Onlayn ictimai-siyasi qəzet
İyulun 31-də “Ədalətli Rusiya - Həqiqət naminə” təşkilatının sədri Sergey Mironov və onun müavini Yana Lantratova Dövlət Dumasına miqrantların tibb və əczaçılıq, eləcə də məktəb və digər sahələrdə işləməsini qadağan edən qanun layihəsi təqdim ediblər.
Qanun layihəsində əmək haqqı 100-120 min rubldan çox olduqda miqrantların kuryer kimi işə götürülməsinə qadağa qoyulması da təklif edilir. Təşəbbüsün müəllifləri mümkün qeyri-qənaətbəxş “bilik və bacarıq” səviyyəsinə görə əcnəbilərin sərnişindaşıma xidmətlərinin göstərilməsinə məhdudiyyətlərin qoyulmasını, habelə orta gəlirdən yuxarı olan bəzi fəaliyyət növlərinə qadağa qoyulmasını istəyirlər.
Qeyd edək ki, “Crocus City Hall” konsert zalında Tacikistan vətəndaşları tərəfindən törədilən terror aktından sonra miqrantlarla bağlı sərt qaydaların tətbiqi ilə bağlı çağırışlar kəskin artıb. Xüsusilə bu çağırışları Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin fəal şəkildə dəstəkləyir.
Rusiyalı hüquq müdafiəçilərinin fikrincə, bu qanun miqrantların ən kiçik qanun pozuntularına görə deportasiyasına zəmin yaradır.
Miqrantların qayıtmaq gözləntisi, əlbəttə, istənilən ölkə üçün əlavə başağrısı və sosial gərginliyi tətikləyən amil hesab olunur. Azərbaycandan da Rusiyada xeyli miqrant var. Qanunun sərtləşməsinə artıq Bişkek məlum reaksiyanı verib, Bakı isə daha çox gözləmə mövqeyindədir.
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifovun sözlərinə görə, Rusiya rəsmi mənbələri öz saytlarında ölkədə əhalinin artımına dair göstəriciləri dərc edir: “Bəs bu artımlar nəyin hesabına baş verir? Təbii ki, bu artım, Rusiyaya xaricdən, ilk növbədə keçmiş sovet və daha çox Orta Asiya respublikalarından gələn miqrantların hesabına baş verir.
Bir sözlə, Rusiya bu gün özünün demoqrafik durumunu yalnız ölkəyə gələn miqrantların hesabına tənzimləyə bilir. Bu miqrantların böyük əksəriyyətini də, əvvəldə qeyd etdiyimiz kimi, Orta Asiya respublikalarından, ilk növbədə isə Tacikistan, Qırğızstan və Özbəkstandan gələnlər təşkil edir.
Fikrət Yusifov
Mən 2000-2014-cü illərdə Rusiyanın Sankt-Peterburq şəhərində yaşamışam. Yaşadığım şəhərin bütün kommunal xidmətlərində, tikinti, yol infrastrukturunda və bu sıradan olan digər sahələrdə çalışanların (bu işləri el dilində “qara işlər” adlandırırlar) demək olar ki, hamısı müstəsna olaraq Orta Asiyadan gələn miqrantlardan və ilk növbədə tacik və özbək əsilli insanlardan ibarət idi. Orada yaşadığım müddətdə apardığım araşdırmalarla müəyyən etdim ki, Rusiyanın paytaxtı Moskvada və onun digər şəhərlərində də durum eynidir. Beləliklə, Rusiyanın demoqrafik durumunun “çulunu sudan çıxaran” və ölkənin işçi qüvvəsinə olan tələbatını ödəyənlər əsasən miqrantlardır. Bu sırada Orta Asiyadan, xüsusilə Tacikistan və Özbəkistandan gələn miqrantlar böyük üstünlük təşkil edir.
Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqil Rusiyada 1991-ci ildə 148,3 milyon nəfər insan yaşayırdı. Müstəqilliyin ilk illərində əhalinin demoqrafik durumunda bir sabitlik müşahidə olunsa da, 1998-ci ildən etibarən əhalinin sayında kəskin azalmalar qeydə alınmağa başladı və artıq 2007-ci ildə əhalinin sayı 5,5 milyon nəfər azalaraq, 1991-ci ildə qeydə alınmış 148,3 milyon nəfərdən 142,8 milyon nəfərə endi. Vəziyyətin getdikcə dramatikləşdiyini görən Rusiya hökuməti dərhal xüsusi dövlət proqramları çərçivəsində ölkədə əhalinin artımını stimullaşdırmağı nəzərdə tutan tədbirlərə rəvac verdi. Eyni zamanda ölkəyə miqrant axınının qarşısında dayanan bütün əngəllər aradan qaldırıldı, işçi vizası, oturum və Rusiya vətəndaşlığı almaq istəyənlər üçün qaydalar tam sadələşdirildi. Rusiya hökumətinin bu addımları müəyyən müddətdən sonra vəziyyətin bir qədər sabitləşməsinə gətirib çıxartdı. Belə ki, 10 ildən sonra - yəni artıq 2017-ci ildə Rusiyada əhalinin sayı 2007-ci illə müqayisədə 4 milyon nəfər artaraq, 146,8 milyon nəfərə çatdı.
Rusiya hökumətinin atdığı addımlara baxmayaraq bu ölkədə hazırkı demoqrafik durum olduqca acınacaqlı vəziyyətdədir. Hökumətin gördüyü tədbirlər gözləntiləri qətiyyən doğrultmur. Əvvəldə dediyimiz kimi, son 2023-cü ildə Rusiyada əhalinin 168 min nəfər təbii azalması baş vermiş və bu durum yalnız ölkəyə gələn 228 min miqrantların hesabına bir qədər tənzimlənmişdi. Rusiyada demoqrafik vəziyyəti və xüsusilə də əhalinin cins tərkibindəki acınacaqlı durumu bundan sonrakı illərdə bir qədər də ağırlaşdıran amil Rusiya-Ukrayna müharibəsindəki itkilər olacaq. Bu günə olan məlumatlara görə, onların sayı 450 min nəfərdən çoxdur və bu rəqəm getdikcə artmaqdadır".
Sabiq nazir bir məsələyə də toxundu: “Son hadisə - "Crocus City Hall"da baş vermiş terror aktından sonra Rusiya hökuməti ölkədə miqrantlarla bağlı vəziyyəti tənzimləmək üçün addımlar atmaq istəyir. Ancaq hansı addımlar atılacaq? Rusiyada bu gün on minlərlə miqrant mövcud qaydaları kobud şəkildə pozaraq fəaliyyət göstərsə də, hakimiyyət bu vəziyyəti düzəltmək üçün qətiyyət göstərə bilmir. Çünki miqrantlara göstərilən təzyiqlər sonda onların ölkəni tərk etməsi ilə nəticələnir ki, bu da Rusiya hakimiyyətinə qətiyyən sərf etmir. Bu gün Rusiyada bir neçə milyon nəfər işçi qüvvəsi çatışmazlığı fonunda hökumətin bu cür davranışı anlaşılandır. Terror aktının törədilməsində günahkar bilinən tacik əsilli şəxslərin olması, Rusiyada çalışan taciklərin kütləvi şəkildə bu ölkəni tərk etməsi ilə nəticələnməkdədir. Bu durum nə Rusiyaya, nə də Tacikistan hökumətinə lazım deyil. Rusiyada kommunal xidmətləri sferasında ən ağır işlərdə tacikləri əvəz edəcək bir başqa insanlar tapmaq olduqca müşkül məsələdir. Hökumət ya həmin işlərdə çalışmaq istəyənlərə taciklərə ödədiyindən 3-4 dəfə çox əmək haqqı ödəməli, ya da hər vəchlə taciklərin ölkədə qalmasına şərait yaratmalıdır. Gerçəklər bundan ibarətdir.
Yəni Rusiya hökuməti indi bu məsələnin həllində pat durumundadır. Taciklərin Rusiyanı tərk etməsinin nəticələrini Rusiya telekanalları vasitəsilə nümayiş etdirilən kadrlarda da görmək mümkündür. Məişət tullantılarının bəzi şəhərlərin mərkəzində belə günlərlə daşınmaması rus insanlarının ciddi narahatlığına səbəb olur.
Əslində miqrantların Rusiyanı tərk etməsi prosesi Ukraynaya hücumdan sonra başlamışdı. Müharibə başladıqdan sonra rus rublunun kəskin ucuzlaşması səbəbindən miqrantlar möhkəm valyuta hesabı ilə əvvəlkindən daha az qazanc əldə edirlər. Təbii ki, onlar qazandıqları pulun bir hissəsini vətənlərinə, öz doğmalarına göndərirlər. Digər tərəfdən, miqrantları bəzən haqsız olaraq yığıb cəbhəyə göndərirlər ki, bir çoxları da bu səbəbdən Rusiyanı tərk edirlər. Rusiyada bir qədər fərqli aqibəti azərbaycanlılar yaşayır. Bizim həmyerlilərimiz Rusiyada əsasən ticarətlə məşğul olsalar da, rus rublunun ucuzlaşması səbəbindən onlar da ciddi problemlərlə üzləşirlər və bəziləri geriyə, Azərbaycana qayıdırlar".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ