Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən çıxarış – yəni "kupça" almaq illərdir ki, sadə vətəndaşın kabusuna çevrilib.
Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə komitənin iclasında çıxışı zamanı deyib.
Musavat.com xəbər verir ki, dövlət başçısının dəfələrlə verdiyi tapşırıqlara, aidiyyəti qurumların "elektronlaşdırma" və "bürokratiyanın aradan qaldırılması" vədlərinə baxmayaraq, hər il minlərlə insan torpağı və ya evi üçün məhkəmə qapılarını döyməyə məcbur olur.
Bu suala cavab vermək üçün Azərbaycan məhkəmə praktikasına, xüsusilə də Ali Məhkəmə Plenumunun rəsmi izahlarına baxmaq kifayətdir.
Azərbaycan torpaq islahatları zamanı, xüsusilə 1996-2000-ci illərdə kənd sakinlərinə minlərlə torpaq payı verildi. Həmin payların verilməsinə dair icra hakimiyyətlərinin sərəncamları, bələdiyyələrin arayışları, hətta sovet dövrünün orderləri bu gün də insanların əlindədir. Amma dövlət reyestrinə qeydiyyata alınmadan bu sənədlər əsasında "kupça" almaq mümkünsüzdür.
Əmlak Komitəsi isə bu köhnə sənədləri bəzən "etibarsız", "qanunsuz" və ya "yetərsiz" hesab edir. Belə olan halda iş məhkəməyə daşınır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı 2012-ci il 30 mart tarixli "Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin həlli təcrübəsi haqqında" Qərarında açıq yazır:
"Əgər torpaq sahəsi üzərində hüquqlar qanunvericiliyin tələblərinə uyğun sənədlərlə təsdiq olunursa və bu sənədlərin etibarsızlığı barədə qərar mövcud deyilsə, həmin hüquqlar dövlət qeydiyyatına alınmalıdır".
Sadə dildə desək, əgər kimsə vaxtilə qanuni qaydada torpaq alıb və həmin sənəd heç vaxt ləğv edilməyibsə, Dövlət Reyestri xidməti həmin əmlaka "kupça" verməlidir. Komitənin "biz bu qərarı tanımırıq" deməyə ixtiyarı yoxdur.
Ali Məhkəmə Plenumunun bu açıq mövqeyinə baxmayaraq, aşağı instansiya məhkəmələrində tam əks qərarlar da çıxır. Bir küçədə, bir kənddə, bir binada vətəndaşın "kupça"sı varsa, digər vətəndaşlar da bu hüquqa sahibdir. Dövlət və məmurlar seçmə davranmamalıdır. Bu, Ali Məhkəmənin verdiyi aydın və dəyişməz qərardır.
Məsələn, Bakı Apellyasiya Məhkəməsi bir işdə 1998-ci ilin sərəncamını qüvvədən düşmüş sayıb, vətəndaşın "kupça" almaq istəyini rədd edib. Amma Ali Məhkəmə bu qərarı ləğv edərək, çıxarış verilməli olduğunu bildirib.
Gəncə İnzibati Məhkəməsində bələdiyyə sənədləri etibarsız sayılıb, halbuki Ali Məhkəmə Plenumu aydın yazır:
"Bələdiyyə sərəncamı və plan-çəkmə sənədləri hüquqi qüvvəyə malikdir və reyestr qeydiyyatı üçün əsas ola bilər".
Dövlət Reyestri Xidməti sadəcə passiv qeydiyyat orqanı deyil. O, vətəndaşın hüquqlarını tanımağa borcludur. Əgər sənədlərdə aşkar uyğunsuzluq yoxdursa, orqan "kupça" verməkdən imtina edə bilməz. Bu, əslində Azərbaycanda dövlət orqanlarının özbaşınalığına qarşı verilmiş ən mühüm hüquqi siqnallardan biridir. Amma çox təəssüf ki, yerli idarələr və bəzi məhkəmələr bu siqnalı eşitmək istəmirlər. Bu gün Azərbaycan vətəndaşı "kupça" almaq üçün məhkəməyə üz tutursa, torpaq mütəxəssisi və ekspertiza üçün pul ödəmək məcburiyyətində qalır, illərlə uzanan yorucu prosesin bitməsini gözləməli olur.
Vətəndaşın əlində sovet orderi, islahat torpağına dair şəhadətnamə, bələdiyyə sərəncamı olsa belə, yenə də son söz məhkəmənin olur.
Əmlak Komitəsi bəzi hallarda digər dövlət qurumları ilə birgə bir qayda olaraq birinci instansiya məhkəməsində vətəndaşın xeyrinə çıxarılmış qərarla razılaşmır, apellyasiya, ardından kassasiya şikayəti ilə qərarın ləğvi üçün əllərindən gələni edirlər.
Azərbaycanın dövlət qurumları Azərbaycan vətəndaşının yaşadığı, faktiki sahibi olduğu torpaq üzərində hüququnun bərpasına imkan vermirlər.
Hüquqşünasların və ekspertlərin rəyinə görə, "kupça" problemin köklü həlli üçün Ali Məhkəmə Plenumunun qərarları məcburi tətbiq edilməlidir. Aşağı instansiyalar bu sənədləri sadəcə “məsləhət xarakterli” saymamalıdır.
Əmlak Komitəsi bəhanələri dayandırmalı, köhnə sənədlər üzrə "kupça" verməyə başlamalıdır. Kadastr xəritələrinin tam elektron bazası hazırlanmalıdır ki, sərhəd və ölçü mübahisələri bitmiş olsun.
Azərbaycan vətəndaşı üçün bu gün "kupça" almaq keçilməz dağa çevrilib. Halbuki dövlətin əsas məqsədi insanın əmlak hüququnu qorumaqdır. Ali Məhkəmə Plenumunun izahları isə sübut edir ki, çıxış yolu var, sadəcə bu yol vətəndaş üçün deyil, məmur üçün çətin görünür...
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ