Onlayn ictimai-siyasi qəzet
Bu tərəfdə əl-ayağımızı hay itinin cırmaqladığı bir dönəmdə öz meydanımızda Haitiyə uduzmağımız yaxşı olmadı. Hətta çox pis oldu. Daha ağır söz yazmaq lazım deyil.
Dünyanın o başından, Mərkəzi Amerikadan, okeanın ortasındakı adadan gəldilər, şellənə-şellənə, məşq edirmişcəsinə, oynaya-gülə Şahruddinin qapısına 3 dənə qoydular, getdilər.
Bu sözlər Haiti futbolçularını aşağılamaq kimi çıxmasın. Haitinin atletik futbolçuları vardı, pis oynamırdılar. Düzdür, onlar dünya reytinqində ilk yüzlükdədirlər, amma xırda-xırda ada komandaları oynayıb xal yığırlar. Görün, bizimkilər nə gündədirlər ki, Haitiyə uduzurlar.
Adam bu oyuna baxandan sonra oturub qara-qara düşünür ki, görəsən, ümumiyyətlə, bizim bu dünyada qalib gələ biləcəyimiz bir komanda varmı. Lüksemburqa uduzuruq, Estoniyaya uduzuruq, Avropada kiminlə oynayırıq, hamısına uduzuruq. Bəlkə kruiz gəmilərinə doluşaq, gedək Samoa adasına, Tuvaluya, Vanuatuya, orada həm istirahət edək, həm futbol oynayaq, danışıb birtəhər yerli komandanı udaq, qürur duya-duya qayıdaq, gələk. Şansımız yavər getsə, onları uda bilərik.
Haiti dünyanın ən kasıb beş ölkəsindən biridir, 11 milyon əhalisi olsa da, ÜDM-nin həcmi cəmi 38 milyard dollardır. Müqayisə üçün, bizim ÜDM 144 milyard dollardır. Amma neynirsən, haitililər butsularını borca alıb gəlir, burada bizi udur, təyyarədə “L'Union Fait La Force” oxuya-oxuya qayıdıb gedirlər. Bu, pis söz deyil, Haitinin himnidir, mənası “Birlik güc yaradır” deməkdir.
Kim nə deyir, desin, Haiti futbolçularının bizə qalib gəlməsinin sirri bu sözlərdədir. Onlarda birlik var və bu, onları güclü edir, bizdə isə birlik yoxdur, ona görə də zəifik. Milli komandanın heyətindən bir kəsi belə yaxından tanımıram, həyatda görməmişəm, amma əlimi “Neftçi”nin 1966-cı ildə qazandığı bürünc kuboka basıb and içərəm ki, komandanın yarısı bir-biri ilə küsülüdür.
Durub deyək ki, bu, bizdə sonradan qazanılmış sindrom-filandır? Elə deyil. Bizdə dədə-babadan birlik olmayıb, komandalarımızın heyətində həmişə intriqa və küsülülük olub, ona görə də çox zaman ortaya güc qoya bilməmişik.
Yeri gəlmişkən, 59 il əvvəl birtəhər sovet çempionatında 3-cü yeri tutmuşuq, görüb-görəcəyimiz də o olub. Onda da komandanın 25 nəfərlik heyətinin 16 oyunçusu başqa millətlərdən olub: Sergey Kramarenko, Vyaçeslav Şexov, Vyaçeslav Semiqlazov (K), Vladimir Bruxti, Vyaçeslav Lyoqki, Nikolay Boqdanov, Aleksandr Trofimov, Anatoli Qryazev, Sergey Melkumov, Anatoli Oqerçuk, Valeri Fedortsov, Anatoli Banişevski, Kazbek Tuayev, Eduard Markarov, Yuri Stekolnikov, Yuri Melkumov.
Bu heyətdə olan bizimkilərin yalnız iki-üçü əsas heyətdə, yəni ilk 11-də meydançaya çıxıb.
Başqa idman növləri heç, tatamidə, rinqdə qoçaq çıxan idmançılarımız çox olub, amma futbolda olmayıb.
Əslində özümüzə təsəlli vermək üçün deyə bilərik ki, milyard yarım əhalisi, bir neçə trilyon dollarlıq büdcəsi olan Çin və Hindistan da 11 qeyrətli futbolçu tapıb oynada bilmirlər, Haitinin caydaq futbolçuları gedib onları da udarlar.
Düzdür, milli futbolumuzun flaqmanı olan “Qarabağ”ın uğurlarını unutmaq olmaz, ancaq onda da gərək klub rəhbərliyinin başqa ölkədən olmasını, komandanın əsas heyətinin yarıdan çoxunun legionerliyini görməzliyə vuraq. Bizim ən çox fərqlənən milli oyunçumuz Elvindir, o da, namxuda, hər iki oyundan bir qırmızı kart alıb komandanı becərir.
İndi gələk komandanın baş məşqçisi Santuşa. Ağsaqqalda günah yoxdur. Bundan əvvəlki de Byazini, ondan qabaqkı Prosineçkini, Foqtsu yıxıb sürüyürdük, ancaq onlar da elə bir təqsirin yiyəsi deyil.
Birincisi, günah onları bura gətirənlərdə, öz milli futbol məşqçilərimiz yetişdirə bilməyənlərdədir, ikincisi, əsl səbəb 11 nəfər əsl futbolçu tapa bilməməyimizdir.
Göründüyü kimi, yazı müəllifi milli futbol sarıdan pessimist ovqatdadır. Elədir ki, var. Bu xasiyyətlə, bu təfəkkürlə, bu yanaşma ilə biz 50 il sonra da yaxşı futbol komandası formalaşdıra bilməyəcəyilk, eləcə yola verəcəyik və ara yerdə milyonlar göyə sovrulacaq.
Qərb zonasının camaatı belə yerdə bir yaxşı söz deyir: “Başını burax, getsin, əmələ gəlmir”.
25 Mart 2025
24 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ