İnsanlara hürriyət, millətlərə istiqlal!

Metronun “Əhmədli” stansiyasının çıxışında qanunsuz taksi fəaliyyəti: Niyə tədbir görülmür? - VİDEO

“Bakı Metropoliteni” QSC-nin “Əhmədli” stansiyasının çıxışında olan qanunsuz taksi fəaliyyəti yolu iflic edir. 

Nəticədə isti havada insanlar tıxacda qalırlar. Həmin ərazidə avtobus zolağı olsa da, taksi sürücüləri buna əhəmiyyət vermirlər. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə taksi sürücüləri qanunsuz şəkildə avtobus dayanacaqlarını zəbt edirlər:

“Bu da İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq dayanma-durma tələbində qayda pozuntusudur. Bu zaman həmin sürücülər 40 manat məbləğində cərimə edilirlər. Bizim qurum tərəfindən mütəmadi olaraq əraziyə nəzarət olunur. Yol Patrul Xidməti əməkdaşları ərazidə xidmət aparan zaman və avtomatik rejimdə xüsusi texniki kameralar vasitəsilə cərimələr tətbiq olunur”.

O qeyd edib ki, paytaxt ərazisində qayda pozuntuları içində ən yüksək statistika dayanma-durma qaydalarının pozulmasıdır.

Nəqliyyat üzrə ekspert Adil Nəbiyev isə Oxu.Az-a açıqlamasında bildirib ki, “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarının qarşısı bu vəziyyətdədir:

“Metronun “Əhmədli” stansiyasının qarşısındakı yolun hər iki tərəfində qanunsuz şəkildə taksilər dayanır və yolu iflic edirlər. Həmin yoldan üzü metronun “Xalqlar Dostluğu” istiqamətinə gələn yolda avtobus zolağı, dayanma-durma nişanı olsa da, əhəmiyyət qoyulmur. Qanunsuz dayanan taksi sürücüləri 40 manat cərimələnməlidirlər. Təəssüf ki, buna göz yumulur. Nəticədə vəziyyət  belə acınacaqlıdır. Orada avtobus zolağına əhəmiyyət verən yoxdur. Hətta oraya zibil yeşikləri qoyublar”.

Ekspert qeyd edib ki, həmin yoldan üzü “Ukrayna dairəsi”nə gedən istiqamətdə “Giriş qadağandır” nişanı var:

“Ora nə  taksi, nə də avtobus girə bilməz. Amma avtobuslara hərəkət etmək üçün qeyri-qanuni icazə verirlər. Eyni zamanda, taksi sürücüləri də o yolda qanunsuz dayanırlar. Həmin sürücülərə 40 manat cərimə yazılsa, bir-iki manata görə orada dayanıb, müştəri aparmazlar.

Necə olur ki, orada qanunsuz dayanan taksi sürücüsünə cərimə yazılmır, amma vətəndaş gəldikdə avtomatik cərimə yazılır? Deməli, kiməsə (kimlərəsə) rüşvət verilir ki, bu cür hallara göz yumulur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR