökarcasına bu rəqəmləri səsləndiririk. O rəqəmləri səsləndiririk ki, onların həyata keçməsinə tam əminik. Amma əminəm ki, daha çox olacaq. Bizim həm qazımız, həm neftimiz, eyni zamanda elektrik enerjimiz də Avropa qitəsinə ixrac ediləcəkdir. Buna nail olmaq üçün indi konkret proqramlar işlənib hazırlanır, bəlkə də bu haqda danışmaq bir qədər tezdir. Amma ümid edirəm ki, yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacaq. Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır”.

Ekspert: “Bu, qaza tələbatın artmasına təkan verib” - 16.07.2021, Sputnik  Azərbaycan

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a fikirlərini açıqladı: “Şərqi Avropa ölkələrinin müharibə başlanandan sonra Azərbaycana müraciətlərin sayının artması təbiidir. Çünki Rusiyadan asılılıq bu region ölkələrində daha çoxdur. Bu baxımdan hər biri ayrı-ayrılıqda öz enerji təhlükəsizliyinin təmin etməsi üçün yollar axtarırlar. Azərbaycana da etibarlı tərəfdaş kimi müraciət edirlər. Coğrafi baxımdan yerləşməyə görə daha çox bəxtləri gətirmiş ölkələr Yunanıstan, Albaniya, İtaliyadır. Eyni zamanda Yunanıstan Albaniya və İtaliya ilə qonşu olan ölkələrdir. Çünki TAP Yunanıstan, Albaniya, Adriatik dənizindən keçir və İtaliyada yekunlaşır. TAP üzərindən yaxın olan ölkəlilərin məhz TAP-dan istifadə etməsi üçün, yəni Azərbaycan qazının TAP üzərinə ixracı zamanı ölkələr arası İnterkonnektorlar vasitəsilə yararlanması fürsətləri var. Amma bu məsələdə Moldova bir az uzaqdadır. Çünki TAP-dan Moldovanın istifadə etməsi üçün mütləq şəkildə Bolqarıstan üzərindən, Rumıniyadan keçərək daha sonra Moldovaya daxil olmalıdır. Bilirik ki, hazırda Bolqarıstan İnterkonnektorlar vasitəsilə Azərbaycan qazını Yunanıstan üzərindən alır. Daha sonra Bolqarıstandan Rumıniyaya keçməlidir, oradan da Moldovaya keçməlidir.

Amma fikrimcə, bizə müraciət etmiş bu region ölkələrinin Azərbaycan qazından daha səmərəli istifadə etməsi üçün TANAP-ın qurtaracağından başlayaraq yeni qaz infrastrukturunun yaradılmasına ehtiyac var. Yəni TANAP-ın sonundan TAP başlayır. TANAP-ın diametri 122 santimetrdir. TAP-ın diametri isə 48 santimetrdir. TANAP-ın sonundan diametr kəskin azalaraq TAP-a düşür. TAP üzərindən 10 milyard kub metr üzərində qaz ixrac olunur. O, 20 milyarda qədər artırılacaq. Artırılmış 20 milyard Yunanıstana , Bolqarıstana, İtaliyaya qonşu olan ölkələrə, o cümlədən də Albaniyanın qonşularına ötürüləcək. Çünki Albaniyanın özü qaz, neft ehtiyatlarına malikdir deyə, Azərbaycanın ehtiyatlarına o qədər də ehtiyac yoxdur. Amma onun qonşuları olan ölkələrin bilavasitə Azərbaycan qazından yararlanmaq fürsəti yaranacaq. Yəni TAP-ın həcmini 20 milyarda qaldırdıqdan sonra. Yaxın perspektivdə də 20 milyarda qaldırılması hədəflənir. Ötən il yanvarından 1-dən 8.2 milyard ixrac olunub. Bu il isə 12 milyard ətrafında dəyişməsi gözlənilir. Bəzi yerlərdə 11.5 milyard, bəzi yerlərdə 12 milyard proqnozları verilir. Amma 12 milyarda yaxın bir ixrac həcmi olacaq. Perspektivdə TAP üzərində kompressor stansiyalarını qoşaraq təzyiqin artırılması hesabına ilə 20 milyard kub metrə çatdıracağıq. Bundan sonra isə artıq digər qonşu ölkələri bundan yararlanacaqlar".

İqtisadçı qeyd edib ki, TANAP-ın diametri daha böyükdür: “TANAP-ın qurtaracağından yeni infrastruktur yaradılaraq Bolqarıstana, oradan Rumıniyaya, daha sonra Macarıstana və digər sərhəd ölkələrinə istiqamətlənməsi mümkündür. Onsuz da TANAP-ın ötürücülük gücü, həcmi 16 milyard kub metrdir. Biz bunu kompressor stansiyalarının qoşulması və yeni texnoloji tətbiqləri həyata keçirməklə 32 milyard kub metrə qədər illik artıra biləcəyik. Bu, böyük bir həcmdir. 32 milyardın bir hissəsinin yenə də TANAP-ın qurtaracağından yeni çəkilmiş boru xətləri, yaxud interkonnektor vasitəsilə digər ölkələrə paylaya bilərik. O ki qaldı Avropanın digər enerji resursları ilə təmin edilməsinə, elektrik enerjisi üçün tələbatın ödənilməsi üçün işğaldan azad olunmuş ərazilərimizdə çox böyük potensial var. Ələlxüsus da günəş və hidroloji elektrik stansiyalarının yaradılması üçün. Artıq Birləşmiş Ərəb Əmirliyinin və Böyük Britaniyanın 2 nəhəng şirkəti burada investisiya yatırmağa başlayıblar. Burada elektrik enerjisindən, alternativ enerji mənbələrindən söhbət gedir. Şirkətlərdən biri BP-dir. Mövcud elektrik enerjisinin də ixraca istiqamətlənməsi üçün geniş potensial var. Fikrimcə, Zəngəzur dəhlizindən sonra xətlərdən biri məhz buradan istiqamətlənəcək”.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin qaz anbarlarında mavi yanacaq ehtiyatlarının həcmi 91 faizə yaxınlaşıb. Anbarların doldurulması əsasən maye qazın tədarükü və alternativ boru kəmərləri vasitəsilə təbii qaz alınması hesabına həyata keçirilir. Oktyabrın əvvəlindən qazın min kubmetrinin orta qiyməti təxminən 1705 dollar təşkil edib. Bundan öncə Aİ ölkələri 2022-2023-cü illərin qışına qədər yeraltı qaz anbarlarını ən azı 80 faizə, sonrakı bütün qış mövsümləri üçün isə 90 faizə qədər doldurmağı öhdələrinə götürmüşdülər. Hazırda Rusiya qazının Ukrayna ərazisindən tranzitlə Avropaya tədarükü davam edir. Həmin marşrut “Şimal axını” kəmərlərində baş vermiş qəzadan sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə ixracı üçün yeganə vasitədir. Lakin Ukraynadan tranzitin gələcəyi də qeyri-müəyyən olaraq qalır. Belə ki, rəsmi Kiyev “Qazprom” kompaniyasının qaz nəqli xidmətlərinin ödənişini gecikdirməsi iddiası ilə Beynəlxalq Arbitraj Məhkəməsində vəsatət qaldırıb. Avropa İttifaqının yeni sanksiyaları səbəbindən Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin edən “Türk axını” operatorunun ixrac lisenziyası da vaxtından əvvəl ləğv edilib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR