Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
Musavat.com-un xəbərinə görə, spiker Sahibə Qafarova bildirib ki, müzakirəyə çıxarılan sənəd Azərbaycan və Türkiyənin dostluğunu, qardaşlığını bir daha sübut edən mühüm sənəddir.
Sədr qeyd edib ki, qanun layihəsi bir oxunuşda baxılıb qəbul ediləcək.
Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa qanun layihəsi barədə məlumat verib.
O qeyd edib ki, bu qanun layihəsi ölkə Prezidentinin Türkiyə səfəri zamanı qardaş ölkəyə yardım göstərilməsi barədə verilən qərar əsasında hazılanıb və burada 100 milyon vəsait hesabına tikiləcək şəhərdən söhbət gedir.
“Məsələ komitədə də müzakirə olunub, birmənalı şəkildə bütün komitə üzvləri tərəfindən dəstəklənib” - Fazil Mustafa əlavə edib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da komitəsi adından qanun layihəsini yüksək qiymətləndirib.
O bildirib ki, həmin qanun layihəsi 2 il müddət üçün qəbul edilib, ehtiyac olarsa, daha bir il uzadılacaq.
Səməd Seyidov qeyd edib ki, bu, sadəcə zəlzələdən əziyyət çəkən qardaş ölkəyə yardım və Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olmasını sübut edən qanun layihəsi deyil: “Bu sənəd hüquqi müstəvidə bir ölkənin digər ölkəyə yardım göstərməsidir. Bu sənəd bir daha sübut edir ki, Azərbaycan və Türkiyə arasında və ümumiyyətlə, Türk dövlətləri arasında münasibətlər hansı səviyyədədir”.
Deputatlar Musa Qasımlı və Hikmət Məmmədov da sözügedən sənədi yüksək qiymətləndiriblər.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində böyük dağıntılara məruz qalan Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib.
Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərərçəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək. Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq.
Sənəd 2 il müddətinə qüvvədə qalacaq. Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ