İnsanlara hürriyət, millətlərə istiqlal!

“Minsk Qrupu ləğv edilməyib, dondurulub...” - separatçıların xam xəyalına Bakıdan reaksiya

“Artsaxı xilas etmək üçün hər şeyi etməliyik. Bunun üçün ilk növbədə Rusiya ilə qardaşlıq münasibətlərini saxlamaq lazımdır. Vətənimizin xilası üçün mühüm təminatlardan biri də Ermənistan-Rusiya qardaşlıq münasibətləridir. ATƏT-in Minsk Qrupunun həmsədrliyinin Rusiya ilə Qərbin uzun illər əməkdaşlıq etdiyi vahid qurum kimi fəaliyyəti Ukrayna hadisələrinin fonunda dondurulub. Ləğv edilməyib, buraxılmayıb, dondurulub. Ləğvetmə daha mürəkkəb hüquqi və siyasi prosesdir”.

Bunu özünü uydurma “artsax”ın “xarici işlər naziri” sayan, Bakının beynəlxalq axtarışa verdiyi David Babayan deyib. Cinayətkar separatçıların özünə təsəllisi göz qamaşdırır. Görünür Putinin yenə “Dağlıq Qarabağ konflikti” ifadələri işlətməsi, Paşinyanla son birgə bəyanatda işlədilən “Minsk Qrupu həmsədrliyinin təcrübəsindən istifadənin zəruriliyi” haqda sözlər separatçıları əməllicə ürəkləndirib.

Bəs Minsk Qrupunun rəsmən ləğvi proseduru gerçəkdənmi qəliz məsələdir? Bunun üçün nə edilməlidir? Rəsmən ləğv edilməsə, nə olacaq ki? Babayanın iddia elədiyi kimi, Ukrayna böhranından sonra qurumun “donu açıla” bilərmi?

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, zaman-zaman ermənilərin bu kimi sərsəm bəyanatlarının şahidi oluruq: “Ancaq artıq mövcud olmayan, tarixin arxivinə qoyduğumuz quldur rejimin tör-töküntüləri ilə bağlı rəsmi münasibətin bildirilməsinə, onların ciddiyə alınmasına əslində ehtiyac yoxdur. Eyni zamanda hər bir halda Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı səslənən istənilə təhdidlə bağlı Azərbaycan dövlətinin və xalqının ciddi narahatlığı olması da normaldır. Quldur rejiminin tör-töküntüləri Azərbaycan ərazisində mövcud olduğu müddətcə o cür sərsəm bəyanatlar səslənəcək.

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

 Xəyal Bəşirov

Hüquq eksperti: “Bu həm də odu söndürülmüş münaqişənin közü ilə oynamağa bənzəyir”

Əslində, həmin bəyanat Rusiyanın zərərinə işləyir. Bu gün Rusiyanı Ukraynada üzləşdiyi durumdan başqa heç bir kənar problem ciddi maraqlandırmır. Çünki Ukraynada Rusiyanın özünün taleyi həll olunur. Belə bir vəziyyətdə Rusiya üçün Minsk Qrupunun olub-olmaması ciddi bir əhəmiyyət kəsb etmir. Sergey Lavrovun özü bu yaxınlarda bəyan etdi ki, Minsk Qrupu üçlüyündəki ABŞ və Fransa Rusiya ilə əməkdaşlıq etmir. Yəni de-fakto həmsədrlik institutu artıq mövcud deyil. Məsələnin de-yure sonlanması üçün tərəflərdən, yəni Azərbaycan və ya Ermənistandan hər hansının Minsk Qrupundan rəsmi imtina etməsi kifayət edir. Azərbaycanın belə bir hüququ var və istənilən an bu hüquqdan istifadə edə bilər. Ermənilər Minsk Qrupuna yenidən həyat verməyə daim çalışırlar. Ümidləri öz aləmlərində buna qalıb. Bu, suda boğulanın samandan yapışmağa çalışmasına bənzəyir. Bu həm də odu söndürülmüş münaqişənin közü ilə oynamağa bənzəyir. Ermənilər yenidən münaqişə fonu yaratmağa çalışırlar ki, Minsk Qrupuna guya ehtiyac olduğu görüntüsü meydana gəlsin. Ancaq bütün cəhdləri əbəsdir. Minsk Qrupunun mövcudluğu ilə bağlı işartı yoxdur. Həmsədr dövlətlərin özləri belə, bu formatı diriltməyin mənasız olduğunu qəbul edirlər və onun yarasızlığından, tarixə qovuşmasından danışırlar. Minsk Qrupunun rusiyalı həmsədrinin Rusiya xarici işlər naziri tərəfindən xüsusi nümayəndə təyin olunmasının özü o deməkdir ki, Moskva Minsk Qrupuna əhəmiyyət vermir. ATƏT-in Minsk Qrupu artıq mövcud deyil".

Yeganə Hacıyeva: “Cəmiyyətimizin siyasətlə maraqlanmaması haqda yanaşma  doğru deyil”

Siyasi ekspert: “Separatçıların və Ermənistanın cəhdləri boşunadır, çünki...”

Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, 30 il  nəticəsiz fəaliyyəti ilə özünü proseslərdən kənarlaşdırmış ATƏT-in Minsk Qrupunun adı çəkilmir: “Bu o deməkdir ki, ATƏT-in Minsk Qrupu artıq tarixə köçüb. Buna baxmayaraq,  Ermənistan hər vəchlə ATƏT-in Minsk Qrupunun yenidən dirildilməsinə cəhd göstərir. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra proseslərə təsir edən tək işlək format üçtərəfli razılaşmadır. Rusiya da bu üçtərəfli razılaşmada de-yure tək, de-fakto isə iki qarant ölkədən biridir. Proseslər Azərbaycan-Türkiyə, Rusiya-Ermənistan mövqelərinin ətrafında müzakirə olunur, həlli yolları tapılmağa cəhd edilir. Sadəcə, Ermənistan və şəxsən baş nazir Nikol Paşınyan belə yollarla zaman qazanmaq istəyir ki, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müddəaları həyata keçirilməsin.

Ermənistanın təşəbbüsü tək bununla bitmir, çünki bu həm də dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması istiqamətində real addımların atılmasını əngəlləyir. Ermənistanın Minsk Qrupu həmsədrliyindən imtina etmək istəməməsi Cənubi Qafqaz regionunda sülh və stabilliyin əleyhinə işləyən məqamdır.

Separatçıların və Ermənistanın cəhdləri boşunadır, müharibədən sonra Minsk Qrupu prosesdən tamamilə kənarlaşıb. Bunun rəsmi təsdiqini isə Brüssel görüşündən sonra Moskvaya dəvət edilən Ermənistanın xarici işlər naziri ilə görüşdə Lavrov bəyan etdi. O dedi ki, Fransa və ABŞ digər həmsədrlər kimi Moskva ilə təmasdan imtina edir. Bunun ardınca isə Rusiya Azərbaycan və Ermənistanla danışıqları aparmaq üçün xüsusi nümayəndə təyin etdi. Rusiyadan sonra ABŞ da Minsk Qrupunda fəaliyyətini dayandıraraq ATƏT-in Minsk Qrupunda olan özünün həmsədri Endru Şoferi Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib. Bu artıq Minsk Qrupuna vasitəçilik institutu kimi son qoyulması anlamına gəlir. ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şoferin də aprelin 18-də baş nazir Nikol Paşinyanla Moskvaya səfərindən bir gün öncə İrəvanda həmsədr statusunda deyil, xüsusi nümayəndə kimi danışıq aparması həmsədrlik institutunun tarixə qovuşduğuna bir sübutdur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR