İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli erməniçilik virusu- Fazil Mustafanın yazısı  

 

Musavat.com Milli Məclisin deputatı Fazil Mustafanın müəllif yazısını təqdim edir:

44 üstəgəl bir günün bərəkəti ilə ölkəmiz ən böyük tarixi məsələsini həll etmiş oldu. Erməni terrorçularının əsarəti altında olan Qarabağ işğaldan qurtuldu və Vətən torpağı bütövləşdi. Hərbi mərhələni bitirdik, indi çevik diplomatiya, siyasət və inteqrasiya mərhələsinə start verildi. Bu qələbənin memarı olan ölkə prezidenti İlham Əliyev kütləvi şəkildə Qarabağdan köç edən ermənilərə və Azərbaycan əleyhinə hazır qətnamələri masanın gözündə saxlayan erməniçi güclərə yönəlik yeni siyasi ritorikanı aktuallaşdlrdı: “Bizim davamız terrorçular və separatçılarladır, sadə erməni xalqını heç vaxt günahlandırmadıq. Terrorçular cəzalandırılacaq, lakin sadə erməni xalqının Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamaq və bütün Konstitusion hüquqlardan istifadə etmə haqqını birmənalı şəkildə tanıyırıq və təmin edirik”. Ardınca əsas erməni terrorçuları həbs olunaraq Bakıya gətirildi, onlar barədə hüquqi prosedurlar başlanıldı. Sadə ermənilərə qarşı atılan konkret addımlarla Azərbaycana düşmən qüvvələrə əleyhimizə hər hansı qərar çıxarmağa hüquqi əsas verilmədi. Avropa Parlamenti kimi qurumların da aldığı qərarlar içiboş, faktsız və tərəfli siyasi sənəd olduğundan beynəlxalq ictimai rəydə ciddi ajiotaj yarada bilmədi. BMT-nin və ABŞ Departamentinin Qarabağdakı real durumla bağlı açıqlamaları da “saxta etnik təmizləmə” uydurmalarının qarşısını almış oldu.

Bunlar ağıllı siyasətimiz nəticəsində xaricdə körüklənən bütün Azərbaycan əleyhinə prosesləri zəiflətməyə imkan verdi. Bəs daxildə necə?

Hazırda daxildə iki fərqli cinahın yaranması aparılan bu siyasətin taleyi üçün narahatçılıq keçirməyə əsas verir. Birincilər qələbəni hərb meydanın qazanan Azərbaycan əsgərinin işini siyasi və diplomatik arenada möhkəmlətmək üçün Ali Baş Komandanın və Azərbaycan Prezidentinin kursuna uyğun şəkildə humanizm və sülhpərvərlik ritorikasını önə çəkərək inteqrasiya prosesinə cəlb olunacaq ermənilərlə yeni münasibətlərin qurulmasına çalışan realist dövlətçi cinahı təmsil edirlər. Onlar erməniçiliyin xaricdə baş qaldıran təzyiqlərini zəiflətmək üçün daxildə yaşayacaq ermənilərin istifadə alətinə çevrilməməsinə çalışırlar, qalib dövlət və qalib xalq olaraq humanist çağırışlar və təkliflər verərək birgəyaşayışın mümkün modellərini müzakirə edirlər.

İkincilər isə bəzi siyasətçilərin öncüllüyündə milli erməniçilik cinahı təmsil edərək “bizi qazanılan böyük qələbə qane etmir, ermənilərin etdiyi vəhşilikləri, axmaqlıqları biz də təkrar etməliyik” çağırışlarını güncəlləşdirərək şəhidlərin, qaçqınların duyğularını manipulyasiya etməyə çalışırlar. Onlar ölkə prezidentinin barış və inteqrasiya çağırışlarını əhəmiyyətsizləşdirmək üçün qisasçılıq duyğularını körükləməyə çalışırlar.

Halbuki bu ünsürlər hələ də anlamaq istəmirlər ki, ermənilərin etdiyi vəhşiliklərin qisasını artıq Azərbaycan dövləti böyük qələbə ilə almış və terrorçuların da ədalət mühakiməsinin qarşısına çıxarmağı təmin etmişdir. Bu gün ermənilərin və erməni dövlətinin düşdüyü fəlakətli durum onların apardığı həmin axmaq və vəhşi davranışın birbaşa nəticəsidir. Bizim milli erməniçilər hətta vaxtilə erməni faşisminə qarşı çıxmış erməni əsilli ictimai xadimlərin adlarının “yaxşı erməni ola bilməz“ deyib xatırlanmasına belə qəzəblə yanaşırlar. Anlamırlar ki, bu gün qələbədən sonra bizim apardığımız dövlət siyasəti onu təlqin edir ki, biz terrorçu erməni obrazı ilə sülh istəyən erməni obrazını fərqləndirək. Ən sonda biz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini də sülh istəyən və ya özünü sülhsevər göstərmək istəyən erməni liderlə imzalamalıyıq. Bu gün biz Qarabağda barış içində yaşamaq istəyən erməniləri təşviq etmək üçün müəyyən addımlar atmalıyıq. Bunu qətiyyən sevgimizdən etmirik. Bunu həm də bizə qarşı xaricdə bəhanə axtaran beynəlxalq gücləri arqumentsizləşdirmək üçün etməliyik. İndi bizim milli erməniçilər kampaniyaya başlasalar ki, Qarabağda yaşayacaq erməniləri parlament və ya bələdiyyə seçkilərinə buraxmayaq, qətiyyən təəccüblənmərəm. Çünki cəmiyyətimizdə bu cür düşünən xeyli anlaqsız insan var və milli erməniçiliyin də əsas bazasını onlar təşkil edirlər. Halbuki, bu gün hər bir Azərbaycan insanının daxildəki davranışı dövlətimizin xaricdə apardığı ağır mübarizənin prinsiplərinə zərrə qədər də olsa zərər yetirməməlidir.

Maraqlıdır ki, həmişəki kimi populizmlə məşğul olan bu milli erməniçilər və onlara züy tutanları əslində qələbəmizin masştabını anlamaqda çətinlik çəkən və məğlubiyyət mazoxizmini yaşayanlardır. Bizim qalib xalqın övladları kimi acılarımızı da, faciələrimizi də, fəlakətlərimizi də anmalıyıq, şəhidlərimizi hər zaman başımızın üstündə tutmamız önəmlidir, ancaq qısasçılığa, erməni fobiyasına özümüzü qapdıraraq böyük qələbəmizin nəticələrini öləziləşdirməyə haqqımız yoxdur. Bu xalq qələbə qürurunu daşımağa layiqdir! Əsrlər boyu olduğu kimi matəm, məğlubiyyət, mərsiyə duyğusunu həyat idealına çevirməyə layiq deyil bu xalq!

Milli erməniçilik virusunu yayanların da arzuladığı məhz bu məğlubiyyət mazoxizmidir! Realist dövlətçi cinahı məhz indi daha qətiyyətlə canlandırmalıyıq! Xalqın öz qələbəsinin sahibi kimi, öz dövlətinin, öz prezidentinin humanizm və sülh çağırışlarına dəstək verməsi üçün bu vacibdir.

 

Fazil Mustafa,
Millət vəkili
fazil-mustafa.jpg (30 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR