Onlayn ictimai-siyasi qəzet
Nikita Mixalkovun Rusiya telekanalında yayımlanan müəllif proqramı “Beseqon TV”nin bu şənbə buraxılışı həbsxanada ölən müxalifətçi Aleksey Navalnıya həsr olunmuşdu. Müəllifin subyektiv mövqeyi əsasında hazırlanan proqramda səslənən fikirlərlə işimiz yox, maraqlananlar baxa bilərlər. Müəllif “Rusiyada müxalifətin əsas düşməni kimdir” sualına özünün deyil, jurnalist-publisist Roman Nosikovun yazdığı məqalədən sitatla cavab verir.
Nosikov yazır ki, Rusiya müxalifətini əslində Putin rejimi deyil, Qərb məhv edib. Bunu da belə izah edir ki, Qərb “pula həris müxalifəti” (adlar çəkir - Navalnı, Yaşin, Çerikov, Sobol və başqaları) özlərinə agent etməklə, korrupsiyaya bulaşdırmaqla məhv edib. Elə həmin buraxılışda Navalnının köməkçisi olmuş Aleksandr Aşurkovun bir neçə il əvvəl Britaniya kəşfiyyatçısı ilə Rusiyada hakimiyyəti dəyişmək üçün “10-20 milyon dollar lazım olduğu” haqda gizli çəkilmiş videosu da yenidən efirə verildi.
Mixalkov Kremlin ideolojisinə, prezident Putinə yaxın biridir və əlbəttə ki, onun müəllif proqramında Qərbin indi əsas tezisinə çevrilmiş “Navalnının həbsdə öldürülməsi” haqda iddiaları dağıtmaq istəyi də var. Mövzumuz bu deyil, amma müxalifət və Qərb haqda deyilənlər bizim ölkə üçün də indi aktual mövzudur.
Azərbaycan müxalifətinin son 20 ildə Qərbdən heç vaxt ciddi siyasi dəstəyi olmayıb. Vaxtilə müxalifətin bir-iki tanınmış simasını xaricə hansısa tədbirlərə, demokratiyaya həsr olunmuş konfranslara dəvət də ediblər; amma onlara xüsusi diqqəti, dövlət səviyyəsində qəbulu xatırlamıram. Bu sırada yalnız Türkiyə müəyyən dövrdə istisna idi ki, onun da arzuedilməz nəticələri “OMON hadisələri” zamanı üzə çıxdı, münasibətlərə müəyyən müddət xələl də gətirdi.
Bakıdakı sanksiyalaşdırılmayan aksiyalarda hansısa həbslərə əlbəttə ki, reaksiyalar olurdu. Bu inamsızlığın səbəbləri sırasında müxalifətin nəyə qadir olduğu haqda Qərb kəşfiyyatlarının məlumatları da vardı. Onlar buradakı səfirlikləri vasitəsilə real vəziyyəti öz ölkələrinə ötürürdülər. Keçmiş postsovet ölkələrində (Pribaltika istisna olmaqla) demək olar ki, Qərb-müxalifət münasibətləri aşağı-yuxarı eyni ssenari üzrə gedib.
2005-ci ildə Gürcüstandakı “Qızılgül inqilabı”nın, 2014-cü ildə Ukraynadakı Maydan hərəkatının, eləcə də 2018-ci ildə Ermənistanda Paşinyanı hakimiyyətə gətirən sorosçuların “küçə inqilabı”nın nəticələri bəllidir.
Faktiki həm 2005-də, həm Maydan hərəkatından sonra Azərbaycanda da belə inqilablar yaratmağa cəhdlər oldu. Amma alınmadı. Niyə? Əvvəla, ona görə ki, xalq da “dişinə vurduğu” liderlərə o dəstəyi vermədi, ikincisi, Qərb yenə də parçalanmış müxalifətin hakimiyyəti idarə edə bilmək bacarığına inanmadı. İndi bir neçə il əvvəl yayılmış gizli videoda Navalnının köməkçisinin Mİ-8 kəşfiyyatçısından Rusiyada hakimiyyət dəyişikliyi üçün 10-20 milyon dollar istəməsi heç o zaman da real deyildi. O pula müxalifətin yeni simaları heç nə edə bilməzdilər, amma əvəzində özlərinə xaricdə yaxşı ev, maşın, uşaqlarına gələcək qura bilərdilər. Elə onu da etdilər. Klassik müxalifətçilər ölkədə ya zəlzələdən, ya vəlvələdən yox oldular, onların yerini isə heç kimin tanımadığı və ya Qərbdə məhdud dairələrin tanıdığı adamlar tutdular.
“Toplum TV”yə heç vaxt baxmamışam, eləcə də “Abzas Media”nın da, orada işləyənlərin adlarını da yalnız həbslərdən sonra eşitmişəm; ola bilsin, sosial şəbəkələrdən uzaq olduğum üçün fəaliyyətlərindən xəbərsiz olmuşam. Onlar Azərbaycan müxalifətinin nə Navalnısı, nə Sobolı ola bilərlər.
Qərb də onlara rusiyalı müxalifətçilər qədər səxavətli ola bilməz. Rəsmi ittihama görə, “Toplum TV” üzərindən yarım milyon valyuta alındığı iddia olunur. Onların evinin, maşınının, bağının olub-olmadığını və ya ehtiyat üçün pul saxlayıb-saxlamadığını da deyə bilmərəm. Yəni adamlar müxalifət, siyasi-ictimai lider və ya jurnalist kimi tanınmayıblar. Hüquq-mühafizə orqanlarının əlində hansısa əsaslar varsa, onu yəqin ki, istintaqda sübut etməyə çalışacaqlar...
Hökumət bir neçə il əvvəl jurnalistlərə ev verdi, hələ də bəziləri başımıza vururlar, sanki xaricdən kimlərinsə verdiyi pulla mənzil almışıq. Halbuki Azərbaycan dövlətinin sərəncamı ilə dövlət büdcəsindən ayrılmış vəsaitlə tikilmiş mənzillər veriblər. İndi bu adamların nə günahı var, bunu istintaq deyəcək. Qərbin bəzi korazehin və bəlkə həm də korrupsiyaya bulaşmış dairələri görün nə günə qalıbsa, indi çoxu gənc olan adamlar üzərindən ölkəyə hansısa müdaxilə, iqtidara təsir planları qurmaq istəyiblər. Əlbəttə ki, heç nəyə nail ola bilməzdilər, amma bu adamları, onların ailələrini qəpik-quruşa görə bədbəxt etdilər...
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ