Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezident Administrasiyası Donald Tramp ilə Vladimir Putin arasında birbaşa görüşün “çox tezliklə” baş tutacağını açıqlayıb. Bu bəyanat birbaşa Ağ Ev tərəfindən yayılıb və ciddi beynəlxalq rezonans doğurub.
Musavat.com xəbər verir ki, görüşün konkret yeri və tarixi hələlik rəsmi şəkildə açıqlanmasa da, Ağ Evin bu səviyyədə açıq siqnal verməsi görüşün yaxın günlərdə, hətta saatlarda baş tutacağına dair güclü ehtimal yaradır. Diplomatik müşahidəçilər hesab edir ki, bu cür bəyanatlar təsadüfi verilmir və arxa planda intensiv koordinasiyalar gedir.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, ABŞ Prezidenti Donald Tramp hal-hazırda ərəb ölkələrində səfərdədir. O, bu səfəri çərçivəsində Türkiyəyə sabah gələcəyi ilə bağlı qeyri-müəyyən, amma çox maraqlı bir eyham işlədib. Sitat: "Sabah İstanbula gedə bilərəm".
Trampın dilindən səslənən digər ifadə - “Əgər mən getməmişəmsə, Putin niyə İstanbula getsin ki?” cümləsi beynəlxalq medianın diqqətini çəkib. Bu, bir növ kodlaşdırılmış diplomatik mesaj kimi dəyərləndirilir və ehtimalları daha da gücləndirir.
Əldə olunan məlumatlar fonunda ehtimal olunur ki, görüşün baş tutacağı əsas namizəd şəhərlər sırasında İstanbul hələ də öz gücünü saxlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçi kimi bu görüşü təşkil etməsi ehtimalı da diqqətdən yayınmır.
Tramp özü də iki gün öncə Putinlə İstanbulda görüşmək istədiyini açıq ifadə edib.
Əgər görüş İstanbula planlaşdırılıbsa, bu, həm Trampın şəxsi diplomatik xəttinə, həm də Türkiyənin geosiyasi mövqeyinə böyük önəm verildiyini göstərər.
Musavat.com hadisələrin gedişatını izləyir və yeni məlumatlar olduqca oxucularına təqdim edəcək.
Musavat.com
16 May 2025
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ