İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupu həmsədrləri savaş içində - özlərinin barışığa ehtiyacı var...

Rusiyanın Ukraynada apardığı müharibə fonunda iki həmsədr - ABŞ və Fransa Moskvaya qarşı sərt sanksiyalardan sonra onların birgə hansısa platformada iştirakı mümkün deyil

Ermənistan Xarici İşlər Nazirliyi  BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib. Bakı hesab edir ki, Vətən müharibəsi sona yetdikdən, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda tamamilə yeni reallıq yaranıb. Ukraynada başlayan müharibə ATƏT-in Minsk Qrupu həmsədrlərini üz-üzə qoyub. Rusiyanın Ukraynada apardığı müharibə fonunda iki həmsədr-ABŞ və Fransa Moskvaya qarşı sərt sanksiyalar tətbiq ediblər. ABŞ-la Rusiya az qala bir-biri ilə müharibə vəziyyətindədir. Bütün bunlardan sonra Vaşinqtonla Parisin Moskva ilə birgə hansısa platformada iştirakı mümkün deyil. Bu səbəbdən bir-biri ilə kəskin münasibətlərdə olan bu 3 dövlətin bizim məsələdə də iştirakı real deyil. Bu isə Minsk Qrupunun faktiki özünü buraxmaq həddə gəldiyini göstərir.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov məsələyə bu cür mövqe sərgilədi: “Minsk Qrupu ölkələrinin bir araya gəlməsi üçün hazırda şərait yoxdur. Məsələ orasındadır ki, ermənilər bunu bilə-bilə onlara müraciət ediblər, bəlkə də zamanla oynamaq üçün. Amma praktiki olaraq bu mümkün deyil”.

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov ABŞ-ın belə Minsk Qrupunun faydasız olduğu qənaətinə gəldiyini düşünür: “Əvvəla onu qeyd edim ki, Ermənistanın Azərbaycanın 5 bənddən ibarət təklifinə cavab olaraq sülh danışıqlarının Minsk Qrupu çərçivəsində aparılması ilə bağlı cavabı sülh müqaviləsini imzalamaq istəməməsini və münasibətlərin normallaşma prosesinə təkan verəcək baza prinsiplərini qəbul etmədiyini göstərir.

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

Azər Hüseynov 

Rəsmi Bakının təqdim etdiyi sənədə baxdıqda görürük ki, sənəd kifayət qədər loyal təkliflərdən ibarətdir, beynəlxalq hüququn prinsiplərinə əsaslanır və özündə əsasən dövlətlərin ərazi bütövlüyünün, sərhəd toxunulmazlığının və suverenliyinin qarşılıqlı olaraq tanınmasını ehtiva edir. Loyal deyirəm, çünki qalib ölkə olaraq Ermənistan qarşısında bir çox başqa tələblər də qoya bilərdik. Məsələn, biz dağıdılan şəhərlər, kəndlər, infrastruktur və s. görə təzminat ödənilməsini, Ermənistanın Azərbaycana qarşı törədilmiş hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyanların cəzalandırılmasına dair öhdəlik götürməsini, Ermənistandan zorla deportasiya edilmiş insanlarımızın mülkiyyət hüquqlarının tanınmasını və s. bu kimi şərtlər də qoya bilərdik və bunun üçün əlimizdə kifayət qədər əsaslar da var idi. Amma indiki şərtlərə baxdıqda görürük ki, Ermənistandan tələb olunanlar faktiki olaraq ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunması, regionda davamlı sülh, iqtisadi əməkdaşlıq üçün əlverişli mühitin formalaşdırılması üçün verilmiş tələblərdir. Başqa sözlə, bu təkliflər erməni tərəfinin müharibədə kapitulyasiyasından irəli gələn situasiya ilə müqayisədə xeyli yumşaqdır. Həmin təkliflərdə qeyri-adi, yaxud ağır şərtlər yer almır və onlar bütünlüklə beynəlxalq hüquq normalarının baza prinsiplərinə əsaslanıb.

Ermənistan isə ona təqdim edilən bu şansı dəyərləndirmək əvəzinə ortaya qeyri-real təkliflərlə çıxaraq ATƏT Minsk Qrupunda danışıqların aparılmasını təklif edir. Minsk Qrupu həmsədrlərindən ikisinin, yəni ABŞ və Fransanın üçüncü həmsədr ölkə olan Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyini, bu ölkələr arasında diplomatik münasibətlərin artıq demək olar ki, mövcud olmadığını, ABŞ-la Rusiyanın faktiki olaraq müharibə vəziyyətində olduğunu, ABŞ senatının Putini hərbi cani elan etməsini, Rusiyanın Avropa Şurasından çıxarılmasını bilə-bilə bu cür təkliflə çıxış etmək birmənalı şəkildə danışıqlar prosesinin pozulmasıdır. Əslində Ermənistan özü də bu cür sərsəm təklifin reallaşması imkanlarının sıfıra bərabər olduğunu kifayət qədər yaxşı bilir. Sadəcə, Rusiyanın tam təcrid olunmasından sonra ABŞ və Fransanın havadarlığına arxalanaraq situasiyanı öz xeyrinə dəyişmək üçün vaxt udmaq istəyir. Bu həm də Ermənistanın Avropa İttifaqı Prezidenti Şarl Mişel və Fransa prezidenti Makronun vasitəçiliyi ilə qəbul edilmiş bəyannamədən irəli gələn tələblərə belə əməl etmək istəməməsinin göstəricisidir. Amma Ermənistan unudur ki, artıq ortada yeni reallıqlar mövcuddur və bu gün istər Avropa, istərsə də ABŞ-ın Azərbaycana ehtiyacı var. Bu ehtiyac isə təbii olaraq Azərbaycanın enerji ehtiyaclarından qaynaqlanır. Elə ABŞ dövlət katibi Entoni Blinkenin İlham Əliyevlə telefon danışığında müzakirə olunan məsələlərə də baxdıqda görürük ki, ABŞ bölgədə yeni hərbi toqquşmalarda maraqlı deyil və sülhə gedən yolun tərəflər arasında diplomatik səyləri intensivləşdirməkdən keçdiyi qənaətindədir. Başqa sözlə, ABŞ dövlət katibi də hər hansı bir Minsk Qrupu vasitəçiliyi ilə deyil, məhz tərəflər arasında danışıqların aparılmasının vacibliyinə toxunub. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyindən fərqli olaraq ABŞ da bu formatın artıq yararsız olduğu qənaətindədir.  Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın iki əllə yapışdığı Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlara başlamaq artıq mümkün deyil və Ermənistan bu sevdadan nə qədər tez vaz keçərsə, özü üçün bir o qədər yaxşı olar. Əks halda, bu dəfə separatçıları Azərbaycan əsgərinin əlindən Rusiya belə ala bilməyəcək".

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı həmsədrləri fəaliyyətlərinə son qoymağa çağırdı: “Ermənistanın sülh danışıqları ilə bağlı əsas niyyəti Qarabağdakı ermənilərin ”statusu" məsələsini həll etməkdir. Halbuki beynəlxalq hüquq, Azərbaycan qanunvericiliyi və Azərbaycanın dövlət quruluşu bunu mümkünsüz edir, o cümlədən Azərbaycan münaqişəsini hərb yolu ilə həll edib və bu reallıq müharibədən öncə aparılan bütün danışıqları sıfırlayır. İrəvan isə mövcud vəziyyətdə həmsədrlər üzərindən “status”un aktuallaşdırılmasına çalışır. Azərbaycan tərəfi Minsk Qrupunun əvvəlki formatda fəaliyyətini qəbul etmir, çünki buna əsas yaradacaq münaqişə aradan qaldırılıb. Həmsədrlər yalnız postmünaqişə dövrünün reallığına uyğun olaraq iki ölkə arasında əlaqələrin bərpasına kömək edə, daha çox humanitar məsələlərin həllində iştirak edə bilərlər. Eyni mövqeni Rusiya da paylaşır. Əgər Ukraynadakı müharibəyə qədər həmsədrlərin postmünaqişə dövrünə aid məsələlərin həllində iştirak imkanı var idisə, bundan sonra belə imkanlar da sıradan çıxdı. Nə ABŞ, nə Fransa, nə də Rusiya masaya gələ bilməyəcək. Bu da o deməkdir ki, həmsədrlər öz fəaliyyətlərinə son qoymalıdır, lakin bunu hələ də görmürük. Çünki bu format həmsədr ölkələrin hər biri üçün Cənubi Qafqazda təsir imkanlarını saxlamaq məqsədilə istifadə etdikləri alətdir, bu baxımdan, nə ABŞ, nə Fransa, nə də Rusiya indiki məqamda formatdan imtina etmir. Üç həmsədr ölkə arasında formatın ləğvini istəyəcək yeganə ölkə Rusiyadır, lakin Moskva da indi etmək niyyətində deyil, çünki lazım olduğu təqdirdə, bundan Bakıya “mən olmasam, prosesə münaqişənin həll edildiyi reallığını qəbul etməyən digər həmsədrlər qoşulacaq” mesajı üçün istifadə edir. Lakin Qarabağ müharibəsindən sonra mənasız quruma çevrilən Minsk Qrupunun Ukrayna müharibəsindən sonra yalnız kağız üzərində adı qalacaq. Ermənistan tərəfinin sülh sazişi üçün Minsk Qrupuna müraciətinin də heç bir əhəmiyyətinin olmadığı məlum olur. Bu gediş daha çox sazişin imzalanmasını uzatmaq, prosesdən qaçmaq cəhdidir. Halbuki bu cür yanaşma bölgədə eskalasiyanın qapısını açır və belə olanda Ermənistanın özü ciddi zərbə ilə üzləşir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR