İnsanlara hürriyət, millətlərə istiqlal!

Modelyerin atasını öldürənlər məhkəmə qarşısında: "Planları var"

Bakınının Sabunçu rayonunda modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə baş tutan iclas səs-küylə başlayıb. Zərərçəkmiş tərəf təqsirləndirilənin ünvanına ittihamlar səsləndirib.

Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Mustafa Zeynalov ali təhsilidir, hüquqşünasdır, ailəli olsa da, rəsmi nikahı yoxdur.

Müəyyən edilib ki, o, əvvəllər polisdə işlədiyi dövrdə məhkum olunub və 5 il cəza alıb.

Digər təqsirləndirilən Namiq Əliyev də ali təhsillidir. O, bankda şöbə rəhbəri işləyib. Həmçinin dəfələrlə dövlət qurumlarına fərdi layihələr verib.

Daha sonra zərərçəkmiş Kamran Bəkirovun hüquqi varisi, qızı Elnarə Bəkirovanın da anket məlumatları dəqiqləşdirilib.

Elnarə Bəkirova deyib ki, atasının qətlində iştirakda təqsirli bilinən bu iki şəxsə ağır cəza verilsin, layiqli cəzalarını alsınlar, atasının qanı yerdə qalmasın.

Mustafa Zeynalov deyib ki, onun öz vəkili var, hazırda prosesdə iştirak etmir. Hər iki təqsirləndirilən şəxslər dövlət tərəfindən təyin olunan vəkillərin müdafiəsindən imtina ediblər.

Zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili prosesin təxirə salınmasına etiraz edib. Prokuror Ziya Mansurov da buna etiraz edib. Deyib ki, işdə vəkilin müqaviləsi yoxdur, buna görə də prosesin təxirə salınmasına ehtiyac görmür.

Mustafa Zeynalov deyib ki, onun vəkili var, şərait yaradılsın, vəkili ilə əlaqə saxlasın: "Hazırda vəkilimlə əlaqə saxlamağa imkanım yoxdur. Vaxt verin, onunla əlaqə saxlayım, görüm nə deyir. Ondan sonra proses keçirilsin".

Elnarə Bəkirova etiraz edib. Deyib ki, Namiq Əliyevin öz sözü yoxdur: "Mustafa Zeyanlov nə deyir, onu da edir. Vəziyyətin belə yaranması əvvəlcədən planlaşdırılıb. Məqsəd işi uzatmaqdır".

Hakimlər təqsirləndirilən şəxslərin şifahi vəsatətlərin təmin ediblər. Məhkəmənin hazırlıq iclası noyabrın 2-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən Mustafa Zeynalov millət vəkili Elnur Allahverdiyevin doğma dayısıdır, digər təqsirləndirilən Namiq Əliyev isə Elnur Əliyevin dayısının kürəkənidir.

ttihama görə, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirov qətlə yetirilib.

İstintaq sənədlərinə görə, bu ilin aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.

Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR