İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Komitə katibinin yaratdığı Ağsaqqallar Şurası - indi işi nə?

İmam Mustafayevdən Eldar Quliyevədək..; Tural Abbaslı: “Onların fəaliyyəti həqiqətən ”ağsaqqallıq" anlayışına uyğundurmu, doğrudanmı vətənin, millətin bu günü və gələcəyi barədə düşünürlər?"

İmişli rayonunda keçirilmiş 9 may tədbirində keçmiş SSRİ bayrağının qaldırılması və iştirakçıların sinəsinə Rusiya imperiyasının rəmzi olan “Georgi lenti”ni taxması ətrafında müzakirələr davam edir. Bəllidir ki, ictimai qınağın artdığını nəzərə alıb tədbirin təşkilatçısı - rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovu vəzifədən azad ediblər. Azərbaycan Ağsaqqallar Şurası bu gün onun əvəzinə Vahid Tağıyevi İmişli rayon Ağsaqqallar Şurasının sədri seçib. Amma məlum olub ki, Vahid Tağıyev də Sarıxanlı kəndindəki SSRİ bayrağının fonunda keçirilmiş məlum tədbirin təşkilatçılarından olub.

Ağsaqqallar Şurası 1989-cu ildə Azərbaycan SSR Kommunist Partiyası MK-nn birinci katibi İmam Mustafayev  tərəfindən təsis olunub.  1990-cı ildə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. 1998-ci ildə İmam Mustafayevin  vəfatından sonra akademik Budaq Budaqov  1998-2012-ci illərdə sədrlik edib. 2012-2020-ci illərdə Fəttah Heydərov  rəhbərlik edib. 2020-ci ildə Eldar Quliyev qurultayda sədr seçilib.

 “Biz 5-10 gündən sonra İmişli rayon Ağsaqqallar Şurasında seçki keçirəcəyik. Vahid Tağıyev müvəqqəti təyin olunub. Biz hətta istəyirik ki, orada şura üzvlərinin tərkibini də dəyişək”.

ELDAR QULİYEV – 73 - AZƏRBAYCAN RESPUBLİKASI AĞSAQQALLAR ŞURASI

Eldar Quliyev

Bunu Unikal.org-a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev deyib. Deputat sayt əməkdaşının “Vahid Tağıyevin də tədbir zamanı sinəsində "Georgi lenti" olub" sözlərinə belə cavab verib: “Onların hamısında o lent olub. Ağılları ora qədər işləyir. Biz növbəti həftə orada seçki keçirib, onları dəyişəcəyik. Mən axtarıram ki, həmin "Georgi lenti"ni bunlara kim verib. Biz fərziyyələrlə yaşaya bilmərik. Onlar bu nöqsanı törədiblər. Biz bu günaha görə onları cəzalandırmışıq. Biz Salehi həm sədrlikdən, həm də şuradan çıxarmışıq. Digərləri ilə bağlı da tədbir görəcəyik. O, nə qədər imkanlı olsa da, biz icazə verə bilmərik ki, Azərbaycan bayrağının yanında SSRİ bayrağı olsun".

Qeyd edək ki, bu qurum yaşlı nəslin həyat təcrübəsinin, dövlətçiliyə, milli kimliyə və vətənə bağlılıq hissinin gənc nəslə çatdırılması, ailə dəyərlərinin təbliği, gənclərin tərbiyəsi, milli-mənəvi ideologiyanın qorunması və yayılması sahəsində maarifləndirici tədbirlərin görülməsi, sosial proseslərə münasibət bildirərək bəzən dövlət strukturlarına və ictimaiyyətə rəy təqdim etmək, ictimai rəyi yönləndirmək, milli bayramların, mərasimlərin, dini və qeyri-dini ənənələrin yaşadılması, regionlarda milli-mədəni irsin qorunması üçün təşəbbüslərlə çıxış etməsi üçün yaradılıb. Bəs bütün bunlar qurumun fəaliyyətində öz əksini tapa bilirmi? Bəziləri hesab edir ki, Ağsaqqallar Şurası bir çox hallarda real fəaliyyət göstərmir, yalnız formal bəyanatlarla gündəmdə qalır və bu baxımdan qurumun ümumiyyətlə ləğv edilməsi daha uyğundur.

Dini təhsilə vəsaiti daha çox artırmalıyıq - Fazil Mustafa

 Fazil Mustafa 

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Məndə olan məlumata görə, orada abidəni təmir ediblər və həmin abidənin açılışında iştirak ediblər. Bu, əvvəldən qoyulmuş bir abidədir. Yerli Ağsaqqallar Şurası müəyyən vəsait ayırıb onu təmir edib ki, oradakı insanların müəyyən tələbləri qarşılansın. Bundan başqa, orada hansısa xüsusi bir çağırış da olmayıb. Sadəcə, hansısa simvol sovet dövrünün bir hadisəsinin qeyd olunması baxımından orada yanlış olaraq yerləşdirilib. Elə 9 mayın özü də sovet nostalgiyasının dirilməsi deməkdir. Yəni ümumilikdə bizim bu günü qeyd etməyimizin özü də sovet duyğularının müəyyən dərəcədə xatırlanması anlamına gəlir. Halbuki bizim öz qələbəmiz, Şuşanın işğaldan azad olunması günü - Zəfər bayramımız var. O baxımdan, məsələlərə dərindən yanaşsaq, görərik ki, qeyd etdiyimiz bəzi bayramların da müəyyən dərəcədə problematik tərəfləri var. Bu baxımdan məsələyə, məncə, bir qədər fərqli, daha çox o kontekstdən yanaşmaq lazımdır ki, həmin bölgələrdə xurafatın və cəhalətin inkişafı baxımından bu hadisələr necə qiymətləndirilməlidir. Əsas məsələ də odur ki, bunun qarşısının alınması üzərində düşünülməlidir”.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

 Tural Abbaslı

AĞ Partiya sədri Tural Abbaslı qeyd edib ki, Azərbaycanda bir çox qurumlar var ki, təməli sovet dövründə qoyulub və hələ də bəziləri fəaliyyətini davam etdirir: “Burada biz daha çox nəyə diqqət yetirməliyik? Bu qurumlar bizim inkişafımıza, müasir dövrdəki tərəqqimizə, dövlət və millət olaraq daha yaxşı istiqamətdə irəliləməyimizə xidmət edir, yoxsa etmir? Hesab edirəm ki, qurumları qiymətləndirərkən təkcə onların sovet dövründə və ya müasir zamanda yaradılmasına deyil, həm də onların indiki dövrdəki faydalılığına baxmaq lazımdır. Məsələn, müasir dövrdə yaradılan çoxsaylı strukturlar var ki, onların ləğvi daha məqsədəuyğun olardı. Azərbaycan xalqı tarix boyu ağsaqqalı - böyük, təcrübəli insanı həmişə dəyərli bilib. Məhkəmələr olmamışdan əvvəl hər bölgədə bir ağsaqqal olub və həmin şəxslərin ədalətin bərpasında sözləri həlledici olub, söz sahibi sayılıblar. Əslində belə baxanda, "Ağsaqqallar Şurası" adlı bir qurumun olması yaxşıdır, zərərli deyil. Çünki bir daha vurğulayıram ki,  bu, tövsiyə xarakterli bir qurumdur. Eyni zamanda adət-ənənələrimizin, keçmişimizin qorunması və gələcəyə ötürülməsi baxımından da ağsaqqallar institutunun mövcudluğu vacibdir.

Lakin sual budur: bugünkü Ağsaqqallar Şurası bu dediyimiz meyarlara cavab verirmi? Onların fəaliyyəti həqiqətən “ağsaqqallıq” anlayışına uyğundurmu? Onlar doğrudanmı vətəninin, millətinin bu günü və gələcəyi barədə düşünürlər? Onların dövlətə və millətə canı yanırmı? Yoxsa bu şurada təmsil olunanlar mövqe və maraqları naminə fəaliyyət göstərirlər, şəxsi rifahlarını və bizneslərini yaxşılaşdırmaq üçün bu qurumdan istifadə edirlər? Məncə, bu, həmin qurumda təmsil olunan şəxslərin problemidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, rəhbərlikdən tutmuş digər üzvlərə qədər analiz etsək görərik ki, bir çoxları daha çox şəxsi maraqlarına xidmət edir, nəinki ağsaqqallıq prinsipinə.

Ona görə də qurum qalmalıdır, amma orada ciddi islahatlar aparılmalıdır. Mümkündür ki, nizamnaməsində dəyişiklik edilsin. Ağsaqqallar Şurası siyasi mövqe nümayiş etdirməməlidir. Onlar gənclərlə işləməli, gənclərə tövsiyələr verməli, cəmiyyətdəki neqativ hallarla öz imkanları çərçivəsində mübarizə aparmalıdırlar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR