İnsanlara hürriyət, millətlərə istiqlal!

“Min belə səfir Şuşaya qurban olsun!!!” – Natəvanın heykəlindən qisas alan, COP29 tədbirini hədəf seçən cılızlar!

Rəsmi Paris Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb. Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Artıq Prezidenti Emmanuel Makron diplomatı “isti-isti” qəbul edib və rəsmi xəbər yayılıb. Ermənistanda şadyanalıqdır. Yerli media yazıb ki, Fransa çərşənbə axşamı Azərbaycandakı səfirini “Bakını ikitərəfli münasibətlərə xələl gətirən hərəkətlərdə ittiham edərək” məsləhətləşmələr üçün geri çağırdığını bildirib. Fransa XİN-in bəyanatına da istinad olunub və abırsızcasına Azərbaycan “son ayda iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləri” davam etdirməkdə ittiham olunub.

“Adamın üzündə həya gərəkdir”, deyimi yerinə düşərdi və bunu ölkələrə də şamil etmək mümkündür. Amma məsələ burasındadır ki, hay, Hayastan və Makron Fransasına münasibətdə həya-abır sözləri artıq aktuallığını çoxdan itirib. Ola bilər ki, kəskin reaksiyadır. Amma Fransanın davranışları absurdun dibidir axı. Azərbaycan Fransa ilə münasibətlərə zidd nə edib, sadalasınlar, biz də bilək. Rəsmi Parisin düşməncəsinə davranışlarından sonra belə, “Total”la müqavilələrin üstündən xətt çəkməyən bir ölkəni necə “birtərəfli qaydada iki dövlətin münasibətlərinə zərbə vuran” adlandırmaq olar? Hətta keçən il “Abşeron” yatağında operator olan “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyannen Prezident İlham Əliyev və energetika naziri Pərviz Şahbazov tərəfindən qəbul edilmişdi.

puyanne-eliyev.jpg (40 KB)

Bu, o zaman idi ki, Azərbaycanla Fransa arasındakı münasibətlərdə gərginliyi pik həddə qalxmışdı, elə eyni gündə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycan XİN-ı çağırılmışdı. Səbəbini də xatırladaq: Paris şəhərinin meri Ann İdalqo da daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə Fransa TIR-ları göndərilmişdi, israrla Azərbaycan sərhədlərini yarmağa cəhd göstərirdilər.  Rəsmi Bakı Parisə ünvanladığı notada bu hərəkəti “ölkənin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd” adlandırmışdı, amma yenə də münasibətləri kəsməyə qərar verməmişdi, əksinə, əməkdaşlıq üçün əlyeri qoymuşdu.

Məntiqlə Azərbaycan dövləti Fransadakı fövqəladə və səlahiyyətli səfir Leyla Abdullayevanı məsləhətləşmələr üçün geri çağırmalı idi. Özü də bunun üçün dəfələrlə əlində əsas olub: Makron dəfələrlə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etməyə cəhd göstərəndə, Fransa müxtəlif yollarla ərazi bütövlüyümüzü təmin etməyimizi əngəlləməyə çalışanda, işğalçı, terrorçu Ermənistanı silahlandırmaqda davam edəndə, Qarabağdakı xunta rejiminin mövcudluğu üçün əlindən gələni edəndə, ən nəhayət, şairə Xurşudbanu Natəvanın abidəsi təhqir olunanda və bu vandallığı törədənlərə qarşı hər hansı məsuliyyət nəzərdə tutulmayanda... Görün münasibətləri hansı həddə çatdırdılar ki, Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli Parisə gətirildi və səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı qərar verdi dövlətimiz. Demokratiya, mədəniyyət dərsi keçən ölkə utanmalıydı, heç olmasa məmurlar səviyyəsində...

natavan-heykel-fransa.jpg (55 KB)

Saysız-hesabsız anti-Azərbaycan addımlar olub, təkcə son illərdə. 30 il ərzində Qarabağın əbədi ilhaqı üçün Ermənistana, Qarabağdakı cinayətkar dəstələrə dəstəkçi olan Fransa planının pozulmasından çox qəzəblidir, anlayırıq. Amma hətta Nikola Paşinyan komandası belə, kiriyib, anlayır ki, Ermənistan ancaq öz sərhədləri daxilində mövcud olmalıdır, hətta işğal altındakı kəndlərlə bağlı mübahisələrə də son qoyulmalıdır, amma Fransa deyir yox e, mən bu işi belə qoymayacağam! Ermənistana silah-sursat, hərbi texnika, artilleriya qurğuları göndərilir və bu proses davam etdirilir. Burada birtərəfli qaydada münasibətlərə zərbə vuran kimdir, Azərbaycanmı? Fransa 4-cü ildir ki, Ermənistanın özünü zəlil günə salıb, imkan vermir ki, üçtərəfli bəyanata uyğun şəkildə Zəngəzur dəhlizinin açılmasına qərar versin, özü də dalandan çıxsın, Fransa Avropa İttifaqının emissarlarını, casus şəbəkəsini bu ölkəyə daşıyır və deyir sizin xilaskarınız olacağam. Paşinyanın sülh müqaviləsinə uzanan əlini geri dartan, onu şantajla, müxtəlif şirnikləndirici addımlarla çəkindirən birinci ölkə Fransa, birinci prezident Makrondur. Əslində aşağı hərəkətdir, yeni fəlakətlərə, qana aparan siyasətdir, Makron Fransası buna imza atır.

Əslində Fransanın Bakıdakı elçisini Azərbaycan persona-non qrat elan edə, Makronun yanına yollaya bilərdi. Buna çoxsaylı əsasları var idi və bir qismini sadaladıq. Daha bir əsas: Fransanın Azərbaycandakı səfiri bu günədək Şuşaya səfər etməyib, hələ də erməni revanşistlərinin çaldığı havalara oynayan Makron Fransası öz diplomatlarına bu dəvətləri müsbət cavablandırmağı qadağan edib. Şuşa Azərbaycan xalqının baş tacıdır, Şuşasız Azərbaycan yoxdur, olmayacaq, demişdik, məhz bu münasibətin nəticəsində Şuşanı azad etdik. Şuşaya səfər dəvətini geri çevirən səfirlik(lər) və diplomatlar olmaz olsunlar! Min belə səfir Şuşaya qurban olsun!!! Bakıdakı səfirə Makron nə pıçıldayacaq, geri göndərəcək, ya göndərməyəcək, özü bilər. Amma yenidən Bakıya yollayacaqsa, Şuşaya getmək lazım olduğunu deməyəcəksə, bəlkə heç elçinin gəlməsindənsə, gəlməməsi yaxşıdır. Deyən gərək, sənin minnətin olsun ki, şəhidlərimizin canı, qanı bahasına azad olunmuş Şuşa ucalığına dəvət olunursan! İmtinanın özüdür, birtərəfli qaydada münasibətlərə zərbə vurmaq! Azərbaycan son vaxtlar dəfələrlə Fransaya qarşı ittihamlar səsləndirib, eyni zamanda Parisin Ermənistanı dəstəklədiyini qeyd edib.

Ötən ilin dekabrında Bakı iki fransız diplomatını persona non-qrata elan etdi və Paris buna güzgü cavabı verdi. Yəqin ki, bu dəfə güzgülü cavab Bakıdan gələcək!

Bu günlərdə Fransanın Ermənistandakı səfiri Olivier Dekotiqni özünün “X” hesabında yazmışdı: “Fransa Ermənistana elə hərbi texnika verir ki, onu başqaları ala bilmir”. Səfirin bu etirafı Fransanın Azərbaycana münasibətini göstərir. Bundan sonra məhz Bakı diplomatik əlaqələri kəsmək haqqına sahib idi...Yaxud son iki həftədə iki dəfə Fransanın İrəvandakı səfiri Azərbaycanla sərhədlərə gəlib. 27 martda Dekotini bir qrup fransalı deputatlarla birlikdə Ermənistandakı Zod qızıl mədəninə (Kəlbəcərlə sərhəd) baş çəkib. 11 apreldə isə diplomat Zəngəzurda olduğunu bildirib. Nə axtarır oralarda? Bəlkə münasibətləri düzəltməyə gəlir, xəbərimiz yoxdur?

olivye.jpg (86 KB)

Fakt budur ki, Fransa Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb. Fransa parlamentinin qondarma “artsax”ı tanıması, BMT TŞ-də Azərbaycana qarşı qətnamələrin qəbul etdirilməsi cəhdləri,  Avropa İttifaqında Azərbaycana qarşı kampaniya, Avropa Parlamentində Azərbaycana qarşı qətnamələrin qəbulu üçün canfəşanlıqlar, Avropa Şurası Parlament Assambleyasında qəbul olunan anti-Azərbaycan qətnaməsi...Makron Fransası 44 günlük müharibənin yekununda Azərbaycanın Ermənistanı diz çökdürməsini bu günədək sinirə bilmir. 2023-cü ilin 23 aprelində Laçın sərhəd buraxılış məntəqəsinin qurulması, 19-20 sentyabrda, 23 saatlıq antiterror əməliyyatının keçirilməsi nəticəsində “miatsum” nağılına, xunta rejiminə son verilməsi, qondarma rejimin cani başçılarının qolubağlı Bakı həbsxanasına gətirilməsi, Xankəndidə hərbi paradın keçirilməsi, Qarabağa böyük qayıdışın sürətlə davam etdirilməsi Fransanı məyus edib. Azərbaycan hətta mülki ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda təhlükəsiz yaşamasına çağırış etdiyi halda, Fransa məkrli plan üzərində israr edərək buna imkan vermədi. “Blokada şousu” iflasa uğrayan havadarların sonrakı düşük cəhdləri də nəticəsiz qaldı. Bu gün fermerlərin əlində əsir-yesir qalan Fransa prezidenti acığını Azərbaycanın üstünə tökməyə çalışır, Bakıdan küsür, səfirini geri çağırır. Olsun. Azərbaycanın dövlət başçısı xəbərdarlığını öncədən edib: “Peşiman olacaqlar!” Bundan əvvəl Azərbaycan Milli Məclisi Fransa parlamenti ilə dostluq qrupunun fəaliyyətini dayandırdı, Fransa yanlışını anlamadı. Bu dəfə də anlamayacaqsa, bizim də öz səfirimizi geri çağırmağımız çox da çətin olmayacaq. Zatən, Azərbaycana qarşı yersiz fəaliyyətə görə, iki fransız diplomatı Bakıdan ekstradisiya ediləndə də gücümüzü göstərmişik. Parisin davranışlarına növbəti reaksiya var. XİN rəsmisi Ayxan Hacızadə mövqe açıqlayıb. Görün Fransa dövləti özünü nə qədər cılız hala gətirib, gah Natəvanın heykəlindən qisas alır, gah da Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf seçir, bu tədbir əleyhinə çağırışlar səsləndirir. Olduqca cılız siyasətdir, bu dövlətin adına yaraşmır. Makron siyasəti adlı-sanlı bir ölkəni nə kökə saldı. Bu, bayağı siyasətə rəğmən, Azərbaycanı birtərəfli addımlarda təqsirləndirirlər. Davam eləsinlər, amma unutmasınlar, bizimlə təzyiqlə danışmaq istəyənlər peşman olacaqlar!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR